Əsas Səhifə > Partiya, Güney Press > "Bu gün həbsdə olan QHT üzvləri var ki, onlar faktiki olaraq Azərbaycana fayda verən adamlar ola bilərdilər, ancaq..."

"Bu gün həbsdə olan QHT üzvləri var ki, onlar faktiki olaraq Azərbaycana fayda verən adamlar ola bilərdilər, ancaq..."


18-06-2015, 10:26
"Bu gün həbsdə olan QHT üzvləri var ki, onlar faktiki olaraq Azərbaycana fayda verən adamlar ola bilərdilər, ancaq..."
5 ildir ki, Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan bu təşkilatla nəinki sıx, qarşılıqlı səmərəli əməkdaşlıq edir, eyni zamanda öz aktivlyi ilə fərqlənən ölkələrdən biridir.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycan nümayəndə heyətinin üzvləri bir sıra məruzələrin müəllifi olublar:
“Avropa Şurasında ən yüksək status məruzəçi olmaqdır. Çünki bu AŞ-nın mövqeyini ifadə edən sənəddir. Əgər AŞ hər hansı ölkənin deputatına belə bir səlahiyyəti verirsə, bu, qurumun həmin ölkəyə olan münasibətinin göstəricisidir.

Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-da müxtəlif alt qruplarda, komitələrdə rəhbərlikdə təmsil olunublar. Bütün bunlar bir daha Azərbaycanla AŞ arasındakı intensiv əməkdaşlığın göstəricisidir.”

Hüseynov onu da əlavə edib ki, Azərbaycan da digər gənc demokratik ölkələr kimi qurumun monitorinqi altında olan ölkələrdəndir. Ona görə də mütəmadi olaraq Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası və görülən işlərlə bağlı hesabatlar hazırlanır. “Növbəti belə bir məruzə AŞPA-nın yay sessiyasında müzakirə ediləcək. “Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında” hesabatı müzakirəyə çıxarılacaq. Bu hesabat məruzəçilər Pedro Aqramunt və Tadeuş Livinski tərəfindən hazırlanıb. Burada ötən hesabat dövründən sonra Azərbaycanda görülən işlər öz əksini tapıb. Kifayət qədər pozitiv məqamlar var. Bununla belə tənqidi məqamlar da yer alıb. Bu da təbiidir. AŞ elə bir qurumdur ki, orada heç də hər zaman tərifləmirlər, eyni zamanda problemlərə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə tənqid də edirlər, problemin həllini yolunu göstərirlər. Düzdür tənqiddən tənqidə də fərq var. Bir var məsələyə obyektiv yanaşma, bir də var qərəzli yanaşma.”

Millət vəkili deyib ki, Azərbaycan nümayəndə heyəti bu sənədlə tanışdır və oradakı bir sıra müddəalarla razı olmadığı üçün özünün xüsusu cavab rəyini hazırlayır. “Razı olmadığımız məqamlar müzakirlər zamanı parlamentarilərin diqqətinə çatdırılacaq və bu təkliflər sənədin qəbulu zamanı öz əksini tapacaq” — deyə Hüseynov vurğulayıb.

Sənəddə bir sıra məqamlarla, xüsusən də ölkədə insan haqları, QHT-lərə qarşı basqıların olması fikri ilə razılaşmayan Hüseynov deyib: “Son illərdə bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa Şurasında Azərbaycana qarşı siyasi təzyiqlərin şahidi olmaqdayıq. Təəssüflər olsun ki, bu təzyiqlərin arxasında qərəz dayanır. AŞPA-nın növbəti həftə keçiriləcək sessiyasına Azərbaycanla bağlı təqdim edilən sənəddə də bu qərəz açıq aydın görünməkdədir.”

