Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycanda müxalifət partiyalarının nə qədər üzvü mühacirətə gedib?

Azərbaycanda müxalifət partiyalarının nə qədər üzvü mühacirətə gedib?


11-06-2015, 09:52
Azərbaycanda müxalifət partiyalarının nə qədər üzvü mühacirətə gedib?
Mühacirətə gedən müxalifətçilərə saxta sənədlərin verilməsi ilə bağlı qalmaqal davam edir. 2003-cü ildən sonra kütləvi xarakter alan mühacirətə getmək üçün seçim edənlər hətta bu məsələdə qanunsuzluqlara yol verildiyini iddia edirlər. Məsələ ilə bağlı müzakirələrin, həm də mübahisələrin indiki həddə çatması isə Müsavatla partiyanın mühacir həyatı yaşayan üzvləri arasında yaşanan qalmaqal oldu. Ancaq son illər mühacirətə gedənlər təkcə Müsavat Partiyasının üzvləri deyillər.

2003-cü ildən bəri partiyaların necə üzvü mühacir kimi ölkəni tərk edib? Hazırda həmin üzvlərin partiya ilə əlaqəsi varmı?

Modern.az saytı bu suallarla bir necə müxalifət partiyasına müraciət edib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Bizim partiyadan təxminən 2-3 nəfər mühacirətə gedib. Onlardan biri də partiyanın Ali Məclisinin sədri Vaqif Şirinovdur. Onlardan başqa gedən yoxdur. Vaqif Şirinov Belçikada, digər iki nəfər isə İsveçrədədir.

Mütəmadi olaraq onlarla əlaqə saxlayır, oradakı vəziyyətləri ilə maraqlanırıq”.

Vətəndaş Həmrəyliyi partiyasının sədri, deputat Sabir Rüstəmxanlı:

“Partiyadan cəmi 1 nəfər mühacirətə gedib. O da mənim qardaşım Əlövsət Əliyevdir. Qardaşım övladlarının təhsil və özünün müəyyən problemləri olduğu üçün ölkədən gedib”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı:

“Biz onların sayını müəyyənləşdirməmişik. Ona görə də rəqəm deyə bilmərəm. Yəni partiya xətti ilə əlaqəsi olan, partiya özəklərində iştirakı olan xarici ölkələrdəki adamların sayı yüzlərlədir. Nə qədər adamın xaricə getməsi, nə qədər adamın arayış alması məsələsi isə partiyada ayrıca müzakirə mövzusu olmayıb.
Partiyanın nizamnaməsinə uyğun olaraq ancaq Azərbaycan vətəndaşı Müsavatın üzvü ola bilər. Əgər xaricə gedən partiyanın üzvləri oranın vətəndaşlığını qəbul edirsə, artıq onlar üzvlükdən çıxarılır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı:

“Onların sayını deyə bilmərəm. Bu fərdi məsələdir. Ona görə partiya bunu müzakirə eləmir. Mühacirətə gedən üzvlərdən partiya ilə əlaqəsi olanı da var, olmayanı da”.

Ümid Partiyası sədrinin müavini Ənvər Ağayev:

“2003-cü ildən bəri bizim partiyadan yalnız bir nəfər ölkəni tərk edib. Həmin şəxs sədr müavini Qabil Rzayev idi. Hazırda onun partiya ilə heç bir əlaqəsi yoxdur.
Ondan sonra heç bir üzvümüz mühacirətə getməyib. Hətta üzvlərimiz mühacirətə getmək haqda belə bizə müraciət də etməyiblər”.

Geri qayıt