Əsas Səhifə > Partiya, Güney Press > “Qurana əl basmışdım ki, rüşvət almayacağam...”

“Qurana əl basmışdım ki, rüşvət almayacağam...”


23-04-2015, 09:03
“Qurana əl basmışdım ki, rüşvət almayacağam...”
Azərbaycanın ikinci müstəqillik dövrünün ən ziddiyyətli dönəmlərindən birində - 1992-ci il martın 6-dan mayın 14-dək ölkəni idarə etmək missiyası onun boynuna düşdü. De-fakto respublikanın ikinci prezidenti oldu. Hələ “südəmər” müstəqilliyimizin cəmi 5-6 aylığında Kəlbəcərdə Ağdaban faciəsi baş verdi. Şuşa işğal edildi. Və o, bir başçı kimi qətiyyətsizlikdə, müxtəlif səhvlərdə qınandı. Bütün bunlara rəğmən o, xalqın xeyli hissəsinin qəlbində öz müsbət portretini cızmağı bacardı. Yaqub Məmmədov dövlət başçısı kimi səhvlər edə bilərdi. Ancaq dövlətçiliyimizin ölüm-dirim halında olduğu, erməni təcavüzünün anbaan gücləndiyi dar bir macalda belə, kimlərinsə vəzifəyə keçmək üçün Yaqub müəllimin qapısını yağır etməsini biləndə bu günədək hansı xislət sahiblərinin düşmənlərimizin dəyirmanına su tökdüyünü aydın təsəvvür edirsən...

- Yaqub müəllim, Azərbaycan prezidenti səlahiyyətlərini icra etdiyiniz təxminən 70 gün ərzində daha çox ürəyinizə yatan hansı işiniz olub ki, bu gün də onu xatırlayanda qəlbiniz rahat olur?
- İlk növbədə məhdud imkanlar çərçivəsində olsa da, ordu quruculuğu üçün əlimizdən gələni etdik. O dövrdə cəmi 5 ay öncə formal olaraq yaradılmış Müdafiə Nazirliyinin sərəncamında faktiki heç nə yox idi. Buna rəğmən müxtəlif qrupların tabeliyində olan bəzi batalyonları MN-nin rəhbərliyi altlnda birləşdirə bildik. Orduya çağırış elan etdik. Rəsmi və ya qeyri-rəsmi yollarla xeyli silah-sursat topladıq.
Ancaq daha çox razı qaldığım sosial sahədə gördüyüm tədbirlərdir. Bu gün də həmin işləri görməyimlə qürur duyuram. 1992-ci ilin elə təxminən bu günlərində ərzaq məhsullarına əlavə dəyər vergisinin ləğv edilməsi, xalq təhsili sahəsində çalışan müəllim və əməkdaşların əmək haqlarının, tələbə və aspirantların təqaüdlərinin 3 dəfə artırılması, eyni zamanda bütün təhsil sahəsində çalışanların kommunal xərclərdən azad edilməsi, yaşadıqları mənzillərin pulsuz olaraq şəxsi mülkiyyətlərinə verilməsi, nəqliyyatdan pulsuz istifadə etmələri, təcili yardım stansiyası əməkdaşlarının əmək haqlarının artırılması, pensiyaçıların maddi durumunun yaxşılaşdırılması üçün əlavə tədbirlər, Çernobıl qəzası zamanı zərər çəkmiş vətəndaşların sosial müdafiəsi və s. barədə fərman və sərəncamlar imzaladım.

Dövlətin maliyyə durumunun çox ağır olmasına rəğmən biz bu məsələni həll edə bildik. Sözügedən problemlər bu gün də aktual olaraq qalır və hələ də hökumətimiz bunların həlini başa çatdıra blmir. Odur ki, o vaxtkı ağır bir dövrdə həmvətənlərimin sosial problemlərinin həlli yolunda müəyyən addımlar ata bildiyimi yada salanda sevinirəm. Və xalq da bunları unutmur. Bu gün də müxtəlif təbəqələrdən olan insanlar rastlaşanda hələ də belə işlərimizə görə minnnətdarlıqlarını izhar edirlər.

