Əsas Səhifə > Partiya, Güney Press > “Müəyyən səbəblərdən dieta saxlayıram”

“Müəyyən səbəblərdən dieta saxlayıram”


14-02-2015, 09:51
“Müəyyən səbəblərdən dieta saxlayıram”
Onunla müsahibəyə xəbərsiz getmişdik. Adətən siyasilər təyin olunmamış görüşlərə demək olar ki, nadir hallarda razılıq verirlər. Bəlkə də Arif bəyin ixtisasca jurnalist olması bu yerdə bizim köməyimizə çatdı. “Müsavat” başqanı Arif Hacılı Hafta.az-ın “Polit-10”nunu şəxsi otağında çox gülərüz qarşıladı. Arif bəyi bir neçə saatlıq uşaqlığından bu gününə "səyahət" etdirdik. Elə o xəyali səyahətdə onun bir jurnalist məsləkdaşı da vardı.

- Arif bəy, necə ailədə doğulmusunuz? Sizdə elmə, biliyə maraq haradan qaynaqlanıb?

- Müəllim ailəsində doğulmuşam. Atam 45 yaşında dünyasını dəyişib. Kənd məktəbində oxumuşam. Ümumi dolanışıq səviyyəmiz orta, bəzən də orta səviyyədən də aşağı olub. Ziyalı ailəsi olmuşuq. Elmə meyilli olmağımızla fərqlənmişik. Böyük bacım və qardaşlarım da ali təhsillidirlər. Qardaşım Vaqif Hacıbəyli ilə mən Bakı Dövlət Universitetini bitirmişik. Bacım Tibb İnstitutunun diplomunu alıb. Balaca qardaşım Mustafa isə Politologiya İnstitutunu başa vurub. Anamız evdar qadın idi. Atam dünyasını dəyişəndən sonra tütünçü işləyirdi. Bir sözlə, sadə ziyalı ailəsi olmuşuq.

- Sinif yoldaşlarınız arasında tanınmış insanlar varmı? Məktəb yoldaşlarınızla indi də əlaqə saxlayırsınızmı?

- Sinif yoldaşlarım arasında respublika miqyasında tanınmış elə bir adam yoxdur. Amma onlarla hər zaman sıx əlaqə saxlayıram. Məktəb yoldaşlarım arasında respublikada tanınan, bizdən yaşca balaca olan Musa və Qurban Qurbanovlarla müxtəlif illərdə eyni məktəbdə oxumuşuq. Vaqif Hacıbəyli də məndən bir sinif yuxarı təhsil alıb. Mustafa Hacıbəyli başqa məktəbdə oxuyub.

- Tələbəlik illərinizi, müəllimlərinizi necə xatırlayırsınız?

- Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxumuşam. Bizim təhsil aldığımız dövrdə jurnalistika fakültəsi indiki Əlyazmalar İnstitutunun binasında yerləşirdi. Tələbəlik illərimiz də elə oralarda keçib. Tənəffüs zamanı yığışdığımız yerdə indi Xalq Cümhuriyyəti fədailərinə abidə qoyulub. Yaxşı müəllimlərim olub. Famil Mehdi, Qulu Xəlilov, Şirməmməd Hüseynov, Nüşabə Sadıxlı, Cahangir Məmmədov kimi müəllimlərimi bu gün də minnətdarlıqla xatırlayıram. O dövrdə jurnalistika fakültəsi universitetin öz daxilində sayılıb-seçilirdi. Rüşvətxorluq yox idi. Müəllimlər tələbələrin savadına uyğun olaraq qiymət yazırdılar.

- Tələbəliyiniz həm də Meydan hərəkatına təsadüf etdi. Sovet milisinin dəyənəkləri heç sizə də tuş gəldimi?

- Hərəkatın ilk qığılcımları bizim təhsil aldığımız universitetin həndəvərində oldu. İlk iştirak etdiyim mitinq 1988-ci ilin 15 noyabrında Sabir bağında olub. Təxminən bir neçə yüz adam vardı. Qısa müddət davam etdi. Növbəti mitinq ayın 16-da yenə də Sabir bağında oldu. 16-dakı aksiyaları polis zorakılıqla dağıtdı. Həyatımda ilk dəfə polis zorakılığına məhz həmin mitinqdə məruz qaldım. Dəyənəklə kürəyimə çoxlu zərbələr endirmişdilər. Bu zərbələrin izləri qalmışdı. Həmin dövrdə mən Biləcəri Dəmiryolu Yataqxanasında yaşayırdım. Polisin kürəyimə vurduğu o izləri yataqxana yoldaşlarıma çox fəxrlə göstərirdim. Ayın 17-də başlayan mitinqlərin birinci günündən sonuncu gününə kimi iştirak etmişəm.

