Əsas Səhifə > Partiya, Güney Press > İsa Qəmbərin 3 yalanı...
İsa Qəmbərin 3 yalanı...6-06-2015, 10:39 |
Yalan danışmaq siyasətçilərin çoxdankı adətidir. Barmaqla sayılası qədər adam olar ki, reputasiyasında yalan olmasın. Kimi özünü gözə soxmaq üçün yalan danışır, kimi varlığını hiss etdirmək üçün, kimisi də boş cibini doldurmaq üçün... Məsələn, bizdə deputat, prezident seçkiləri öncəsi təsəvvür edə bilməyəcəyiniz yalanları eşidə bilərsiniz. Bu işdə müxalifət təmsilçiləri daha peşəkar və “kreativ” görünürlər. 22 ildir yerindən bir addım belə tərpənməyən narazılar eyni yalanı (“Biz hakimiyyə gələcəyik” - red) illərdir xalqa sırıyır. Sizcə, elə seçki olubmu ki, bunu eşitməyək? Seçkiöncəsi ən ağlasığmaz yalanları qarşı cəbhənin ifasında dinləyə bilərsiniz. Nümunə üçün: “Mənə səs verin, Qarabağı bir günə geri alacam”, “Maaşları 10 dəfə artıracam” və “sizi cənnətdə yaşadacam” və s. ilaxır... Nəticə isə sıfırdır. Yəni xalq bu yalanları “yemir”, qatığın qara olduğuna qətiyyən inanan yoxdur. Əsl yalançı odur ki, öz yalanına kimlərisə deyil, ilk öncə özünü inandıra bilsin. İsa Qəmbər kimi.. Təxminən 4 il öncə idi. İsa Qəmbərdən Müsavatın qərargahında müsahibə götürürdüm. O zaman gündəmin əsas mövzusu Müsavatın saqqız kimi uzanan qurultayı və qurultayın Türkiyə və Gürcüstanda keçirilməsi məsələləri idi... Bir aydan çox əziyyət çəksəm də müsahibədə İsa bəyə cəmi 3 sual verə bilmişdim. Söhbətə “niyə qurultay keçirmirsiniz” sualı ilə başlayanda İsa bəy sifətini turşudaraq “hakimiyyət bizə yer verir ki...?”,- deyə cavab vermişdi. İkinci sualım belə idi: “qurultay keçirmək üçün icarəyə yer götürmək fikriniz varmı?”. Bu suala Müsavatın o zamanki başqanı yenə aqresiv cavab verib, müsahibəyə razılıq verdiyinə peşman olduğunu hiss etdirirdi. Cavab qısa və lakonik: “Pulumuz yoxdur...” Üçüncü sual İsa Qəmbəri lap əsəbiləşdirdi. -Pulunuz yoxdursa, 800 nəfəri Gürcüstana necə aparacaqsınız? Elə bu sualla da müsahibə başa çatdı. Siqareti bir-birinə calayan İsa Qəmbər yalanını tutduğumu görüb, başladı mübahisə etməyə: “Siz təxribat törətməyə gəlmisiniz bura? Bu nə suallardır verirsiniz? Sizi kim göndərib bura...?” Nəhayət, qurultay keçirildi və İsa Qəmbər başqanlıqdan getdi. ...Çoxdandır mətbuata çıxmayan keçmiş başqan Müsavatdakı saxta mühacir skandalından sonra Meydan tv-ə müsahibə verərək bəzi mətləblərə aydınlıq gətirməyə çalışdı. Müsahibəni oxuduqdan sonra bir daha əmin oldum ki, İsa bəy hələ də yalan danışmaq vərdişindən əl çəkməyib. -İsa bəy, Müsavat Partiyası ilə bağlı belə toplu halda və bu qədər konkret, sərt ittihamların arxasında nə dayanır? Niyə indi? Niyə bu qədər açıq? Niyə bu qədər kütləvi..? Jurnalistin ilk sualına cənab Qəmbər 3 əsas səbəb gətirir, daha doğru 3 yalanla cavab verir. 1.Hakimiyyət Müsavatın prinsipial, ardıcıl və sistemli mövqeyini özü üçün potensial təhlükə mənbəyi hesab edir. Ona görə potensial sözünü işlədirəm ki, rejim indi fəal olmayan cəmiyyətin fəallaşması, hakimiyyətdən hesabat tələb etməsi perspektivindən ciddi şəkildə qorxur. -Bəli, İsa Qəmbər demək istəyir ki, iqtidar indiki Müsavatdan qorxur. Gülünc və bir o qədər də fantastik cavabdır. Görünür, İsa Qəmbər Azərbaycanda yox, hansısa yad planetdə yaşayır ki, Müsavatın indiki durumundan xəbərsizdir, ya da özünü “sındırmaq” istəmir, hələ də güclü olduğuna kimlərisə inandırmaq istəyir. İsa bəyə haqlı olaraq sual vermək istərdim ki, Müsavatda iqtidarla mübarizə apara biləcək adam qalıbmı? Qalıbsa, kimlərdir? Yəqin ki, bu sualı ona versəydim