Əsas Səhifə > Partiya, Güney Press > Millət vəkili Ağalar Məmmədovu faşizmdə suçladı...

Millət vəkili Ağalar Məmmədovu faşizmdə suçladı...


24-06-2015, 10:18
Millət vəkili Ağalar Məmmədovu faşizmdə suçladı...
Moderator.az millət vəkili Fazil Mustafanın Hüseyn Cavid haqqında Ağalar Məmmədov adlı birisinin cəmiyyətdə ciddi etiraz doğuran bir sərsəmləməsinə qənaətini oxuculara təqdim edir:

"Mən çox istərdim ki, bu xalqın içindən dünya fikir xəzinəsinə töhfə verəcək bilgə şəxsiyyətlər yetişsin. Bu xalqın xarakterində müşahidə olunan kifayət qədər natamamlıqlarını təftiş edən, üzərinə gedən, çözməyə çalışan filosofların, düşüncə adamlarının varlığını hava-su kimi zəruri hesab edirəm. Siyasət içindən bir çox məqamların üzərinə sərt formada getmək, doğru mühakiməyə cəmiyyəti alışdırmaq çox vaxt normal anlaşılmır və problemlər də çözülməmiş qalır. Dil məsələsi də, din məsələsi də, milli identikliyə aid digər məsələlərin də yeni şərhə ehtiyacı var və bu mövzularda müzakirələrin açılmasının ancaq faydası ola bilər. Son günlərin mübahisə doğuran "dilimizin vəziyyəti" barədə təhlilllərə, mülahizələrə də bu sahədə hazırlığı olan şəxslərin qoşularaq doğruların üzə çıxarılmasına yardım etməsini vacib sayıram. Ancaq niyə tərəfimizdən Azərbaycanın fərqli bir mühakimə tərzi olan bir fəlsəfə tədqiqatçısına qarşı sərt, hətta təhqirə varacaq səviyyədə bir mövqe qoyuldu? Baxın, bir düşüncə adamı bizim anladığımız şəkildə imansız ola bilər, dinə də, onun dəyərlərinə də qarşı ola bilər. Bu adamın seçimidir, yanlışı-doğrusu özünü maraqlandırar. Ancaq bir düşüncə adamı heç bir halda humanist anlayışdan kənara çıxmamalıdır. Necə ki, humanist anlayışdan kənara çıxan bir İslam mənsubu cahil bir İŞİD-çıyə, Talibançıya, fərqli bir terrorçu obrazına çevrilir, mövcud olduğu hər yerdə cəhalət qalası qurur, eyni qaydada Ağalar Məmmədov kimi istedadlı düşüncə adamları da imkanları məhdud olduğuna görə hələ praktik bir şeylər edə bilməyən fikir terrorçularına çevrilirlər. Cavidə xitabən "Vaxtında repressiya olundu, yoxsa dilimizi zibilliyəcəkdi" ifadəsi məhz bir antihumanist, terrorçu mühakiməsi ilə səslənən fikir olduğuna görə narahatçılıq doğurur. Cavidin obrazları da, əsərlərinin dili də, hətta ideya-düşüncə xətti də tənqidə, təftişə açıqdır, ancaq "vaxtında represiya olundu" tənəsi adi bir insanlıq və ləyaqət ölçüləri ilə uzlaşmır ki, uzlaşmır. İslama qarşı olmağa soyuqqanlı yanaşmaq lazımdır, necə ki, Allahın Rəsulu (S.Ə.V.) müşriklərə qarşı təqribən bu şəkildə yanaşmışdır. Ancaq Avropa düşüncəsində belə ön sırada yerini tutmuş humanizm prinsiplərindən imtinaya qarşı sərt mövqe qoyulması vacibdir. Çünki "vaxtında repressiya" Hitlerın ifadəsi ola bilər, bir alimin deyil."

Geri qayıt