- Tələbə olduğunuz dövrdə ən çox hansı kitablar populyar idi? Gənclik daha çox nələri oxuyurdu?

- Yenidənqurma prosesi elə bizim tələbəliyimizin ilk illərinə təsadüf etdi. İsa Qəmbərin Zori Balayana cavabı makinada çıxmışdı. Vərəqələrdə tələbələr arasında paylanaraq populyarlıq qazanmışdı. Eldar Baxışın Zori Balayan haqqında bir şeiri vardı. O da çox məşhur idi. Sonrakı illərdə Sabir Rüstəmxanlının “Ömür kitabı” böyük rezonans doğurmuşdu. Oljas Süleymenovun “Az i ya” əsəri də çox populyar idi. Tələbələr arasında çox oxunurdu.

- Tələbəlik illərinizdən yadda qalan ən maraqlı xatirəniz hansıdır?

- Yenidənqurma dövründə açıq düşüncəli müəllimlərimiz çəkinmədən "Müsavat" hakimiyyətindən, Azərbaycanın müstəqilliyindən, təkpartiyalı sistemin düzgün olmamasından danışırdılar. Həmin vaxt tələbə yoldaşlarımdan biri Şirməmməd müəllimə sual ünvanladı. Dedi ki, deyəsən siz onları tərifləyirsiniz, təbliğ edirsiniz. O da sovet dövrü olmasına baxmayaraq bəli, tərifləyirəm dedi. Təbii ki, o dövrdə belə sözləri səsləndirmək olduqca təhlükəli idi. Çünki hələ meydan hərəkatı başlamamışdı.

- Bir çoxları 20 Yanvar hadisələrində Azərbaycan Xalq Cəbhəsini də günahlandırır. Bəziləri hesab edir ki, Xalq Cəbhəsi əliyalın insanları sovet hərbçiləri ilə toqquşmalardan çəkindirməli idi. Bunu etmədikləri üçün qırğın çox oldu...

- 20 yanvar hadisələri sadə hadisələr deyildi. Həmin olaylar haqqında bu cür primitiv düşüncələr yanlışdır. O olaylar bəşəriyyət tarixinin inkişafına təsir etmiş hadisələrdəndir. Bundan sonra sovet hakimiyyətinin qorunub saxlanmasının mümkünsüzlüyü ortaya çıxdı. Ona görə də 20 Yanvar hadisələrində şəhid olmuş Azərbaycan övladları bir çox sovet xalqlarının azadlığa çıxması yolunda öz canlarını vermiş insanlardır. Həmin dövrdə Xalq Cəbhəsinin rəhbər strukturlarında parçalanma mövcud idi. Milli Müdafiə Komitəsi yaranmışdı. Yeni idarə heyəti hadisələrdən on gün əvvəl formalaşmışdı. Bütün siyasi prosesləri idarə etmək üçün faktiki olaraq tam hazır deyildi. Amma bütün bunlara baxmayaraq, xalq cəbhəsinin üzvləri televiziyanın, "20 Yanvar" metrosunun, “Salyanski kazarma”ların qabağına toplaşmış əliyalın insanları sovet ordusu əsgərləri ilə toqquşmalardan yayınmağa çağırırdı. Elə ona görə də itkilərin sayı xeyli az olmuşdu. Mən o zaman Zaqatalada fəaliyyət göstərirdim. Oradakı Xalq Cəbhəsinin sədri idim. Loqodexidə yerləşən hərbi hissə Zaqatalaya gətirilmişdi. Ancaq oradakı proseslər Bakı şəhərində olduğundan daha sadə idi. Biz vəziyyəti duyduq və erməni “poqrom”larının baş verməsinə imkan vermədik.

- Milliyyətinizi soruşanda özünüzü necə təqdim edirsiniz?

- Mən türkəm. Məncə, azərbaycanlı deməkdə də bir qəbahət yoxdur. Çünki hər kəs azərbaycanlı deyiləndə söhbətin burada yaşayan Azərbaycan türklərindən getdiyini bilir.

- Arif bəy, sizin üçün demokratiya nədir?

