Əsas Səhifə > Partiya, Güney Press > “Hər zaman Rusiya ilə münasibət qura bilməməyimizin acısını çəkmişik”
“Hər zaman Rusiya ilə münasibət qura bilməməyimizin acısını çəkmişik”3-04-2015, 09:10 |
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyan edib ki, ermənilər Rusiya ilə Azərbaycanın arasını vurmağa çalışır. Ə.Həsənov qeyd edib ki, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin adından erməni mediasında yayılmış fikirlər bu istiqamətdə daha bir cəhd olub. Ə.Həsənov bildirib ki, bu addımlar ilk növbədə Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirmək, iki ölkənin parlament təmsilçiləri, müxtəlif qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, ziyalılar və s. arasında sıxlaşan əlaqələrə kölgə salmaq məqsədi güdür: “Biz cənab Slutskini Azərbaycan xalqının, dövlətimizin və ölkənin siyasi rəhbərliyinin sadiq dostu hesab edirik. Bu dostluq Azərbaycan və Rusiya arasında çoxəsrlik tarixi ənənələrə, siyasi və iqtisadi maraqlara, bir-birinin suveren siyasətinə qarşılıqlı hörmətə və təbii ki, onilliklərin sınağından çıxmış insani münasibətlərə söykənir. Hesab edirik ki, Azərbaycan-Rusiya münasibətləri hər hansı təxribatların fövqündədir, ermənilərin belə ucuz şouları bizim əlaqələrə heç bir təsir göstərə bilməz. Əminik ki, bizim Rusiya ilə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək, Azərbaycanın Leonid Slutski kimi dostları bu əlaqələrə öz töhfələrini verməkdə davam edəcəklər”. Qeyd edək ki, bir sıra müşahidəçilər xüsusən də son dövrlərdə Rusiya ilə münasibətlərə diqqətli yanaşır, iki ölkə əlaqələrinin müsbət şəkildə olmasını qeyd edirlər. Bəzi müşahidəçilərə görə, rəsmi Bakı bununla da iki ölkə münasibətlərində heç bir soyuqluğun olmadığı görüntüsünü yaratmaq, eyni zamanda ölkəni Moskvanın gözlənilən təcavüzündən qorumağa çalışır. Doğrudanmı, belədir, yoxsa həqiqətənmi Azərbaycan Rusiya ilə əlaqələrin ən yaxın müttəfiqlik səviyyəsində olmasında maraqlıdır? Mövzunu “Yeni Müsavat”a şərh edən deputat Zahid Oruc deyir ki, beynəlxalq və yerli mediada Rusiya təcavüzü haqda məqalələr əslində olduğundan çox şişirdilmiş və təbliğat xarakterlidir: “Beynəlxalq informasiya məkanında Rusiyanın təcavüzkarlığı haqqında məqalələr, şərhlər, yanaşmalar çoxalıb. Bu əlbəttə ki, Rusiyanın Ukrayna ilə münasibətlərini tam əhatə eləmir. Bunun hədsiz şişirdilmiş, tendensiyalı olmasını iddia etməkdən uzağam, çünki burda həqiqət elementləri də var. Lakin məsələnin başqa tərəfi gerçək vəziyyətin olduğu kimi əskini tapmamasıdır. Bu fonda mediada Rusiya aqressiyası haqqında fikir formalaşdırılıb. Bunu bir dominant olaraq əksər hallarda Qərb dairələrinin əli ilə MDB məkanının mediasına yükləmək istəyirlər. Bizdə də bu xətt müəyyən mənada hökmranlıq etməyə başlayır. Çünki bu informasiyalar sonra cəmiyyətin təfəkkürünə sızır və anti-Rusiya dalğası kimi də meydana çıxır. Mən bunu bir dəfə də qeyd etmişəm, 1993-cü ildə Qafqazda Rusiyaya qarşı bir neçə il müharibə aparan Cövhər Dudayev etiraf edirdi ki, onun fəaliyyəti Qərbin Rusiyaya qarşı mübarizəsinin alətinə çevrilib. Ona ötürülmüş bütün informasiya kütləsi tendensiyalı olub, sanki bir sıra fikirlərindən geri durmaq həddinə gəlib çatmışdı”. Z.Oruc deyir ki, bu