Əsas Səhifə > Partiya, Güney Press > "Başqa ölkələr bizim daxili işimizə qarışa bilməz"

"Başqa ölkələr bizim daxili işimizə qarışa bilməz"


27-04-2015, 09:41
"Başqa ölkələr bizim daxili işimizə qarışa bilməz"
Azərbaycanın bəzi Qərb ölkələri, eləcə də Vatikan və Frnasada müxtəlif layihələrin reallaşmasına milyonlarla vəsait sərf etməsi və nəticədə, bu ölkələrin qondarma erməni soyqırımını tanımaqla rəsmi Bakının “yaxşılığını” heçə sayması cəmiyyətin bu gün də müzakirə etdiyi başlıca məsələlər sırasındadır. Nəinki ictimai-siyasi xadimlər, hətta sadə vətəndaşlar da hesab edir ki, rəsmi Bakının xalqın boğazından kəsdiyi vəsaitləri ermənilərə havadarlıq edən, uydurma soyqırımı tanıyan ölkələrin ehtiyaclarına sərf etməsi hökumətin xarici siyasətinin məntiqsizliyi kimi qəbul edilməlidir.
Maraqlıdır, bəs hakimiyyət təsmilçilərinin özü xərclənən pullar və bunun qarşılığında əldə edilən siyasi uğursuzluqları necə izah edir? Bu siyasətin yanlışlığı iqtidar mənsubları tərəfindən etiraf olunurmu?
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu məsələdə hər hansı məntiqsizlik və uğursuzluq görmədiyini vurğuladı. Millət vəkilinin qənaətincə, Azərbaycanın sözügedən ölkələrə sərf etdiyi vəsait humanitar aksiyalar çərivəsində xərclənib və bunun siyasi qərar və ya yanaşmalarla bir əlaqəsi yoxdur:
“Dövlətin vəsaitinin lüzumsuz yerə erməni havadarı olan dövlətlərə xərclənməsi fikri qəti şəkildə doğru deyil. Biz Vatikanda, başqa-başqa yerlərdə, müxtəlif ölkələrdə bu işləri həyata keçiririk. Bu, humanitar aksiyadır. Istər Vatikan, istər Fransa onsuz da erməni soyqırımını neçə illərdir ki, tanıyır. Onlar qondarma erməni soyqırımını sadəcə bu gün tanımayıblar ki? Burada söhbət bu dövlətlərin Azərbaycana olan münasibətindən gedir. Onların Azərbaycanla çox yaxın münasibətləri var. Lakin bu da bir həqiqətdir ki, hər bir ölkənin öz siyasəti var. Və sən bu siyasətə, onun gedişatına təsir edə bilməzsən. Biz də hər zaman demişik ki, başqa ölkələr bizim daxili işimizə qarışa bilməz. Biz də heç bir ölkənin daxili işinə qarışmırıq”.

Geri qayıt