- Demokratiya ilk növbədə birgə yaşama qaydasıdır. Cəmiyyəti idarə etmək üçün hələlik kəşf olunmuş ən səmərəli idarə üsuludur. Demokratiya dedikdə ilk növbədə şüurlarda azadlıq canlanır. Hesab edirəm ki, insan üçün ən ümdə dəyər azadlıqdır. Buraya fərdin, toplumun, millətin və dövlətin azadlığı aiddir. Azadlıq uğrunda mübarizə apardığım bu illər ərzində azadlığın insan üçün necə dəyərli bir nemət olduğunu anladım. Həbs olunduğum zamanlarda da bunu əyani şəkildə gördüm.

- Arif bəy, bir çoxları Şuşa və Laçının işğalında o zaman hakimiyyətdə olmamasına baxmayaraq, Xalq Cəbhəsini günahlandırır. Buna münasibətiniz...

- Qələbəyə sahib çıxan çoxdur, ancaq məğlubiyyət yetimdir. Belə bir deyimimiz var. Birinci Qarabağ müharibəsi illərində Azərbaycan Ordusunun ciddi uğurları da olub. Gəncəətrafı məntəqələr, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əraziləri, Ağdərə rayonunun yaşayış məntəqələri erməni tapdağından azad edilmişdi. İndi o dövrdəki əməliyyatlara çox qısa bir müddət ərzində qatılmış insanlar da bu uğurları öz adları ilə bağlamağa çalışırlar. Ancaq ərazilərimizin itirilməsinin səbəblərini hər kəs başqalarının üzərinə atmağa səy göstərirlər. 1992-ci ildə Xalq Cəbhəsinin təşəbbüsü ilə biz ölkədə milli birlik yaratmağa çalışdıq. Həmin dövrdə prezident olan Ayaz Mütəllibova Xocalı, Şuşa və Laçının işğallarının qarşısının alınması üçün Milli Müdafiə Konsepsiyası təqdim etdik. Millət vəkilləri olaraq o zamankı hakimiyyətə “Vətən müharibəsi” modeli təklif etdik. Xocalının sonrakı mərhələlərdə Şuşa və Laçının qorunması üçün atılacaq addımlardan danışdıq. Azərbaycan Xalq Cəbhəsi torpaqlarımızın müdafiəsi üçün çox ciddi işlər görüb. AXC-nin siravi üzvü olduğum dövrlərdə keşikçi, siravi döyüşçü, müəyyən müdafiə qruplarının rəhbəri kimi fəaliyyət göstərmişəm. Ağdamın Cinli kəndinin, Hadrut rayonunun Axullu kəndinin azərbaycanlılar yaşayan hissəsində bilavasitə səngərlərdə olmuşam. Arkadi Volskinin Xüsusi Komitəsinin Qarabağda fəaliyyət göstərdiyi dövrdə Martuni rayonundakı rus birləşmələri tərəfindən tutulub saxlanılmışam. Mənimlə birlikdə Axullu kəndindən qayıdan zaqatalalı mülki şəxslər də döyüşçü adı altında həbs olunublar. Bir neçə gün Martunidəki Sayat Nova mədəniyyət evinin zirzəmisində saxlanmışıq. Ermənilər ora gələrək gecə bizi güllələyəcəkləri ilə hədələyirdilər. Xalq cəbhəsi üzvləri rus birləşmələrinə rüşvət verərək bizi oradan qaçırdılar. Həyatımız xilas edildi. O zamankı hakimiyyət isə bizim müqavimətlərimizə maneçilik törədirdilər. Təəssüf ki, 92-ci ildə Azərbaycanda hakimiyyətə gəlməyə can atan daxili qüvvələrin, o cümlədən, ölkədə sabitliyin pozulmasında maraqlı olan dövlətlərin Ermənistanın, İranın sayəsində ölkədə qarışıqlıq yaradılmışdı. Eyni zamanda, bəzi qoçu dəstələri Mütəllibovun yenidən hakimiyyətə gəlməsi üçün canfəşanlıq edirdilər. Bütün bunlar fikri müdafiə işindən yayındırırdı. Şuşanın müdafiəsi zamanı Şuşa batalyonunun komandiri Ramiz Qəmbərov öldürüldü. Batalyon zəiflədildi. Biz isə Ramiz Qəmbərovun batalyonunu yenidən gücləndirilməsi üçün xeyli iş gördük. Ərazilərin işğalına görə, məsuliyyət ilk növbədə ali baş komandanın, hakimiyyətin üzərinə düşür. Ancaq hesab edirəm ki, Qarabağ savaşı Vətən müharibəsidir. Həmin dövrdə fəaliyyət imkanları olan hər kəs Şuşanın və Laçının müdafiəsinə görə məsuliyyət daşıyır.