-İqtisadi sahədə hansı addımları ata bildiniz?
-O dövrdə bir sıra işbazlar sovet dövründən toplanmış sənaye və kənd təsərrüfatı məhsul və məmulatlarını barter üsulu ilə istədikıləri kimi satıb dağıdırdılar. O vaxtkı milyonerlər bu işin hesabına ortalığa çıxmışdı. Ancaq iqtisadi sektorda pərakəndəlik yaratdığından mən barter üsulu ilə ərzaq məhsullarının satılmasına qadağa qoydum. Eyni zamanda müəyyən zavod və fabriklərin işinin bərpa olunması üçün göstəriş və qərarlar da verdik.

-Konkret olaraq neftlə bağlı nə işlər görülürdü?
- Neft və neft məhsullarının da barter üsulu ilə satılmasını qadağan etdik. 1992-ci il aprelin ortalarında “Amoko” şirkəti ilə hələ Mütəllibovun dövründə başlanmış danışıqları davam etdirdik. O zaman məşhur rəhmətlik “neftçi Qurban”ı – “Neft Daşları”nın baş direktoru olan, Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasovu dəvət etdim. Digər mütəxəssislərlə birgə müzakirədən sonra belə qərara gəldik ki, yalnız neft hasilatından gələcək gəlirin 85 faizinin Azərbaycanın olması şərti ilə “Amoko” ilə müqavilə bağlaya bilərik. Bizdən sonra şərtlər tamam dəyişdirildi...

-Yeri gəlmişkən, sizin hakimiyyətiniz dövründə “Azneftyağ” zavodunun rəhbəri olan Rəsul Quliyev hakimiyyətə münasibətdə özünü necə aparırdı?
- Rəsul Quliyev də o zaman Azərbaycanla yanaşı, Qazaxıstandan neft alıb barter üsulu ilə satmaqla külli miqdarda pul qazanmış və bunun hesabına xeyriyyəçi olmuşdu. Amma Rəsulla əvvəldən müxtəlif dövlət səfər və tədbirlərindən tanış olduğumuzdan münasibətlərimiz normal idi. Və öz sahəsinin mütəxəssisi və işgüzar adam kimi ona hörmətim var idi. O zaman Rəsul Quliyev deputat olmaqla yanaşı, həm də Milli İstiqlal Partiyasının nüfuzlu nümayəndələrindən biri idi.

-Bəs barter haqqında qadağaya R.Quliyev etiraz bildirmədi ki?
-Yox. Etiraz eləsə də, öz içində edirdi. AMİP-in hakimiyyətə müxalif olmasına baxmayaraq Rəsul Quliyev rəsmi, açıq formada müxalifətçiliyini biruzə vermirdi. Amma həmin partiyanın maliyyə dayağı idi. Onu iki dəfə öz müraciəti ilə müəyyən məsələlərlə bağlı qəbul etmişdim. Hətta 1992-ci ilin martında ona baş nazir vəzifəsi də təklif etmişdim. Ancaq o, buna hələ hazır olmadığını söyləyərək imtina etmişdi...

