Əsas Səhifə > Partiya, Güney Press > "Amerikanın səfirləri Azərbaycanda inqilab etmək üçün müəyyən qruplarla gizlin işləyib"

"Amerikanın səfirləri Azərbaycanda inqilab etmək üçün müəyyən qruplarla gizlin işləyib"


12-03-2015, 08:47
"Amerikanın səfirləri Azərbaycanda inqilab etmək üçün müəyyən qruplarla gizlin işləyib"
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta barəsində ölkəmizin siyasətçiləri öz fikirlərini söyləyiblər.

Hafta.az-a açıqlamalarında səfirin qısamüddətlik fəaliyyətinə münasibət bildirən siyasətçilərimiz ondan gözləntilərini də açıqlayıblar.

Politoloq Ərəstun Oruclu Hafta.az-a bildirib ki, R.Sekutanın qısamüddətlik fəaliyyətini qənaətbəxş hesab edir:

“Səfirin gəlməzdən əvvvəl müraciəti olub. Ölkəmizə gəldikdən sonra isə o məcburi köçkünlərlə görüşüb. Eyni zamanda, səfir Sekuta Qobustana da səfər edib. Hələlik qeyri-adi hal baş verməyib. Onun Qobustana etdiyi səfər isə normal haldır. Buna siyasi çalar verməyə ehtiyac yoxdur”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə Hafta.az-a söyləyib ki, Sekutanın fəaliyyətindən yaxşı bir şey gözləmir:

“Sekuta hələ ki, müxtəlif görüşlər keçirir. O, başlasın görək məqsədi nədir. Bundan əvvəlki səfirlərin işini Azərbaycanın daxili siyasətinə müdaxilə kimi qiymətləndirirəm. Dəfələrlə demişəm ki, Amerikanın səfirləri Azərbaycanda inqilab etmək üçün müəyyən qruplarla gizlin işləyib. İndiki səfir haqqında isə hələ konkret fikir söyləmək olmaz. Bir neçə dəfə təklif etmişəm ki, görüşək. Ancaq onlardan cavab gəlməyib. Görünür özlərinə sərf edən partiya sədrləri ilə görüşürlər. Biz dövlətçiliyimizə xidmət etdiyimiz üçün xoşlarına gəlmirik. Sekutanın fəaliyyətindən yaxşı heç nə gözləmirəm”.

Politoloq Zərdüşt Əlizadə Hafta.az-a bildirib ki, Sekuta ABŞ-Azərbaycan münasibətlərini yaxşılaşdırmağa çalışır:

“Onun fəaliyyəti barəsində bir il sonra konkret fikir söyləmək olar. Səfərlərə gəlincə, bu çox normal haldır. O, Azərbaycanın bütün guşələrini gəzib, ölkəmiz haqqında məlumata sahib olmalıdır”.

Qeyd edək ki, R.Sekuta bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ilə də görüşüb.

Geri qayıt