Əsas Səhifə > Partiya, Güney Press > "İlham Əliyev çox ağıllı və çevik siyasət yürüdür və o Moskvanı qıcıqlandırmadan öz Qərbyönümlü siyasətini həyata keçirir"
"İlham Əliyev çox ağıllı və çevik siyasət yürüdür və o Moskvanı qıcıqlandırmadan öz Qərbyönümlü siyasətini həyata keçirir"9-03-2015, 10:53 |
Millət vəkili Vahid Əhmədov prezident İlham Əliyevin Bolqarıstana səfərinin nəticələri barədə Moderator.az-ın iki sualını cavablandırıb: -Prezident İlham Əliyevin Bolqarıstan səfəri Azərbaycanın Avropa üçün vazkeçilməz ölkə olduğunu bir daha isbatladı... -Bu barədə bir neçə dəfə fikir bildirmişəm və sizinlə də şərikəm ki, Azərbaycan Avropa üçün çox böyük önəm kəsb edən bir ölkədir. Azərbaycanın qaz layihələri həyata keçirilməyə başlananda dövlət başçısı Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqlinə üstünlük veriləcəyini bəyan etdi və verdiyi sözü tutaraq bu layihənin həyata keçirilməsinə nail oldu. Amma sonradan elə vəziyyət yarandı ki, prezident İlham Əliyevin siyasi uzaqgörənliyi sayəsində qaz layihələrinin şaxələndirlməsi istiqamətində də ciddi addımlar atıldı. Bir müddət sonra isə Avropa ilə Rusiyanın münasibətləri bəlli səbəblərdən pozuldu və Azərbaycan qazı Avropa üçün həyati əhəmiyyət kəsb etməyə başladı. Xatırlayırsınızsa Ukrayna böhranı belə kritik nöqtəyə gəlməzdən öncə Ərdoğan-Putin görüşünün nəticəsi olaraq Rusiya qazının Türkiyə üzərindən Avropaya çıxarılmasını nəzərdə tutan “Türk axını” adlı bir projedən bəhs edilməyə başlanılmışdı. Amma Avropanın Rusiyaya qarşı sanksiyaları sərtləşdirildiyindən Türkiyə bu projedən imtina etmək zorunda qaldı. Daha doğrusu, ciddi böhranla üzləşən Rusiyanın özü bu projeyə sərmayə yatırmaqdan imtina etməli olduğundan “Türk axını”nı tarixin arxivinə gömməyə məcbur oldular. Bu cür həssas dönəmdə dövlət başçısı İlham Əliyev Bolqarıstana səfər edərək rəsmi Sofiya ilə belə bir razılığa gəlindi ki, 2013-cü ildən gündəmdən çıxarılan Nabucco layihəsinin tam hissəsi olmasa da Nabucco-West həyata keçirilsin. Yəni Nabucco projesinin uzunluğu 3200 kilometr nəzərdə tutulurdusa, Nabucco-West təxminən 1300 kilometr məsafəni əhatə edir. Yəni bu proje gerçəkləşdikdə Bolqarıstandan keçməklə Rumıniya, Avstriya kimi ölkələrin qaz ehtiyaclarını ödəməyə imkan verəcək. Təbii ki, Bakı ilə Sofiya arasında belə bir razılığın əldə olunması heç şübhəsiz, Avropa İttifaqının xeyir-duası olmadan mümkün olmazdı. Bəllidir ki, Sofiya Brüssellə məsləhətləşmədən bu cür ciddi danışıqlara getməyə cəsarət etməzdi. Prezident İlham Əliyevsə bu səfərlə çox böyük siyasi gediş etmiş oldu və Azərbaycan qazının Avropa bazarlarına rahat çıxışı üçün daha bir dəhliz qazandı. Çox böyük ehtimalla yaxın gələcəkdə Türkmənistan və hətta İran qazı da bu kəmərlər vasitəsilə Avropaya çıxarılacaq. Nəzərə almaq lazımdır ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar qısamüddətli