Əsas Səhifə > Partiya, Güney Press > İqtidarla dialoqa gedənlər və qaçanlar...

İqtidarla dialoqa gedənlər və qaçanlar...


14-05-2015, 09:43
İqtidarla dialoqa gedənlər və qaçanlar...
Mayın 15-də iqtidarla müxalifət arasında növbəti görüş keçiriləcək. Uzun müzakirələrdən sonra Prezident Administrasiyasının təklifi ilə dialoqun vaxtı və mövzusu müəyyən edildi. İqtidarla görüşdə iştirak edəcək müxalifət partiyaları da demək olar ki, bəllidir.

Bundan öncəsi görüşlərdə olduğu kimi, budəfəki müzakirələrdə də müxalifətin bir qismi, daha dəqiq desək “Azadlıq-2015” bloku iştirak edəcək.

İqtidarla sayca üçüncü görüşdə dəvət olunmalarına baxmayaraq, AXCP və Müsavat partiyalarının iştirakı sual altındadır. İqtidardan bu partiyalara təklif gəlsə də onlar, dialoqla bağlı yekun mövqe nümayiş etdirmirlər. Halbuki, iqtidar ayrıseçkilik salmadan AXCP və Müsavatı da BMM-də keçiriləcək görüşə dəvət edib. İkincilər gah nala vururlar, gah da mıxa...

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı AzVision.az-a açıqlamasında bildirib ki, təmsil etdiyi partiya görüşdə iştirak etməyəcək. “Görüşdə iştirak etməməyəcəyik. Səbəblərinə gəlincə isə bu, mətbuata daha sonra açıqlanacaq”.-deyə AXCP rəsmisi deyib.

F.Qəhrəmanlı dialoqdan qaçmalarının səbəbini isə açıqlamayıb.

Müsavat Partiyasının sədr müavini Elman Fəttah isə partiyanın görüşlə bağlı mövqeyinin bu gün keçiriləcək mətbuat konfransında açıqlanacağını deyib.

Dialoq təklifi Müsavatda birmənalı qarşılanmır. İqtidarın təklifinə müsbət baxanlar, başqan Arif Hacılını PA rəsmisi Əli Həsənovla görüşdə görmək istəyirlər. Arif Hacılı isə Müsavatdakı istefalar, qalmaqallar fonunda hələ də susur.
İqtidarla dialoq müxalif media ilə yanaşı sosial şəbəkələrdə də davam edir. Müxalifət yetkililəri AXCP-Müsavat cütlüyünün hakimiyyətlə dialoqdan qaçmasının səbəbini Avropa Oyunları ilə əlaqələndirirlər. Bildirilir ki, Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən yarışları həzm etməyən müxalifət məhz bu səbəbdən təklif olunmasına baxmayaraq, iqtidarla bu mövzu ətrafında görüşmək istəmir.

Göründüyü kimi, 15 may dialoqunda kimlərin iştirak edəcəyi, kimlərin isə qaçdığı bəllidir.

Qeyd edək ki, iqtidarla bundan öncəki dialoqlarda Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev,Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Xalq Partiyasının sədri Pənah Hüseyn, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və digərləri iştirak ediblər.

Geri qayıt