Əsas Səhifə > Partiya, Güney Press > “Azadlıq 2015”ə yeni partiyaların qoşulması üçün işlər aparılır”

“Azadlıq 2015”ə yeni partiyaların qoşulması üçün işlər aparılır”


28-02-2015, 16:29
“Azadlıq 2015”ə yeni partiyaların qoşulması üçün işlər aparılır”
“Aparılan təhlillərdən sonra dövlətçiliyimizin mənafeyinə uyğun olan qərarlar qəbul olunacaq”.

Bunu Hafta.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyubi deyib. O, “Azadlıq 2015” blokunun artıq noyabrdakı parlament seçkilərinə sürətli hazırlıqlara başladığını bildirib:

“Azadlıq 2015” seçki bloku ölkədə demokratik mühitin formalaşması məqsədilə yaradılıb. Bura daxil olan siyasi partiyaların da əsas məqsədi budur. 125 seçki dairəsi üzrə yerlərdə vəziyyəti təhlil edirik. Həmin yerlərə daha çox ictimai nüfuzu olan şəxslərin namizədliyinin verilməsi üçün işlər aparırıq. Hər bir seçki dairəsindən seçilmə şansı daha yüksək olan şəxslərin namizədliyini müəyyənləşdirməyə başlamışıq. Hazırda bunun üçün blokun seçki qərargahı da yaradılıb. "Azadlıq 2015"ə daxil olan partiya nümayəndələri də seçki blokuna daxil olublar. Ciddi iş gedir. Yerlərdə dairələr təhlil edilir”.

Xəzər Teyyubi bloka daxil olan partiya nümayəndələrinin 2015-ci il parlament seçkiləri ilə bağlı tez-tez görüşüb, fikir mübadiləsi apardıqlarını da vurğulayıb:

“Bloka daxil olan partiyalar Demokratiya və İnsan Haqları Mərkəzində də bir araya gəlib fəaliyyət göstərirlər. Ölkənin siyasi vəziyyəti müzakirə olunur. Ölkənin nüfuzlu partiya sədrləri burada təmsil olunurlar. Aparılan təhlillərdən sonra dövlətçiliyimizin mənafeyinə uyğun olan qərarlar qəbul olunacaq. Burada heç bir problem yoxdur. Əsas odur ki, parlament seçkiləri ölkəmiz üçün uğurlu olsun. Bunun üçün hər kəs məsuliyyət daşıyır”.

KXCP sədrinin müavini “Azadlıq 2015” blokuna yeni partiyaların qatılmasını da istisna etməyib:

“Hər halda bu istiqamətdə işlər aparılır. Çünki bu istiqamətdə genişlənmə, hamının bir yerdə olması mütləq şəkildə vacibdir. Bu Azərbaycan üçün də lazımdır. Müraciət olunacağı təqdirdə biz bunu müsbət qarşılayacağıq. Kim bloka qoşulmaq istəsə, bu məsələ öz həllini tapar. Yeni partiyaların “Azadlıq 2015” blokuna qoşulmasını gələcək göstərəcək”.

Geri qayıt