təbliğatın nəticəsində indi Azərbaycanda “Qərb Rusiya ilə savaşır, biz də Qərbin yanında olmalıyıq” kimi mövqe geniş yayılıb. Deputatın fikrincə, bu cür fikirlər məqsədli qüvvələrin maraqlarına xidmət edir: “Son dövrlərdə politoloji fikir dairələrində ”Rusiya Azərbaycana ordu yeridəcək, rus tankları Qarabağa və ya Bakıya gələcək" kimi mesajlar tirajlanır. Sual olunur: Niyə? Əli Həsənov haqlı olaraq qeyd edir ki, erməni tərəfinin başlıca hədəfi Ermənistan-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır. Məsələn, Sarkisyan etiraf etməyə məcbur oldu ki, onlar Rusiyanın Azərbaycana silah satmasına şad deyillər. Təbii ki, bundan daha sərt formada deyə bilməzdir. Rusiyadan bütün parametrlərinə görə asılı olan bir ölkənin rəhbərinin fərqli reaksiya verməsi mümkün deyildi. O, daha sərt mövqeyindən sonra onu nələrin gözlədiyini də bilir". Deputat deyir ki, indi əksinə Azərbaycan informasiya hücumu həyata keçirib ermənilərlər ruslar arasındakı açıq münaqişəli məqamları qabartmalıdır: “Ancaq biz nədən bütün informasiya məkanımızı ”Rusiya Ermənistanı cəzalandıracaq", “Qarabağa görə Rusiya Ermənistana zərbə vuracaq”, “Ermənistanın son davranışları Rusiya problemlər yaratmaqdadır”, o cümlədən Avropa Şurasındakı məlum hadisələr, Permyakov hadisələri doldurmur? Bütün bunlar onu deməyə əsas verir ki, bizim diplomatiya maşınımız Ermənistan-Rusiya problemlərini qabartsın. Bizim rusdilli media və rusdilli politoloji fikir sahiblərimiz Rusiyanın informasiya məkanına fəal şəkildə çıxaraq bunları qabartsınlar. Biz forpost deyib durmalı deyilik. Diplomatiyanın bir vəzifəsi də hətta dost kimi görünən ölkələr arasında problemlər yaratmaq və ya ən azı buna cəhd etməkdir. Və yaxud da olan kiçik nöqtələrdən faydalanmaqdır. Ona görə də mən həqiqətən də düşünürəm ki, biz nəinki mövcud dostluq münasibətlərimizi normal səviyyədə saxlamalıyıq, buna xələl gətirənlərlə də fəal mübarizəmizi ortaya qoymalıyıq". Z.Orucun fikrincə, bu gün Qərb dövlətləri və Ermənistan Rusiya-Azərbaycan əlaqələrinə təsir göstərmək istəyir: “Birincisi, Ukrayna savaşını Rusiya əleyhinə, regionda onu sıxışdırıb çıxarmaq, gələcəkdə onun özünü parçalamaq istəyən başda ABŞ olmaqla Qərb dövlətləridir. İkincisi isə Ermənistandır. Çünki Rusiya ilə Azərbaycan arasında münasibətlərin kəskinləşməsi Ermənistanın maraqlarına uyğundur. İndi isə ermənilər tarixdə olduğu kimi, Rusiyanı Azərbaycan əleyhinə qoya bilmirlər. Tarixə baxın, biz hər zaman Rusiya ilə münasibətləri qura bilməməyimizin acısını çəkmişik. Ona görə də mən açıq deyirəm ki, bir neçə dəfə Rusiya-Türkiyə-Azərbaycan siyasi birliyi modelini təklif etmişəm. İnternet resurslarında, bizim elektron məlumat arxivlərində yalnız Rusiya və Türkiyə arasında baş vermiş 13 müharibəyə dair epopeyalar, ədəbi-bədii üslubda işlənmiş yazılar, kitablar, məqalələr var. Müsbət əlaqələri. dostluğu stimullaşdıran və yaxud da onu özündə ehtiva edən tarixi bazislər son dərəcə zəifdir. Ona görə də bax, 10 il ərzində NATO-Azərbaycan əməkdaşlığı prosesində iştirak etmiş bir insan kimi deyirəm ki, Rusiya ilə münasibətlərin yaxşı olması Azərbaycanın maraqlarına uyğundur. Eyni zamanda avtomatik olaraq Ermənistanın ziyanınadır”. Geri qayıt |