Azərbaycan nümayəndə heyətinin üzvü onu da deyib ki, Demokratiya üzrə Forum AŞ-nın son illərdə ən ali məclislərindən biri hesab olunur və ötən forumda orada bir tezis açıq şəkildə səsləndirilib: “Forumun arxasında dayanan iri güclər ayrı-ayrı ölkələrdə siyasi müxalif qüvvələrlə deyil, QHT təmsilçiləri, bloggerlərlə, jurnalistlərlə işləməyə üstünlük verdiklərini bəyan ediblər. Bu qüvvələr Azərbaycan kimi ölkələrdə xarici dilləri yaxşı bilən, kifayət qədər dünya görüşünə malik olan QHT üzvlərini, blogger və jurnalistləri özlərinin nüfuz dairəsinə salırlar. Onlar bu yolla bu şəxsləri xarici casus şəbəkələrinə cəlb edirlər. Düşünürəm ki, belə insanların xarici casus şəbəkələrinə cəlb edilməsi Azərbaycan üçün itkidir. Bu gün həbsdə olan QHT üzvləri var ki, onlar faktiki olaraq Azərbaycana fayda verən adamlar ola bilərdilər. Ancaq faktlar onların xarici casus şəbəkələrinə cəlb olunduğunu sübut edir. Bu şəxslər ya bilərəkdən, ya da bilməyərəkdən demokratiya pərdəsi altında Azərbaycan dövlətçiliyinə və müstəqilliyinə qarşı təxribat xarakterli əməllərlə məşğul olublar. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, həmçinin regionda və dünyada aparıcı mövqeyə çıxması heç də bəzi iri güclərin marağında deyil və uğurlarımıza qısqanclıqla yanaşırlar. Ona görə də bu inkişafa mane olmaq, onu gözdən salmaq üçün müxtəlif yollara əl atırlar. Bu da həmin yollardan biridir. Bu güclər Azərbaycandakı sözügedən QHT təmsilçiləri, blogger və jurnalistlərdən istifadə edərək təzyiq göstərirlər. Bu təzyiqlərə baxmayaraq, ölkə başçısı kifayət qədər qətiyyət və iradə nümayiş etdirir. Hesab edirəm ki, bu mövqe sonadək davam etdirilməlidir” — Hüseynov qeyd edib.

Millət vəkili deyib ki, biz vətəndaşlarımızın qədrini və onların hüquqlarını müdafiə etməyi bizə demokratiya dərsini vermək istəyənlərdən yaxşı bilirik: “Biz vətəndaşlarımızın hüquqlarını qorumağı özümüzə borc bilirik. Ancaq insanlar sərhədləri aşıb dövlətçiliyimiz və müstəqilliyimiz əleyhinə fəaliyyət göstərəndə, onlar barədə hüquq müstəvisində tədbirlər görülür.”

Hüseynov hesab edir ki, bu təzyiqlər adətən Azərbaycanda mötəbər tədbirlər ərəfəsində ortaya çıxır. Belə bir təzyiq kampaniyası Birinci Avropa Oyunları zamanı da davam etdirilir: “Bu qüvvələr guya Azərbaycanda insan haqlarının kobud surətdə pozulmasını və demokratiyanın olmamasını uyduraraq Avropa Oyunları ilə bağlı qarayaxma kampaniyası aparırlar. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan bu oyunları axıradək yüksək səviyyədə keçirəcək və dünya ictimaiyyəti Azərbaycanın real inkişafının şahidi olacaqlar. Demokratiya pərdəsi arxasında gizlənən xarici kəşfiyyat orqanları və erməni lobbisinin təsiri altında olan güclər bu inkişafa kölgə salmaq üçün çirkin kampaniyanı davam etdirəcəklər. Elə AŞPA-da hazırlanan son hesabatın altından Pedro Aqramunt və Tadeuş Livinskinın imza atmalarına baxmayaraq, bu sənədə bəzi iri dövlətlər və güclər tərəfindən müəyyən düzəlişlər edilib. Biz o hesabatla yaxşı tanışıq və orada adekvat reaksiya verəcəyik.

Ulu öndər Heydən Əliyev məclislərin birində belə bir fikir söyləmişdi: İslam dinində cənnətlə cəhənnəm arasında sirat körpüsü anlamı var. Bu gün Azərbaycan o körpünü xatırladır. Tükdən incə, qılıncdan iti olan bu körpüdən keçmək elə də asan deyil. Bu yoldan az sağa və ya az sola addım atmaq uçuruma yuvarlanmaq deməkdir. Odur ki, Azərbaycan öz düzgün yolu ilə irəliyə doğru addımalayacaq və bu düz yoldan dönməyəcək.”

Geri qayıt