-Ümumiyyətlə, müxalif qüvvələrlə necə davranırdınız?
-Biz müxalifətlə koalisyon hökumət yaratmağa da cəhd etdik. Mən bu işi baş nazir Həsən Həsənova həvalə etmişdim. Martın 22-də o, məlumat verdi ki, bunlarla söhbət alınmır. Cəbhəçilər bütün vəzifələrə öz adamlarının təyin olunmasını istəyirdilər. Belə çıxırdı ki, biz elə sakitcə hakimiyyəti bunlara təhvil verib getməliyik. Belə olan halda onları görüşə dəvət etdim. Görüşdə mən, Həsən Həsənov, o tərəfdən isə Elçibəy və İsa Qəmbər iştirak edirdi. Yenə də həmin nəticə alındı. Bilirsiz, əgər onların peşəkar kadrları olsaydı, bəlkə də biz hakimiyətdən də getməyə razı olardıq. Amma biz xalq qarşısında məsuliyyət daşıyırdıq. Dövləti küçədən ötənlərin ümidinə qoyub gedə bilməzdik. Ona görə də məsələni Ali Sovet sessiyasının ixtiyarına buraxdıq. Müxtəlif variantlar olsa da, əksəriyyət prezident seçkilərinin keçirilməsinə tərəfdar oldu. Elçibəy də dedi ki, məsələni buraxaq deputatların müzakirsinə. Prezident seçirsiniz, seçin, amma 3 aydan sonra seçəcəyiniz prezidenti 1 ildən sonra yıxacaqsız. Sonda da o dediyi kimi oldu... Ancaq Elçibəy təkbətək söhbətlərimizdə etiraf edirdi ki, mənim prezident olmaq niyyətim yoxdu. Çünki bunun üçün kifayət qədər təcrübəyə malik deyiləm. Ölkəni idarə etmək ağır məsələdi. Amma ətrafımdakı dost və silahdaşlarım məndən bunu tələb edirlər. Bu gün, ola bilsin, bəziləri Elçibəy sağ olmadığından bunu başqa cür mənalandırarlar. Ancaq səmimi deyirəm. Hətta Elçibəy deyirdi ki, mən sənin namizədliyini müdafiə etməyə, yeri gəlsə,öz namizədliyimi sənə görə geri götürməyə hazıram. Çünki sən ölkəni daha yaxşı idarə edərsən. Mənimsə həyatımın mənası Güney Azərbaycanı birləşdirməkdi. Şərait yaradın, ömrümün sonunadək bu istiqamətdə ideoloji mübarizə aparacağam...

-Yaqub müəllim, sizin ölkəni idarə etdiyiniz günlərdə Kəlbəcərin Ağdaban kəndi də ermənilərin soyqrımına məruz qaldı. Bəzi kəlbəcərlilər deyir ki, o dövrdə hökumət heç rəsmi başsağlığı da vermədi bizə...
-Birinci dəfədir, belə bir söz eşidirəm. Düzü, mətbuatda rəsmi başsağlığının gedib-getməməyi yadımda deyil. Amma mən Kəlbəcərin Qənbər Şəmşiroğlu, Əvəz Şükürov, Hümbət Həsənov və s. daxil olmaqla 20-yə yaxın ağsaqqalını qəbul edib başsağlğı verdim, ətraflı söhbət etdik. İmkan daxilində problemlərin həllinə çalışdıq. Bayaq dediyim kimi, imkanlarımız çox məhdud idi. Vahid sistemlə idarə olunan silahlı qüvvələr, lazımi sayda silah-sursat yox idi ki, biz istənilən anda hər bir məntəqəmizi müdafiə edə bilək.

-Bəs, ümumiyyətlə, cəbhədəki mövqelərimizin möhkəmlənməsi üçün hansısa konkret işlər görə bildinizmi?
- Sözsüz ki, Qarabağdakı vəziyyəti biz gündəlik müzakirə edrdik. 1992-ci il aprelin19-da o vaxt 24 aprel qondarma soyqrımı günü ermənilərin daha da fəallaşacağını nəzərə alıb Müdafiə Şurasının iclasını keçirtdik. Və Baş Qərargahın Ağdama köçürülməsi barədə sərəncam imzaladım. Cəbhədəki mövqelərimizin mümkün qədər möhkəmləndirilməsi haqda qərar qəbul etdik. Mayın 4-də Şuşa ətrafında vəziyyətin gərgin olduğu bir vaxtda da müdafiə tədbirlərinin gücləndirilməsi haqda ikinci bir sərəncam imzaladım.

-Xarici siyasət sahəsində vəziyyət necə idi?
-Xarici siyasətdə də əsas hədəf Qarabağ məsələsi idi. Demək olar ki, gündəlik olaraq ATƏT-dən, Avropadan, Rusiya, ABŞ, İsrail və s. ölkələrdən nümayəndələri qəbul edir. Və ilk növbədə onların nəzərinə Qarabağdakı vəziyyəti çatdırırdıq. Bu dövrdə Türkiyə, İran və Rusiya ilə müəyyən sahələrdə əmяkdaşlıq barədə müqavilələr imzaladıq.

