Əsas Səhifə > Partiya, Güney Press > “Əsgərlərimiz düşməni başa salacaq ki, o hansı "hörmətə" layiqdir”
“Əsgərlərimiz düşməni başa salacaq ki, o hansı "hörmətə" layiqdir”9-02-2015, 11:19 |
Son aylar Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində gərginliyin artması, düşmənin diversiya-kəşfiyyat fəaliyyətinin güclənməsi, iriçaplı silahlardan istifadənin adi hala çevrilməsi və s. Qarabağ müharibəsinin istənilən an alovlana biləcəyi ilə bağlı proqnozların meydana çıxmasına səbəb olmaqdadır. Hansı ki, bəzi politoloq və millət vəkilləri hesab edir ki, Ermənistanın əsas himayədarı sayılan Rusiyanın ağır iqtisadi böhran yaşadığı və Ukraynadakı hərbi əməliyyatlarda yer aldığı bir zamanda Qarabağda müharibənin başlanması Azərbaycanın marağına cavab verir. Maraqlıdır, cari ilin 12 noyabr tarixində düşmən helekopterinin məhvindən sonra həm psixoloji anlamda da yeni bir müstəviyə keçən cəbhəboyu gərginlik yeni bir müharibəyə səbəb ola bilərmi? Doğrudanmı Azərbaycan Rusiyanın başının Ukraynadakı müharibəyə qarışmasından istifadə edib Qarabağ uğrunda çoxdan gündəmə gətirdiyi “ildırımsürətli müharibə” ssenarisini reallaşdırmalıdır? Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, münaqişə həll olunmadığı müddətdə savaş ehtimalı yüksək olaraq qalsa da, indiki zamanda belə bir müharibənin reallaşması o qədər də inandırıcı görünmür: “Son vaxtlar cəbhə xəttinin müxtəlif istiqamətlərində, xüsusən də Ermənistanla həmsərhəd olan Qazax, Tovuz istiqamətində düşmənin azğınlaşması müəyyən narahatçılıqlar yaradır. Çoxları bunun yenidən müharibənin alovlanmasına gətirib çıxaracağını düşünürlər. Mən dəfələrlə qeyd etmişəm ki, nə qədər ki, bu münaqişə həlini tapmayıb, belə bir riskin olmasını istisna etmək olmaz. Amma bəzli obyektiv səbəblərdən düşünmürəm ki, belə bir ciddi toqquşma, əsl müharibəni xatrıladan dinamik hərəkət müşahidə olunsun. Olsa-olsa qısa müddətli atışmalar və mövqe üstünlüyü ilə müşayət olunan atışmalar, gərginliklər ola bilsin. Bundan o tərəfə keçə biləcək bir nəyinsə olacağını düşünmürəm”. Ü.Cəfərovun sözlərinə görə, rəsmi Bakının aktiv hərbi əməliyyatları bərpa etmək niyyəti varsa, böyük ehtimalla bu niyyətini Avropa Yay Olimpiya Oyunlarından sonra reallaşdıra bilər: “Yenə də qeyd etmək istəyirəm ki, əgər Ermənistan tərəfi öz azğınlığını bundan sonra da davam etdirsə, yəqin ki Avropa Yay Olimpiya Oyunlarından sonra, ola bilsin Azərbaycan tərəfi lazım olan addımlara əl atacaqdır”. Ekspert cəbhə xəttindəki gərginliyin artmasında Rusiyanın əhəmiyyətli “xidmətlərə” malik olduğunu və bu həqiqətin hər kəs tərəfindən anlaşıldığını vurğuladı: “Sözsüz ki, son vaxtların gərginliyinin yaranmasında Rusiyanın şəksiz rolu və "xidməti" var. Hamı gözəl bilir ki. Ermənistan kimdir ki, biz qarşı nə isə edə bilsin. İndi Ukraynada üzləşdiyi bəlli ağılsızlıqlara görə, yəqin ki, diqqəti özündən yayındırmaq üçün erməni vassalarından da istifadə etməyə çalışır və istifadə edir. ATƏT çərçivəsində də guya münaqişənin ədalətli şəkildə həll ediləcəyinə də özümüzü aldatmamalıyıq”. Ü.Cəfərovun qənaətincə, Qarabağ probleminin həllində son, həlledici söz məhz Azərbaycan əsgərinə məxsusdur: “Son sözü yenə əsgərlərimiz deyəcək. Onların mükəməll hazırlığı və yüksək döyüş hazırlığı mənfur düşməni başa salacaq ki, o hansı "hörmətə" layiqdir. Üstümüzə saf olmayan niyyətlə gəlmiş, uzun illər doğma torpaqlarımızı işğal altında saxlayan yağılar, elə layiq olduqları cəzanı da almalıdırlar və alacaqlar inşallah”. Ekspert Rusiyanın başının Ukraynaya qarışmasından yararlanmağa çalışanların istəyini də anladığını qeyd etdi. Ü.Cəfərov yaxın gələcəkdə bütün bu nigarançılıqlara son qoyulacağına ümidvar olduğunu bildirdi: “Cəmiyyətdə Rusiyanın başının Ukrayna probleminə qarışdığı üçün indiki zamanda müharibənin başlanmasının Azərbaycana sərf edəcəyini düşünənləri də anlayıram və yəqin ki, tez bir zamanda bu nigarançılığımıza da son qoyulmasını arzu edirəm. Hər halda müharibə etmək, öz ərazi bütövlüyünü bərpa etmək haqqı bizimdir və müstəqil dövlət kimi bu istiqamətdə güclərimizi artırmalıyıq”. Geri qayıt |