Əsas Səhifə > Partiya, Güney Press > "AXCP-də Əli Kərimlidən başqa heç yarım lider də yoxdur"

"AXCP-də Əli Kərimlidən başqa heç yarım lider də yoxdur"


2-07-2015, 12:09
"AXCP-də Əli Kərimlidən başqa heç yarım lider də yoxdur"
ADP sədri Sərdar Cəlaloğlu Hafta.az-a müsahibəsində ölkədə baş verən siyasi hadisələrdən danışıb.

Müsahibəni təqdim edirik:

- Növbəti müxalifət-iqtidar görüşündə hansı məsələləri müzakirə etməyi düşünürsünüz?

- Doğrusu hələ ki, görüşün vaxtı bizə bəlli deyil. İndiki zaman üçün aktual məsələ parlament seçkiləridir. Görüş də baş tutarsa, gündəlikdə hesab edirəm ki, əsas məsələ seçkilər olmalıdır.

- Bu il seçki ilidir. Ancaq heç bir aktivlik müşahidə olunmur. Sizcə, nə üçün belədir?

- Ümumiyyətlə, Azərbaycan siyasi tənəzzül dövrünü yaşayır. Müxalifətin zəifləməsi, siyasi güc kimi iqtidara da təsir edir. Bu xalqa da birbaşa təsir edir. Cəmiyyəti ya müxalifət, ya da iqtidar siyasiləşdirə bilər. Hazırkı dövrdə bunların heç biri baş vermir. Bu baxımdan seçki ili olması da hiss edilmir. Seçki aktivliyi də siyasi aktivliklə bağlıdır. Qeyd etdiyim faktorlar yoxdursa, cəmiyyət öz-özünə aktivləşə bilməz. Əksinə, yaranan sosial problemlər vətəndaşları radikal qüvvələrin təsirinə sala bilər. Son zamanlar İŞİD və digər radikal qruplaşmanın tərkibinə qoşulan vətəndaşlarımız da buna misaldır.

- Seçkilərə hazırlaşmırsınız? Namizədlərinizi müəyyənləşdirmisiniz?

- Bizim namizədlərimiz də bu xalqın nümayəndələridir. Xalq hansı aktivliklə bu proseslərə baxırsa, bütün partiyalarda namizədlər eyni şəkildə aktivdir. Formal olaraq siyahımız var. Ancaq aktiv seçki mühiti yuxarıda qeyd etdiyim şərtlər daxilində formalaşa bilər.

- AXCP qurultaya hazırlaşır. Qurultaydan sonra Müsavat Partiyasında baş verən hadisələr sizcə AXCP-də də təkrarlanacaq?

- AXCP Müsavatdan qabaq bu vəziyyətə düşmüşdü. Müsavat parçalanana qədər, AXCP on beş yerə bölünmüşdü. Artıq AXCP-nin parçalanma limiti başa çatıb. Təbiətdə arılarda o zaman ayrılma baş verir ki, ikinci bir ana arı meydana gəlir. Yəni bir partiyada ikinci lider ortaya çıxırsa, daxildə demokratiya yoxdursa iki liderin mövcudluğu təşkilatın dağılmasına səbəb olur. AXCP-də belə bir şans yoxdur. Əli Kərimlidən başqa ikinci adam yoxdur ki, hətta yarım lider olsun. Kim liderlik iddiasında olubsa, onlar Əli Kərimlini daha öncə uzun zaman öncə tərk ediblər. Yerdə qalanlar isə indiki sədrin fanatlarıdır.

- AXCP sizi qurultayına çağırsa, gedəcəksiniz?

- Nə onlar məni çağırar, nə də mən gedərəm. Çünki bir dəfə məni tədbirə çağırmışdılar. O zaman elə bir əxlaqsızlıq etdilər ki, bir daha AXCP-nin heç bir tədbirinə qatılmaram.

Geri qayıt