-Hakimiyyət kürsüsündə olduğunuz günlərdə hansısa iri və ya qonşu dövlətin birbaşa, ya dolayısıyla Azərbaycana təzyiq etməsi halıyla rastlaşdınızmı?
-Təzyiq söhbəti yox idi.

-Hətta Rusiya tərəfdən də?
-Xeyr. Heç kəs bizə təzyiq etmirdi. Normal müzakirələr gedirdi. Bircə dəfə Rusiya XİN-də işləyən bir azərbaycanlının xətti ilə bizə qeyri-rəsmi nümayəndələr gəlmişdi və təklif etmişdilər ki, Dağlıq Qarabağda azad iqtisadi zona yaradılsın. Bizsə buna razılıq vermədik.

-Sizin siyasi tərcümeyi –halınızda daha çox hallanan Şuşanın işğalı ərəfəsindəki Tehran danışıqları zamanı atdığınız hansısa addıma görə bu gün peşimançılıq çəkirsinizmi?
-Peşiman olası bir addımımız yoxdur. Biz Tehranda tərəflər arasında atəşkəs və məsələnin dinc yolla həlli barədə memorandum imzaladıq. Və onu da vurğulayım ki, bu, indiyədək ermənlərlə imzalanmış yeganə sənəddir ki, Ermənistan prezidenti Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi göstərildiyi maddələrin altından imza atıb. Yəni, Ter-Petrosyan faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Elə həmin gün ermənilər Şuşanı işğal etdiyindən o sənəd mətbuatda işıqlandırılmadı. Ona görə də hərə bir söz danışır. 1994-cü ildəki məhkəmədə də kimlərsə bunun vasitəsilə mənə qarşı kampanuya başlatdılar ki, guya mən Laçın dəhlizinin açılması və Qarabağın Ermənistana verilməsi haqda sənədə imza atmışam. Bunlar hamısı cəfəngiyyatdı. Bilirsiz, indi güclü ordumuz olduğa halda da sülh danışıqları qüvvədədir. O vaxt isə bizim müharibə aparmaq üçün heç bir real gücümüz yox idi. Odur ki, yeganə çıxış yolu danışıqlar aparmaq, həm də ordu quruculuğu üçün vaxt qazanmaq idi. Onu deyim ki, o dövrkü Ermənistan rəhbərliyi də buna hazır görünürdü. Ter-Petrosyan özü müharibə tərəfdarı deyildi. Sonrakı çıxışlarında da o, etiraf edirdi ki, Dağlıq Qarabağdakı erməni liderlər bizə qulaq asmırdılar.

-Siz əminsiniz ki, İran sizi aldatmayıb?
-Xeyr. Bunlar hamısı cəfəngiyyatdı. İran həqiqətən çalışırdı ki, Qarabağ məsələsi onların vasitəçiliyi ilə həll olsun. Ancaq beynəlxalq güc mərkəzlərinin və maraqlı dövlətlərin qısqanclığı nəticəsində bu məsələ pozuldu. Nə ABŞ, nə Avropa məsələnin İranın vasitəçiliyi ilə həllini istəyirdi. Hətta Rusiya və Türkiyə də. Görünür, elə bunlara görə də ATƏM-in Minsk konfransının sədri Mario Rafaelli də, Rusiya nümayəndəsi də söz verməklərinə rəğmən Tehran görüşünə gəlmədilər. İran prezidenti həmin sənədin altından imza atmışdı. O, bu prosesin pozulmasına heç vaxt razı olmazdı...

- Səhv etmirəmsə, siz məhz Tehran danışıqlarından və Şuşanın işğalından sonra məşhur ”böyük şahmat oyununun kiçik peşkalarıyıq” ifadəsini işlətdiniz?
-Bəli, həmin hadisə və prosesləri də təhlil edərək bu qənaətə gəlmişdim. Və mayın 14-dəki sessiyada o fikri işlətdim.