- Müsavat Partiyası 2015-ci ilin seçkilərinə hansı seçki platforması ilə qatılacaq? Şanslarınızı necə qiymətləndirirsiniz?

- Müsavat Partiyası 2015-ci ilin parlament seçkilərinə xüsusi önəm verir. Biz 2015-ci ildə Azərbaycanda siyasi vəziyyətin köklü surətdə dəyişməsi imkanlarının olduğunu görürük. Ciddi siyasi fəallaşma mümkündür. Müsavat Partiyası olaraq çalışacağıq ki, ölkədə baş verən proseslərin Azərbaycan cəmiyyətinin maraqlarına uyğun istiqamətə yönətməyə nail olaq. İştirak etdiyimiz bütün seçkilərdə Yeni Azərbaycan Partiyası istisna olmaqla, bütün digər siyasi partiyalardan həmişə çox səs toplamışıq. Bu da Müsavat Partiyasının Azərbaycan siyasi cəmiyyətinin əsas aparıcı partiyalardan olduğunu təsdiq edir. Siyasi partiyaların gücü gurultulu bəyanatlarla yox, seçkilərdə topladığı nəticələrlə ölçülür. Əminəm ki, 2015-ci ildə də belə olacaq. Seçkilərdə seçicilərin böyük əksəriyyətinin səsini qazanmağa nail olacaq. Biz bu seçkilərdə seçkiqabağı demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində islahatların aparılması istiqamətində fəaliyyət göstərən bütün qüvvələrlə funksional əməkdaşlıq etməyə hazırıq. Eyni zamanda, hədəfləri Müsavat Partiyasının hədəfləri ilə üst-üstə düşən real siyasi müxalifət partiyaları ilə seçki blokunun yaradılması imkanlarını araşdırırıq. Bizdən asılı olmayan səbəblərdən hər hansı bir blokun yaradılması mümkün olmayacaqsa, partiya təkbaşına bu seçkilərdə iştirak edəcək. Biz bu seçkilərə ciddi surətdə hazırlaşırıq. Artıq namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Seçki günü fəaliyyət göstərəcək insanların siyahılarının tutulması, onlara müəyyən təlimatların verilməsi istiqamətində də fəaliyyətimiz başlayıb.

- 8-ci qurultaydan sonra Müsavat Partiyasının çökdüyünü, parçalandığını düşünənlər var...

- Müsavat Partiyasının parçalanması bizi özünə rəqib sayanların arzusudur. Son 20 ildə dəfələrlə Müsavat Partiyasının çökməsi, parçalanması və ya yaxın zamanlarda parçalanacağı haqqında bəyanatlar verilib. Bu bəyanatlar heç zaman özünü doğrultmayıb. Müsavat Partiyasının 8-ci qurultayı Azərbaycan siyasət tarixi üçün mühüm bir hadisə oldu. İlk dəfə olaraq seçki komissiyası təşkil edilməklə, əvvəlcədən seçki kampaniyaları aparılmaqla demokratik seçkilər keçirildi. Müsavat Partiyasının özündə bundan əvvəl belə seçkilər keçirilməyib. Bir nəfərin iki dəfədən artıq seçilməsinə qoyulan yasağa əməl etdik. Əvvəlki “Müsavat” başqanı namizədliyini irəli sürmədi. Təbii ki, demokratik idarəçiliyin üstün cəhədləri ilə yanaşı müəyyən fəsadları da var. Təəssüf ki, bu fəsadlar Müsavat Partiyasını istəməyən bir sıra qəzet və media orqanları tərəfindən şişirdilir. Bu prosesin içində parçalanmanın olduğu bildirilir və bəzən də bu əməllər uğurla nəticələnir. Səkkizinci qurultaydan sonra 29 nəfər Müsavat Partiyasını tərk edib. 6 nəfər isə partiyanın müxtəlif strukturlarından azad olunub. Bu müddət ərzində partiyaya daxil olanların sayı dəfələrlə çoxdur. Belə olan halda parçalanmanın baş verməsi ilə bağlı fikirlərin heç bir əsası yoxdur.

- Azərbaycan mətbəxindən hansı milli yeməklərimizi daha çox xoşlayırsınız?

- Müəyyən səbəblərdən dieta saxlayıram. Azərbaycan mətbəxinin bütün ləziz yeməklərini sevirəm. Duru xörəklərdən köz üzərində olan yeməklərə qədər hamısını xoşlayıram. Plovu, düyü yeməklərini çox sevirəm.

- Arif bəy, dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun.

- Buyurun, siz də sağ olun.

Geri qayıt