Əsas Səhifə > Partiya, Güney Press > "Vəzifəli, imkanlı şəxslərin övladları arasında narkomanlar var!"
"Vəzifəli, imkanlı şəxslərin övladları arasında narkomanlar var!"25-03-2015, 12:23 |
"Vəzifəli, imkanlı şəxslərin övladları, yaxınları içində bu xəstəliyə yoluxdurulmuş xeyli adlar olduğunu cəmiyyətdə pıçı-pıçı ilə hər yerdə eşidə bilərsiniz". Mia.az xəbər verir ki, bi ifadəni deputat Fazil Mustafa səsləndirib. Onun "Facebook"da paylaşdığı statusu təqdim edirik: "Budur, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu məlumat yayıb ki, 1 yanvar 2015-ci il tarixə olan vəziyyətə görə 1 kq tiryəkin "qara bazar”da topdansatış qiyməti minimum 3 000, maksimum 7 000 dollar, pərakəndə satış qiyməti minimum 10 000, maksimum 15 000 dollar olub. Müvafiq olaraq 1 kq heroinin "qara bazar”da topdansatış qiyməti 15 000-20 000 dollar, pərakəndə satış qiyməti 40 000-50 000 dollar, 1 kq marixuananın topdansatış qiyməti 6 000-8 000 dollar, pərakəndə satış qiyməti 8 000-12 000 dollar, 1 kq həşişin topdansatış qiyməti 2 500-4 000 dollar, pərakəndə satış qiyməti 6 000-8 000 dollar olub. Bizdə indiyədək "ağ bazar” deyilən bir ifadəyə rast gəlmədiyimə görə buradakı bazar sözünə "qara” sözünün təyinedici funksiyası bir qədər artıq göründü. Göründüyü kimi, bu bazarda böyük məbləğdə pullar oynayır və Azərbaycanda bu bazarın subyekti olanların sayı günbəgün artmaqdadır. Sadəcə həbs olunan insanların statistikasına diqqət yetirsəniz bəlli olar ki, həbs olunanların böyük əksəriyyəti narkotiklə əlaqədar cinayətlərə görə kriminal aləmə daxil olur. Ora bir neçə dəfə qayıdışı da tərgidə bilmədiyi narkotiklə bağlı olur. Hələ həbs olunmayan çox sayda narkotik istifadəçisi olan insanı təsəvvürünüzə gətirsəniz narkotikin nə qədər cəmiyyət həyatına təsir edən bir vasitə olduğunu görərsiniz. Bir neçə il öncə ABŞ səfirliyi açıqlama vermişdi ki, Azərbaycanın orta məktəblərində narkotik istifadəçilərinin sayı 30 faizi keçir, şivən qopardıq ki, bizə böhtan atırlar. Ancaq eşitdiyim, bildiyim, müşahidə etdiyim hal budur ki, burada həqiqəti əks etdirən bir informasiyadan söhbət gedir. Qiymətlərə baxdığınızda dərhal anlarsınız ki, bu məbləğlərə narkotik almaq hər oğulun işi sayılmaz. Vəzifəli, imkanlı şəxslərin övladları, yaxınları içində bu xəstəliyə yoluxdurulmuş xeyli adlar olduğunu cəmiyyətdə pıçı-pıçı ilə hər yerdə eşidə bilərsiniz. Bunların içində mümkündür ki, mənim də, sənin də, hər birimizin də yaxınları ola bilər. Hətta bildiyimə görə, qonşu ölkələrin birində Azərbaycanda narkotik istifadəçilərin sayının artmasını nəzərdə tutan xüsusi proqram həyata keçirilir və bir çox hallarda transit yolu ilə məqsədyönlü şəkildə bu vasitələr ölkəmizə böyük miqdarda, bəzən pulsuz şəkildə göndərilir. Bunu çəkinmədən söyləyə bilərəm ki, Qarabağ faciəsindən də daha dəhşətli bir faciə ilə qarşı-qarşıyayıq: narkotika bəlasına düçar olmuş əhəmiyyətli sayda itirilmiş Azərbaycan insanı, Azərbaycan ailəsi faciəsi! Təkcə budurmu? Azərbaycanda narkotikin bir az yumşaq forması olan siqaret istifadəsinin də fəlakətli şəkildə artdığını müşahidə edirik. Doğrudur, bu sahədə rəsmi statistika açıqlanmır, ancaq xərçəng xəstəliyinin artmasının əsas səbəblərindən biri kimi siqaret istifadəçiliyinin artması göstərilirsə, bunun üzərindən sükutla keçmək olmaz. Neçə illərdir Azərbaycanda tütün mafiyası deyilən görünməz əl ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edən və buna görə cəza müəyyənləşdirən Qanunun qəbuluna imkan vermir. Türkiyədə belə bir qanunun qəbulundan sonar siqaret çəkənlərinin sayının 15 faiz azaldığı barədə bilgilər verilmişdi. Xüsusilə də çevrəmizdə hər yerdə gənclərin siqaret alışqanlığının hansı nəticələr doğura biləcəyini indidən üzüntü ilə düşündüyündə