-Həmin 70 gün ərzində Ayaz Mütəllibovla neçə dəfə telefon danışığınız, yaxud görüşünüz oldu?
-Telefon danışığımız olmayıb. Yalnız mayın 12-də bir dəfə onu qəbul etmişəm. Mənə məlumat verildi ki, Mütəllibov Hacı Əbdülün adamlarının dəstəyi ilə hakimiyyətə qayıtmaq istəyir. Milli təhlükəsizlik naziri İlhüseyn Hüseynova tapşırdım ki, məsələni araşdırsın və Mütəllibova çatdırsın ki, bu, bir avantüradır. Onun hakimiyyətə qayıtması ölkədə olan-qalan sabitliyin də tam pozulmasına və növbəti faciələrə gətirə bilər. İlhüseyn müəllim dedi ki, Mütəllibovla da görüşdüm, o dediklərimizi qəbul etmədi. Və deyir ki, mənim Xocalı faciəsində heç bir günahım yoxdur, bunu deputat- istintaq komissiyası da təsdiqləyir. Hakimiyyətə qayıtmasam, bu ləkə ömür boyu nəslimin üzərində qalacaq. Ona görə də sessiya çağırılmalı və məsələni parlament həll etməlidir. Mən dedim ki, bəlkə Mütəllibova baş nazir vəzifəsi təklif edək. İlhüseyn müəllim məsləhət gördü ki, Yaqub müəllim, özünüz onu qəbul etsəniz, yaxşı olar. Odur ki, mayn 12-də Mütəllibovu dəvət edib onunla söhbət apardım ki, bu yoldan çəkinsin. Çünki AXC onun hakimiyyətə qayıtmasına imkan verməyəcək. Lakin Mütəllibov dedi ki, sizə böyük hörmətim var. Ona görə də mənə düşmənçilik etməyin. Qoyun hər şeyi sessiya həll etsin.

Mütəllibov qayıtmasaydı, AXC hakimiyyətə gələ bilməyəcəkdi. Prezident seçkilərində saxtakarlıq olmasına imkan verməyəcəkdik. Cəbhəçilər də bilirdi ki, xalq onların yaratdığı xaosdan bezib, ona görə də onların namizədinə səs verməyəcək. Odur ki, Mütəllibovun qayıtmasıyla qarışıqlıq yaranmasını və seçkidən öncə hakimiyyəti ələ keçirməyi planlayırdılar.

-Hakimiyyət müddətinizdə Elçibəylə görüşünüz olmuşdumu?
-Elçibəylə qarşılıqlı olaraq çox yaxşı münasibətlərimiz var idi. O özü də etiraf edirdi ki, ətrafımdakılar mənə düzgün addımlar atmağa imkan vermir. Hakimiyyətdə olanda onu dəfələrlə qəbul edib söhbətlər aparmışam. Ancaq o, prezident olandan sonra onunla görüşməyə imkan vermədilər. Bircə dəfə prezident seçiləndən dərhal sonra onu təbrik üçün getdim. İsa Qəmbərlə görüşdüm. Dedi ki, Əbülfəz bəy Pənah Hüseynovun yanındadı. Görüşdük, söhbət etdik. Ayrılanda da özü hörmətlə məni liftədək yola saldı və dedi ki, mütəmadi olaraq əlaqə saxlayaq, siz xalq arasında nüfuzu olan adamsız, bizim sizin təcrübəyə ehtiyacımız olacaq. Qapıdan çıxanda gördüm ki, orada duran İsmayılov soyadlı polis ağlayır. Soruşdum ki, ay oğul, niyə ağlayırsan. Dedi ki, Yaqub müəllim, bəs sizi içəri buraxdığıma görə məni işdən qovurlar, zəng etdilər ki, ərizəni yaz, çıx get. Soruşdum ki, kim deyir. Dedi, prezidentin mühafizə xidmətinin rəisi. Zəng etdim həmin rəisə ki, bu, nə məsələdir. Cavab verdi ki, Yaqub müəllim, mənə də belə göstəriş veriblər, inciməyin. Dedim ki, ay kişi, bu polisi işdən çıxartmayın, bir də mənim ayağım buralara dəyməz, Amma mən bura Vəli Axundovdan bəri bütün ölkə başçılarının dövründə maneəsiz gəlib-getmişəm...

