Əsas Səhifə > Partiya, Güney Press > "Biz hesab edirik ki, əgər iqtidar-müxalifət görüşündən söhbət gedirsə"...

"Biz hesab edirik ki, əgər iqtidar-müxalifət görüşündən söhbət gedirsə"...


18-02-2015, 10:00
"Biz hesab edirik ki, əgər iqtidar-müxalifət görüşündən söhbət gedirsə"...
Müsavat Partiyasının Divanı hakimiyyətin siyasi partiyalarla əlaqələrin qurulması istiqamətindəki son təşəbbüsləri müsbət qiymətləndirib. Eyni zamanda müzakirə olunacaq mövzuların qabaqcadan müəyyən edilməsi və görüşün formatının Müsavatla əvvəlcədən razılaşdırıldığı halda partiyanın bu prosesdə iştirakı mümkün hesab edilib.

Qeyd edək ki, bir neçə gün öncə Müsavat başqanı Arif Hacılı “Yeni Müsavat”a müsahibəsində bildirmişdi ki, partiyanın görüşlə bağlı irəli sürdüyü iki təklifdən biri qəbul olunub. Qalır ikinci təklif, bu təklif görüşün formatı ilə bağlıdır. Partiyanın Divanının son iclası haqqında açıqlamada da bu məsələ vurğulanır.

Növbəti görüşün aprel ayının birinci yarısı keçiriləcəyi gözlənilir. Əldə etdiyimiz məlumata görə, budəfəki görüşdə mövzu parlament seçkiləri ilə bağlı ictimai-siyasi vəziyyət ola bilər. Müsavat Partiyası isə parlament seçkilərinə hazırlaşan təşkilatdır. Bu baxımdan Müsavatın növbəti görüşdə iştirakı ehtimalı artırmı, gözlənilirmi?

dia-az.life xəbər verir ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Yeni Müsavat”a bildirdi ki, Müsavat görüşün formatı məsələsini təklif edəndə onu nəzərdə tutur ki, proqram və nizamnamələri, tələbləri, istəkləri üst-üstə düşən partiyalarla-real müxalifət təşkilatları ilə görüş tamam başqadır, siyasi partiyalarla görüş tamamilə başqadır: “İndiyə qədər keçirilən iki görüş siyasi partiyalarla hakimiyyət təmsilçisinin görüşü idi. O görüşlərdə müxalif mövqedə olmayan, hakimiyyətyönlü olduğunu açıq şəkildə bəyan edən partiyalar da iştirak edirdilər. Ona görə də bu formatda görüşləri iqtidar-müxalifət görüşü adlandırmaq düzgün deyil. Biz hesab edirik ki, əgər iqtidar-müxalifət görüşündən söhbət gedirsə, format buna uyğun olmalıdır. Məsələn, format belə qoyula bilər ki, Seçki Məcəlləsində dəyişiklik istəyən, seçki komissiyalarının paritet əsasda formalaşmasını istəyən siyasi partiyalarla görüş olsun. Belə olarsa, biz bu məsələni müzakirə edib müvafiq qərar verə bilərik. İndiyə qədər keçirilən görüşlərdəki partiyaların ən azı 10-u seçki məsələsi ilə bağlı hakimiyyətin mövqeyini dəstəkləyən partiyalardır. Həmin partiyalarla görüşüb müzakirə aparılmasının əhəmiyyəti yoxdur. Bu, şəxsi fikrimdir. Bütün hallarda Müsavat Partiyasının strukturları müzakirə edib qərar verəcəklər”.

Əli Həsənovla görüşdə iştirak edən ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, əslində ikinci görüşdə müzakirələrdə format məsələsi də müəyyənləşib: “Optimal bir formatda bu görüşlərin davam elətdirilməsi qərarına gəldik. Müsavatın görüşə qatılmaması da formatla bağlı idi. Artıq format müəyyəndir. Görək necə olur, format Müsavat Partiyasını qane edəcəksə, hər halda, iştirak edəcək. Müsavat formatla bağlı öz təkliflərini də qoya bilər. Mən bu prosesə çox ümidlə baxıram. İqtidar geriyə addım atmasa, bu proses çox əhəmiyyətli siyasi dialoq prosesinə çevrilə bilər. Siyasi dialoq Azərbaycanda ümumi dəyişilmələr üçün zəmin hazırlayacaq əvəzsiz demokratik prosedurdur”.

YAP icra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə bildirib ki, keçirilən görüşlər ilk növbədə müxalifət və fərqli düşünən insanlarda öz fikrini bildirmək, həmçinin polemikada olmaq imkanı ilə ölçülür. Azərbaycanda siyasi qüvvələr arasında belə polemika mühitinin olması müsbətdir: “Vaxtaşırı iqtidarın təşəbbüsü ilə dəyirmi masa formasında görüşlər də keçirilir. Yəni bu öz səmərəliliyini göstərib. Sonuncu müxalifət-iqtidar arasında olan dialoq isə əvvəlkilərdən keyfiyyətinə görə xeyli fərqlənir. Artıq dialoqun müntəzəm olaraq iki aydan bir keçirilməsi və əvvəldən razılaşdırılmış məsələlərin müzakirə edilməsi qərara alınıb. Hesab edirəm ki, bu razılaşma bundan sonra da davam edəcək. İqtidar müxalifləri dinləməyə, onlarla fikir mübadiləsi etməyə həmişə hazır olub. Sonuncu görüş də bunu bir daha göstərdi. Dialoqun keçirilməsi bir siyasi mədəniyyətdir”.

Geri qayıt