pessimist olmağa xeyli əsaslar tapırsan. Ona görə hər dəfə məsələ qaldırırıq ki, açın bu idman meydançalarını gənclərin üzünə, imkan daxilində pulsuz, heç olmasa ucuz edin ki, idmana kütləvi axın başlasın, idman özü insanın pis vərdişinin dəyişməsini stimullaşdırır. Əksər idman meydançaları bahalıdır, idman komplekslərini toy toğlusu kimi bəzəyib qapısından qıfıl asıblar, buna görə də çox vaxt cavanları da qınaya bilmirsən. Digər tərəfdən spirtli içki məsələsi də an aktual bəlalardan biri kimi qeyd olunmalıdır. Toylarda, restoranlarda, barlarda, evlərdə insanların bu qədər alkoqola düşgün vəziyyətə gəlməsi həmımmızı ciddi düşündürməlidir. Mən heç də dini nöqteyi-nəzərdən, haram kateqoriyasından sərt formada məsələyə yanaşmaq istəməzdim. Açığı həm spirtli içki içən, həm siqaret çəkən insana acıyıram, Allahın verdiyi vücudu insanın necə zəhərlədiyini görəndə yaxşı ovqatda olmuram. Ancaq illərdir eşitdiyim o tələbi xatırlayarkən, insanların öz sağlamlığına necə qənim kəsildiyini görürəm. Xidmətçiyə "təmiz nə arağın var” deyən çağırışları il boyu yüz dəfələrlə eşidirik və mədəsinin labaratoriyasından keçirəndən sonra "yaxşı arağıydı” deyən məmnunluq notlarını xatırlayırsan. Acınacaqlı budur ki, natəmiz arağın, siqaretin, narkotikanın zərəri, zəhəri bir tərəfə dursun, Azərbaycan insanının böyük əksəriyyəti məhz onun saxta texnoloji üsullarla hazırlanmış məhsullarını dadır. Deyilə bilər ki, nə olsun, spirtli içkisiz də bizə zərərli yağları, broyler toyuqlarını, genetik modifikasiyası dəyişdirilmiş qida məhsullarını yedirdirlər, içdiyimiz adi suyu da zirzəmilərdə doldurub bulaq suyu adı ilə sırıyırlar, evlərə verilən suyun çirklilik normasının bütün sədləri aşdığını hamı yaxşı bilir, yəni onsuz da biz zərərdəyik, bir içki, siqaret bizə nə edəcək? Anlaşıldı, bunları məcburi qida və içki məhsulu kimi insanlarımız istifadə edir, ona görə də qınamaq olmur. Ancaq heç olmazsa həm cibə, həm də səhhətə ziyanı olan spirtli içkilərin hazırlanma yeri və texnologiyası ilə tanış olan ağlı başında olan bir kimsə özünü könüllü şəkildə zəhərləməyi rəva görməz. Bu artıq bizim milli adətimizə, mentalitetimizə çevrildiyinə görə hələ də dəyişmək iradəsində olmadığımızı ürək ağrısı ilə qeyd etməliyik. Son vaxtlar isə daha dəhşətlisi içki içən, siqaret çəkən, narkotik istifadə edən qadınların sayının artmasıdır. Hətta yol polisi də axırı dilə gəlib bəyan etdi ki, gecə saatlarında içkili vəziyyətdə avtomobil idarə edən qadın sürücülərin sayı xeyli çoxalıb. Qadınların avtomobil sürməsini həmişə dəstəkləyirəm və buna müsbət hal kimi yanaşıram. Mənim düşüncəmə görə bu yol hərəkəti sferasında daha mədəni və nəzakətli davranışların artmasına faydalı ola bilər. Bununla belə, heç bir halda içkili və ya narkotik istifadı edən qadın sürücülərə güzəştli yanaşmanın yolverilməz olduğunu düşünürəm. Kiməsə arxayın olmayan qadının içkili və ya uymuş vəziyyətdə avtomobil idarə etməsi ağlabatan olmadığına görə, bu himayəçiliyin neçə-neçə insanlarımızı yollarda bədbəxt etdiyini rahatca təsəvvürünüzə gətirə bilərsiniz. Baş verən qətllərin, intiharların, başqa kriminal vəhşiliklərin əksəriyyətinin səbəb şkalasında narkotiklərin və spirtli içkilərin dozasını müəyyən etmək çətin deyil. Ailələrin dağılma səbəbi, fahişəliyin artması, erkən ölümcül xəstəliklərin artım tendensiyasının səbəbləri içində bu amil ciddi yer tutur. Narkotik vasitələrdən, alkoqoldan, siqaretdən istifadəyə qarşı bütün cəmiyyətin düşünən insanlarını birlikdə hərəkətə gətirilməsi qaçınılmazdır. Zəhərləmək istəyənlər də özümüzdəndir, zəhərlənməyə dirəniş göstərənlər də. Hələ ki, zəhərləmək istəyənlər uğur və pul qazanır. Çünki dirəniş göstərməyə İman və İradə peyvəndimiz zəifdir". Geri qayıt |