-Deyəsən, Əbülfəz bəy Kələkidən qayıtdıqdan sonra da görüşləriniz olub?
-Bəli, olub. Öncə yadınıza salım ki, İsa Qəmbərin dövründə məni rektorluğa qaytarmışdılar. Amma Elçibəy gələndən sonra ətrafındakılar elə şərait yaratmışdılar ki, mətbuatda-filanda elə böhtanlar yaymışdılar ki, bir aydan artıq işləyə bilmədim... Elçibəy Kələkidən qayıtdıqdan sonra görüşəndə rektorluqdan çıxarılmağıma görə çox peşiman olduğunu bildirir və buna görə ətrafındakı bir neçə adamı günahlandırırdı. O hətta məni AXC rəhbərliyinə də dəvət edirdi. Elçibəy çox çalışırdı ki, mən, İlyas İsmayılov və Vasim Məmmədəliyev birlikdə çalışaq.

- Dövlət başçısı olduğunuz vaxt cangüdəniniz var idimi?
- Heç vaxt cangüdənim –filanım olmayıb. Hətta bir yerə gedəndə Vaqif Axundova deyirdim ki, əməkdaşlarınız aralıda dursunlar. O da şikayət edirdi ki, Yaqub müəllim, axı biz belə təhlüksizliyinizi təmin edə bilmirik. Siz avtomobildən düşüb birbaşa camaatın arasına çıxırsız. Mən də deyirdim ki, qorxmayın, mənim xalqın qarşısında alnım açıqdır.

-Yəqin dövlət başında olduğunuz iki aya yaxın müddətdə vəzifəyə keçmək və s. üçün sizə rüşvət təklif edənlər də olurdu?
-O qədər. Amma Ali Sovet sədri olan gecə qohum-əqrəbanı yığıb əlimi Qurana basmışdım ki, mən bu vəzifədə heç bir rüşvət-filan götürməyəcəm. Qohumlara da demişdim ki, mənə bu mövzularda ağız açmayın. Böyük vəzifələr üçün yüksək məbləğlərdə pullar təklif ediblər, hamısını rədd etmişəm. Ticarət naziri, “Azərittifaq”ın sədri, Neft şirkətinin və s. rəhbəri olmaq üçün neçə adam özümə də, qohumlarıma da müraciət ediblər, faydası olmayıb. Amma məndən sonra həmin vəzifələrə həmin məbləğləri verib gedənlər oldu...

- Siyasətə qoşulmağınıza görə peşiman deyilsiz ki?
-Əslində siyasətə mən öz təşəbbüsümlə qoşulmamışam, siyasət özü məni çəkib ağuşuna... Hələ mən tələbəlikdən, I kursda oxuyandan – 1960-cı ildən Tibb İnstitutu komsomolunun I katibi olandan siyasətdəyəm. Bəziləri məni təcrübəsi olmayan, qətiyyətsiz siyasətçi adlandırslar da, bu, belə deyil...

-Yaqub müəllim, 74 illik ömrünüzdə müəlilmlərin, jurnalistlərin, hakimlərin, böyük dövlət başçılarının və s. saysız-hesabsız suallarına cavab vermisiz. Allahın Qurani-Kərim və digər Kitablarında vəd etdiyinə görə, Qiyamət günü hər birimiz bu dünyadakı yaşamımızla bağlı sonsuz suallara cavab verməli olacağıq. Ən çox hansı sualı cavablandıra bilməməkdən ehtiyat edirsiz?
-Hər şey Allahın əlindədi. Amma mən həyatım boyu həmişə yaxşı işlər görməyə çalışmışam. İnsanların yanında alnım açıqdır. Ona görə də tam arxayın olmasam da, ümidliyəm ki, Yaradan qarşısında cavab verə bilməyəcəyim elə bir çətin sual olmayacaq...

Geri qayıt