Əsas Səhifə > Partiya, Güney Press > Parlament seçkiləri öncəsi partiyalar niyə susub?
Parlament seçkiləri öncəsi partiyalar niyə susub?30-06-2015, 14:10 |
Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Lakin seçkiyə 4 ay qalmasına baxmayaraq, ölkənin siyasi səhnəsində əsaslı aktivlik müşahidə olunmur. Müxalifət partiyalarının bir qismi (KXCP, Aydınlar, AzDP, BAP, VİP, ALDP, Azadlıq, AXP) “Azadlıq-2015” blokunda cəmləniblər. Özlərini radikal müxalifət adlandıran AXCP və Müsavat Partiyaları isə heç bir bloka qoşulmadan, müstəqil şəkildə seçkilərdə iştirak edəcəklərini bildiriblər. VİP sədri Əli Əliyev Hafta.az-a açıqlamasında bildirdi ki, “Azadlıq-2015” seçki bloku on gün ərzində aktivlik nümayiş etdirəcək. Sədrin sözlərinə görə, müxalifət cəbhəsində olan durğunluğun səbəbi ölkədə birinci Avropa Oyunlarının keçirilməsidir: “Blokda bir sıra hazırlıq işləri aparılmaqdadır. Artıq seçki qərargahı formalaşdırmışıq. Blokda təmsil olunan partiyalar hazırda əsasən namizədləri müəyyənləşdirməklə məşğuldurlar. Seçki təqviminə uyğun olaraq müvafiq tədbirlərimizi keçirəcəyik. Seçki ilində bu cür siyasi passivliyin səbəbi hesab edirəm ki, ölkəmizdə Avropa Oyunlarının keçirilməsi ilə əlaqəli oldu. Bütün təbliğat resursları, ictimaiyyətin diqqəti bu oyunlara yönəldi. İndi artıq oyunlar yekunlaşıb. Düşünürəm ki, cəmiyyətdə tədricən seçki ab-havası yaranacaq. Oyunların yaxşı mənada gurultulu təbliğatı fonunda seçki tərəfdarlarının səsi aydın hiss olunmurdu. Biz də bu mühitə uyğunlaşdıq. Çünki Avropa Oyunları iqtidarın tədbiri deyil. Bu bizim dövlətimiz, ümummilli maraqlarımız üçün lazımlı bir layihə idi. Hesab edirəm ki, elə bu cür də olmağı, yəni təbliğatın aparılması lazım idi. Bizim partiyada da namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Artıq 40-a yaxın namizədimiz təsdiq olunub. Avqust ayının sonunda seçki blokumuzun ümumi siyahısı hazır olacaq”. Lakin bloka daxil olan bəzi partiyalar təkcə parlament seçkilərinin ardınca deyil, eyni zamanda, daxili seçkilərinin, yəni qurultaylarının keçirilməsini də planlaşdırırlar. Bu yay bloka daxil olan iki partiya-KXCP və AXP qurultay keçirməyi düşünürlər. Yuxarıda qeyd etdiyimiz kimi, özlərini radikal adlandıran Müsavat və AXCP isə hələ özünü toparlaya bilməyib. Müsavat Partiyası qurultaydan sonra baş verən istefalar nəticəsində xeyli zəifləmiş kimi görünür. Partiyanın başqanı Arif Hacılı isə bildirib ki, Müsavat Partiyası parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır və onlar seçkidə var gücləri ilə iştirak edəcəklər. AXCP daxilində də siyasi durum gərgindir. Misal üçün qeyd edək ki, son günlər AXCP-nin Nərimanov rayon təşkilatının təşkilat məsələləri üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğlu partiya sıralarından çıxarıldıqdan sonra bununla bağlı məhkəməyə müraciət edib. Onun ardınca isə partiyanın məclis sədri Saleh Hüseyn da istefa verib. Bütün bunlarla yanaşı, partiyanın sədr müavini Fuad Qəhrəmanlının Hafta.az-a verdiyi açıqlamaya görə, onlar sentyabr ayında qurultay keçirməyi düşünürlər. Beləliklə də Azərbaycanda bu il parlament seçkiləri ili olsa da, hələ ki, ölkədə heç bir seçki ab-havası müşahidə olunmur. Geri qayıt |