Əsas Səhifə > Partiya, Güney Press > “ABŞ Atatürkün qarşısına da şərt qoymuşdu ki...”
“ABŞ Atatürkün qarşısına da şərt qoymuşdu ki...”17-04-2015, 09:40 |
“Avropa Parlamenti artıq üçüncü dəfə ki, uydurma erməni soyqırımını tanıyan qətnamə qəbul etdi. Bundan öncə də 1987 və 2005-ci illərdə oxşar müzakirələr aparılaraq anti-Türkiyə isterikası kifayət qədər geniş bir şəkil almış, hətta ittihamlar Türkiyəni real məhkəməyə vermək səviyyəsinə qədər çatmışdı”. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, Avropa Parlamenti 12 bənddən ibarət bir sənədlə qərəzli mövqeyini bir daha ortaya qoydu: “Bu, şübhəsiz, daxili sarsıntılar içində olan Ermənistanı məlum böhrandan çıxarmaq və Türkiyə ilə aparılan hesabın məhz qondarma soyqırım vasitəsilə gerçəkləşdirilməsidir. Günün birində ermənilər soyqırım məsələsindən imtina etsə belə, Qərb bu fikrindən daşınmayacaq. Türkiyənin ərəb dünyasında, ümumiyyətlə, regionda siyasi nüfuzu gücləndikcə bunun qarşısını bu yolla almağa çalışacaqlar. Bu, diplomatik, siyasi qələbəni Ermənistanın aktivinə yazanlar faktiki olaraq daxildən və xaricdən zərbə vurmaq və ölkənin müxalif qüvvələrinə, Ərdoğan hakimiyyətinə köklənməklə şiddətli bir şəkildə Türkiyəni küncə sıxmaq üçün bundan yararlanacaqlar. Fərdi olaraq ermənilərin bu qərar üzərindən çıxış edərək İnsan Haqları Məhkəməsində iddia qaldırmaları ilə Türkiyə nə torpaq, nə də təzminat verəsidir. Şübhəsiz, kontekst dünyadakı anti-türk mövqeləri və belə qərarlar Türkiyənin ziyanına işləyir. Çünki beynəlxalq miqyasda ölkənin obrazını zədələməyə çalışırlar”. Millət vəkili sözügedən sənədin Türkiyəni real soyqırıma təhrik etdiyini bildirib: “Açıq-aşkar düşmənçiliyi gücləndirərək erməniləri növbəti dəfə əzdikdən sonra eyni zərbəni qardaş ölkəyə vurmaq istəyirlər. Bu, Azərbaycanın hazırkı şəraitdəki siyasi mübarizəsini də çətinləşdirir. Cəmi 6 ölkə və 13 ştatda məlum qiymətləndirməyə nail olmağımızın səbəbini də bu amildə axtarmalıyıq. Bu, o anlama gəlmir ki, biz Türkiyə ilə siyasi mübarizədən geri durmalıyıq. Açıq deyirəm ki, Azərbaycan diplomatiyası hər zaman Türkiyədən də irəli keçərək bu məsələnin önündə durub və duracaq da. Düz 100 il bundan əvvəl saxta soyqırım dönəmində Amerika tərəfindən Atatürkün qarşısına Türkiyə əraziləri hesabına erməni dövləti qurmağı qoydular. Mümkün olmayanda isə bunu Qafqazda Azərbaycan əraziləri hesabına etdilər. İndi isə təhlükə ondan ibarətdir ki, ermənilərin bu dünya məzlumiyyəti və qurban imici fonunda Qarabağ məsələsi zərbə ala bilər. Bu, Avropa Parlamentinin insan haqlarını necə qoruduğunu sübut edərək demokratiya ənənələrinə münasibətini ortaya qoyur və Türkiyənin düz 50 il AB-nin bağlı qapısı arxasında saxlanılmasının əsl səbəbini izah edir. Ancaq Azərbaycan bu məsələ ilə bağlı kəskin etirazlarını yenə də davam edəcək”. Geri qayıt |