Əsas Səhifə > Partiya, Güney Press > “Azadlıq-2015” ölkədə seçki mühiti yaratmağa çalışır

“Azadlıq-2015” ölkədə seçki mühiti yaratmağa çalışır


4-07-2015, 11:49
“Azadlıq-2015” ölkədə seçki mühiti yaratmağa çalışır
“Azadlıq-2015” seçki bloku namizədlərini müəyyənləşdirmə mərhələsini yekunlaşdırır.

Bu barədə Hafta.az-a açıqlamasında KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib. O bildirib ki, “Azadlıq-2015” seçki bloku ölkədə demokratik mühitin formalaşması məqsədilə yaradılıb.

“Bura daxil olan siyasi partiyaların da əsas məqsədi budur. 125 seçki dairəsi üzrə yerlərdə vəziyyəti təhlil edirik. Həmin yerlərə daha çox ictimai nüfuzu olan şəxslərin namizədliyinin verilməsi üçün işlər aparırıq. Hər bir seçki dairəsindən seçilmə şansı daha yüksək olan şəxslərin namizədliyini müəyyənləşdirməyə başlamışıq. Hazırda bunun üçün blokun seçki qərargahı da yaradılıb. "Azadlıq-2015"ə daxil olan partiya nümayəndələri də seçki blokuna daxil olublar. Ciddi iş gedir. Yerlərdə dairələr təhlil edilir”.

VİP sədri Əli Əliyev də bildirib ki, Avropa Oyunları bitdiyi üçün artıq ictimaiyyətin maraqlarını parlament seçkilərinə yönəltməyin vaxtıdır:

“Blokda bir sıra hazırlıq işləri aparılmaqdadır. Artıq seçki qərargahı formalaşdırmışıq. Blokda təmsil olunan partiyalar hazırda əsasən namizədləri müəyyənləşdirməklə məşğuldurlar. Seçki təqviminə uyğun olaraq müvafiq tədbirlərimizi keçirəcəyik. Seçki ilində bu cür siyasi passivliyin səbəbi hesab edirəm ki, ölkəmizdə Avropa Oyunlarının keçirilməsi ilə əlaqəli oldu. Bütün təbliğat resursları, ictimaiyyətin diqqəti bu oyunlara yönəldi. İndi artıq oyunlar yekunlaşıb. Düşünürəm ki, cəmiyyətdə tədricən seçki ab-havası yaranacaq. Oyunların yaxşı mənada gurultulu təbliğatı fonunda seçki tərəfdarlarının səsi aydın hiss olunmurdu. Biz də bu mühitə uyğunlaşdıq. Çünki Avropa Oyunları iqtidarın tədbiri deyil. Bu bizim dövlətimiz, ümummilli maraqlarımız üçün lazımlı bir layihə idi. Hesab edirəm ki, elə bu cür də olmağı, yəni təbliğatın aparılması lazım idi. Bizim partiyada da namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Artıq 40-a yaxın namizədimiz təsdiq olunub. Avqust ayının sonunda seçki blokumuzun ümumi siyahısı hazır olacaq”.

Əli Əliyev onu da bildirib ki, blok yaxın günlərdə ölkədə olan səfirlərlə görüş keçirməyi planlaşdırır.

Qeyd edək ki, “Azadlıq-2015" blokuna KXCP, AXP, Aydınlar, Azadlıq, ALDP, VİP, Böyük Azərbaycan və Azad Demokratlar Partiyası daxildir.

Geri qayıt