Əsas Səhifə > Partiya, Güney Press > “Arif Hacılı iclasa gələrək bizdən ona niyə səs vermədiyimizi soruşdu”
“Arif Hacılı iclasa gələrək bizdən ona niyə səs vermədiyimizi soruşdu”31-03-2015, 11:44 |
“Mustafa Hacıbəyli ancaq şər-böhtan atmaqla, cəmiyyəti çaşdırmaqla məşğuldur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli Məclis üzvü Mustafa Hacıbəylinin fikirlərinə münasibət bildirərkən deyib. Xatırladaq ki, M. Hacıbəyli APA-ya açıqlamasında Suraxanı təşkilatının rəhbərliyini Müsavata qarşı sabotaj yaratmaqda və fəaliyyətsizlikdə ittiham edib. R. Dəmirli isə bildirib ki, Müsavat Partiyasının qurultayından sonrakı müddət ərzində Suraxanı rayon təşkilatında Mustafa Hacıbəylinin dediyinin əksinə olaraq, azı 3 dəfə Şura toplantısı keçirilib: “Şura toplantılarının birində hətta Müsavat başqanı Arif Hacılı özü və iki müavini iştirak edib. Həmin iclasda Arif Hacılı təşkilat üzvlərindən nəyə görə qurultayda ona səs vermədiklərini soruşdu. Biz də ona cavab verdik ki, seçim sərbəstdir və kimi müdafiə edəcəyimiz şəxsi işimizdir. Biz partiyanın üzvlük haqlarını da vaxtında ödəmişik. Mustafa Hacıbəyli ancaq şər-böhtan atmaqla, cəmiyyəti çaşdırmaqla məşğuldur. Suraxanı rayon təşkilatı 2010-cu ildə Arif Hacılının deputatlığa namizədliyini müdafiə edəndə ən yaxşı təşkilat hesab olunurdu, amma indi Arif Hacılını müdafiə etmədiyinə görə pis təşkilat olub. Mustafa Hacıbəyli kimi adamlarda demokratik prinsiplər yoxdur. Ona görə də mən onun dediklərini ciddiyə almıram”. Müsavatın Məclis üzvü Vurğun Əyyub da M. Hacıbəylinin fikirlərini yalan və iftira adlandırıb: “Mustafa Hacıbəyli kimi qeyri-ciddi, həyatını başqaları haqda yalan, iftira səsləndirməyə həsr etmiş adamların dediklərinə şərh verməyi artıq iş sayıram”. Geri qayıt |