olmayacaq və Qərb tərəfindən hər ötən gün Moskva daha əlverişsiz duruma salınmağa çalışılacaq. Belə bir situasiyada istər-istəməz Azərbaycanın Avropa üçün önəmi birə beş artacaq. Təbii ki, İlham Əliyev çox ağıllı və çevik siyasət yürüdür və o Moskvanı qıcıqlandırmadan öz Qərbyönümlü siyasətini həyata keçirir. Onun Rusiyapərsət mövqe sərgilədiyini iddia edənlər siyasi cəhətdən səriştəsiz adamlardı və nəzərə almaq laızmdır ki, Rusiyada milyonlarla soydaşımız yaşayır və bu ölkə bir çox parametrlərinə görə Azərbaycanla sıx bağlıdır. Ən azından 70 il eyni dövlətin tərkibində olmuşuq, iqtisadi bağlarımız var, Qarabağ boyda dərdimiz ortada, odur ki, ehtiyatsız bir addım müstəqilliyimizə ciddi təhdidlər yarada bilər. Odur ki, necə deyərlər, dünyanın və yerləşdiyimiz bölgənin indiki qarmaqarışıq zamanında suyu üfürə-üfürə içmək lazımdır və yaranmış şəraitdən maksimim uduşla çıxmaq üçün ehtiyatı da əldən vermək olmaz. Amma Azərbaycan prezidentinin birmənalı Qərbyönümlü siyasət yürütdüyü çılpaqlığıyla ortadadır və heç şübhəsiz, Qərb tərəfindən hər gün bir az da zəiflədilən Moskvada da bununla hesablaşmaq zorundadırlar. -Bir halda ki, İlham Əliyev Avropaya inteqrasiya xəttini götürüb, amma Amerika və Avropanın özündə də rəsmi Bakıya qarşı sanki bir qısqanclıq var, obrazlı desək, bizi daim qapaz altda, gözüqıpıq şəkildə saxlamaq istəyirlər... -Amerikanın çox qəribə siyasəti var, bir tərəfədən sənin önəmli ölkə olduğunla hesablaşıb əməkdaşlıq edir, o biri tərəfdən sanki bu əməkdaşlığın daha da inkişaf etməsini əngəlləmək, bu prosesi tormozlamaq üçün əsas silahını-demokratiya və insan haqlarının vəziyyətini bəhanə edərək sənə yersiz təzyiqlər göstərir. Halbuki bu dəyərlər bütün dünyada qəbul olunsa da Amerikanın, Avropanın özündə də mükəmməl şəkildə bərqərar olunmayıb. Uzağa getməyək, Amerikada qaradərili insanlara qarşı baş verən zorakılıq halları ölkədə geniş narazılıq yaranmasına səbəb olub. Eləcə də Avropanın özündə bu sahədə problemlər az deyil. Yəni bizə nümunə göstərilən ən qabaqcıl Avropa ölkələrində də demokartiya və insan hüquqları sahəsində çoxsaylı problemlərin mövcudluğu ortadadır. Təbii ki, Azərbaycanda da bu sahədə problemlər var, amma onu da nəzərə almaq lazımdır ki, müharibə vəziyyətində, işğala məruz qalmış ölkəyik və cəmisi 24 illik müstəqillik tariximiz var. Mənim müşahidələrimə görə heç də bəzi mətbu orqanlarda iddia olunduğu kimi Azərbaycan-Amerika münasibətlərində soyuqluq yoxdur. Əksinə, mən Vaşinqtonun Bakıya daha da yaxınlaşması istəklərini görürəm və onlar anlayır ki, belə bir ölkə ilə münasibətləri korlamaq çox böyük qəbahət olardı. Hesab edirəm ki, bu münasibətlər getdikcə nizama düşəcək və Azərbaycanın da Avropa ailəsinə ağrısız qovuşması üçün Vaşinqton Bakıya hər cür dəstək verəcək. Ortada Ukrayna dərsləri var və bundan nəticə çıxarmaqla addımlar atılmalıdır. Geri qayıt |