Əsas Səhifə > Partiya, Güney Press > “Mühacirlər Avropadan Arif Hacılıya pul göndərirlər”

“Mühacirlər Avropadan Arif Hacılıya pul göndərirlər”


8-06-2015, 12:38
“Mühacirlər Avropadan Arif Hacılıya pul göndərirlər”
Müsavat Partiyasının müəyyən pul müqabilində saxta arayışla öz üzvlərini mühacirətə göndərməsi ilə bağlı irəli sürülən ittihamlar səngimir. İddialarda İsa Qəmbərin Müsavat Partiyası başqanı olduğu dönəmlərdə daha çox yalançı arayış verilməsi məsələsi isə diqqəti daha da cəlb edir.

Modern.az saytı saxta sənəd qalmaqalı ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Müsavat Partiyasının keçmiş üzvlərinə müraciət edib.

Müsavat Partiyası başqanının sabiq müşaviri (İsa Qəmbərin sədr olduğu zamanlarda-red), başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bildirib ki, əvvəllər dəhlizlərdə mühacir statusu ilə bağlı ciddi söhbətlər gəzirdi:

“Mən o vaxtlar Müsavatın dəhlizlərində arayış verilməsi ilə bağlı müzakirələr getdiyini eşitmişdim. Əvvəllər düşünürdüm ki, partiyanın qeyri-fəal üzvlərini mühacirətə göndərmək istəyirlər”.

Səxavət Əlisoy bu yaxınlarda Avropaya səfəri zamanı mühacirət məsələsi haqqında kiçik araşdırma apardığını da söyləyib:

“Avropada olarkən mənə məlum oldu ki, bəzi mühacirlər heç Müsavat Partiyasının üzvü deyillər. Amma sənədlər Müsavat Partiyasından verilib və onlar bu partiyanın biletini gəzdirirlər. Deməli, burada heç də primitiv bir arayışdan söhbət getmir”.

“Bəs siz özünüz partiya üzvü olduğunuz vaxtlarda bunu bilirdinizsə, niyə prosesin qarşısını almırdınız” sualına keçmiş müşavir belə cavab verib:

“Yenə deyirəm ki, dəhlizlərdə söz-söhbətlər gəzirdi. Açığını deyim, bu ittihamlar əvvəlki illərdə səslənsə idi, inandırıcı görünməzdi. Biz çox şeylər bilirdik. Ancaq düşünməzdik ki, kimlərsə bu işlə məşğul ola bilərlər. Ancaq indi elə söhbətlər eşidilir ki, deməli, fakt faktlığında qalır”.

Səxavət Əlisoy Avropadakı bəzi mühacirlərin Müsavat Partiyası başqanı Arif Hacılıya pul verdiyini da vurğulayıb:

“Sosial şəbəkələrdə “Mühacir Müsavat” qrupu var. O qrupda olan tanışlarımızdan biri mənə bu gün dedi ki, iyun ayının 15-17-də Arif Hacılı Strasburqa mühacirlərdən pul almağa gələcək. Bundan başqa, siyasi mühacir və Arif Hacılının Avropadakı maliyyə məsələlərini kurasiya edən Eldəniz Yusibov status yazdı ki, başqan səfər edəcək. O, qrup üzvlərinə xatırladıb ki. Arif Hacılı ilə keçirəcəkləri görüşə gələn mühacirlər özləri ilə ianələr gətirsinlər. Lakin o, bu səhvini anlayaraq ikinci status yazdı və ianələr məsələsinə toxunmadı. Yəni özləri də etiraf edirlər ki, Arif Hacılıya pul verirlər. Öz başqanlarının cibinə pul qoymağı sistemləşdiriblər. Hətta zaman-zaman Azərbaycana pul da göndərirlər və o vəsait Arif Hacılıya çatır”.

Səxavət Əlisoy hesab edir ki, problemləri ya istintaq, ya da jurnalistlər araşdırıb ortaya nəticə qoymalıdır.

Müsavat Partiyası Məclisinin keçmiş üzvü Səftər Nəhmətli isə şəxsən öz imzası ilə bir neçə nəfərə arayış verdiyini diqqətə çatdırıb. Bununla belə, o deyib ki, verdiyi arayışlar Müsavat Partiyasının adından olmayıb:

“2003-cü il prezident seçkilərindən sonra mən, Kamil Vəli Nərimanoğlu və Ramiz Rövşən həbs olunan insanların hüquqlarının qorunması ilə məşğul idik. Arayış verdiyim adamlardan biri Rahib Kazımlı, o biri isə Sərdar Ağayevdir. Bu sənədləri Saxta Seçkilər və Repressiyalara qarşı Mübarizə Komitəsinin sədri kimi vermişdim. Rahib Kazımlı məndən müsahibə götürmüşdü və hakimiyyəti kəskin tənqid edən ifadələr işlətmişdi. Buna görə də ona təzyiq göstərirdilər.
İsa Qəmbərin sürücüsü Sərdar Ağayev isə döyülmüşdü və böyrəkləri əzilmişdi, qan qusurdu. Onun şəkli olan arayışı mənim imzamla “Human Right Watch” təşkilatına verdik. Mənim işim bundan ibarət olub. Müsavat Partiyasının daxilində isə arayışları Təşkilat Komitəsi verirdi. Təşkilat Komitəsinin təşkil etdiyi proseslərdə isə mən iştirak etməmişəm. O arayışların doğru və ya yalan olmasını deyə bilmərəm, çünki əlimdə konkret dəlillər yoxdur. Mənə ən pis təsir edən isə Ləman Talıbova ilə bağlı məsələdir. Ləman Talıbova 2013-cü ilin əvvəllərində siyasi mühacir adı almaqdan ötrü Almaniyaya köç edib. Lakin onun istəyi baş tutmayıb və geri qayıdıb. O bir ay burada qalıb, həm Müsavat Partiyasına üzv olub, həm də vəsiqə alıb. Bununla yanaşı, arayış alaraq yenidən Almaniyaya gedib. Necə ola bilər ki, bir aya partiyaya üzv olasan və sonra da arayış alasan?! Bunlar elə faktlardır ki, nə təsdiq, nə də təkzib etmək olur".

Müsavat Məclisinin sabiq üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin I müavini Vurğun Əyyub məsələ ilə bağlı konkret fikir bildirib:

“Konkret adlar və rəqəmlərlə ittihamlar səslənir. Düşünürəm ki, bu artıq məhkəmə predmetidir. Deyilənlər böhtan və ya doğrudursa, buna hüquqi şəkildə aydınlıq gətirilməlidir”.

Geri qayıt