ilk müsahibədə olduğu kimi, bizi yenə kabinetindən qovardı. İsa bəyin diqqətinə: Qoca çinar kimi yarpaqları tökülən, saralan Müsavat əslində olan qalan gücünü Arif Hacılının dövründə itirdi. Amma siz səsinizi çıxarmadınız, görməzdən gəldiniz. Partiyada bir birinin ardınca istefalar, qovulmalar, söyüşmələr, daxili çəkişmələr, qruplaşmalar və daha nələr olmadı ki... Bu hadisələrdən sonra can üstə əlləşən bir partiyadan iqtidarın qorxmasına özünüzə də inanırsınızmı? Şəxsən mən inanmıram. Bənzətməsi xoş olmasa da sizin bu cavabınız anasının tumanı arxasında gizlənib “səni döyərəm” deyən uşağı xatırladır. İsa Qəmbərin göstərdiyi ikinci səbəb qatığın qara üzü kimi qapqara yalandır. Ağ yol, məhz qara... 2. Hakimiyyətin edə bilmədiyini və edə bilməyəcəyini Müsavat Partiyası 8-ci qurultayında etdi. Cəmiyyətə gerçək demokratiya nümunələri: iki dəfədən artıq vəzifədə qalmamaq, azad və ədalətli seçki, müstəqil seçki komissiyası, şəffaflıq və s. təqdim edildi. Etiraf etməsələr də, rejimin Müsavata qəzəbinin əsas səbəblərindən biri budur. -Qısası, İsa Qəmbər demək istəyir ki, Azərbaycanda indiyə kimi ən demokratik seçkini Müsavat 8-ci qurultayında keçib. Müsavatın qurultayı o qədər “demokratik” və “şəffat” keçirildi ki, partiya hələ də özünə gələ bilmir. İsa bəy, hansı demokratiyadan danışırsınız? Bəlkə onu bizə də açıqlayasınız. Partiyanı tənqid edəni, ağzını açıb danışanı Müsavatdan qovmaq demokratiyadırsa, heç şübhəsiz ki, siz Obamadan daha demokratsınız... Bax budur, sizin qurduğunuz “şəffaflıq” və “demokratiya” Şərhsiz: Qubad İbadoğlu: “Arif Hacılının öz potensialı, öz resursları ilə mənə qalib gəlməsinə inanmaram, seçkidə saxtakarlığ yol verilib” Vurğun Əyyub: “Arif Hacılı Müsavatın legitim başqanı deyil, saxtakarlıqla seçilib” Səxavət Əlisoy: “Partiyanın bərbad günə qalmasına görə günahkar İsa Qəmbər və Arif Hacılıdır” Bu siyahını daha da artırmaq olar, cənab Qəmbər! Keçmiş başqanın üçüncü səbəbi Avropa Oyunları ilə bağlıdır. 3. Rejim üçün ən həssas mövzulardan biri olan Avropa oyunları məsələsində Müsavat Partiyasının aydın, ardıcıl və prinsipial mövqe təqdim etməsi, Avropa liderlərini oyunların açılış mərasimində iştirakdan imtina etməyə çağırması. -Cənab Qəmbərin dediyindən belə başa düşmək olar ki, Müsavatın Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını boykot etməsi hakimiyyəti ciddi şəkildə narahat edir, hətta iqtidar bu çağırışdan təlaşa düşüb. Yəni, nə demək istəyirsiniz Müsavat boykot edib deyə, yarışlar keçirilməyəcək, Azərbaycana heç kim gəlməyəcək? Hakimiyyətə gəlmək ümidilə müxalifətdə saç ağartmış siyasətçinin düşüncəsi çox bəsit və olduqca gülüncdür. İsa bəy, deyəsən başqanlıqdan gedəndən sonra sivilizasiyadan tamam uzaqlaşıb, dünyadan xəbəri yoxdur. Avropa Oyunlarının açılışına 20-dən çox prezident gələcək, yarışlarda iştirak edəcək idmançılar artıq ölkəmizə təşrif buyururlar. Bütün dünya, aparıcı KİV-lər Avropa Oyunlarından danışır, Putin kimi nəgəng lider bu yarışların tarixi əhəmiyyətindən söz açır, siz isə boykot edirsiniz? Edin, əlinizdən nə gəlir edin. Yarışlara baxmayın, kanalını dəyişib, mutfilmlər izləyin, boş vaxtınız olanda Facebook-da status yazın, “lik” edin, Avropaya gedənlərlə 1500 manat alıb şəkillər çəkdirin, bir sözə nə istəyirsiniz edin... Sizcə, nə dəyişəcək? Cavabın bildiyim bu sualı nə zaman görsəm mütləq İsa Qəmbərə verəcəyəm... Sonda isə qeyd edim ki, mənim də İsa bəyə 1500 manat borcum var, axı müsahibə zamanı şəkil şəkdirmişdik... Anar Rüstəmov Geri qayıt |