Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət bu seçkiyə nəynən gedir...
Müxalifət bu seçkiyə nəynən gedir...8-07-2015, 09:22 |
Bu ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı faktiki start düyməsinə basılmasa da, ölkədəki bütün siyasi güc mərkəzləri məhz bu siyasi yarışa hazırlaşır. Seçkilərə hələ aylar qalmasına baxmayaraq Azərbaycandakı hansı siyasi qüvvənin xalq dəstəyi qazanacağı, hansı qüvvələrin isə yenidən məğlubiyyətə uğrayacağı proqnozlaşdırılandı. Bununla belə, adını "radikal müxalifət" qoymuş bəlli güclər bu seçki prosesinə də növbəti revanş cəhdi kimi baxır. Ardıcıl məğlubiyyətlər seriyasından sonra sıraları onsuz da seyrək olan tərəfdarlarını itirə-itirə gedən radikallar bu seçkilərdə heç olmasa "təsəlli qolu"na sevinmək ümidindədir. Maraqlıdır, həmin qüvvələr builki seçkilərdə hansı nəticələri göstərə bilər? Düşərgəyə ötəri nəzər salmaq belə kifayətdir ki, bu qüvvələrin dağınıq və yorğun olduğu nəzəri cəlb etsin. Ardıcıl olaraq 20 ildən artıqdır ki, bütün seçkilərdə məğlubiyyətə uğrayan radikallar artıq siyasi ömürlərinin sonuncu payızını yaşamaqdadırlar. Elə bu baxımdan da payızda keçiriləcək parlament seçkilərini müxalifət üçün "ölüm ya olum" məsələsi də adlandırmaq olar. Heç kəsə sir deyil ki, bir vaxtlar müəyyən kəsimin dəstəyini qazanmaqla proseslərə az da olsa təsir etmək gücündə olan həmin qüvvələr indi bu "rıçaqdan" da məhrum olublar. Bu baxımdan radikal müxalifətin çətiri altında olan siyasi partiyaların real durumuna nəzər salmaq pis olmazdı. Əvvəla qeyd olunmalıdır ki, artıq həmin siyasi partiyalardan bəziləri radikal mübarizə üsullarından faktiki olaraq imtina edib. Başqa sözlə, həmin partiyaların sıradan çıxmasından sonar sıraları seyrəkləşən radikallar düşərgəsi mövcudiyyət tarixinin ən ağır mərhələsini yaşayır. Müsavat partiyası faktiki olaraq AXCP ilə yollarını ayırıb və adıçəkilən qurumlar bu gün faktiki olaraq düşmənçilik münasibətindədir. Onlar ümumi rəqib saydıqları hakimiyyətdən daha çox bir-birilə mübarizə aparır ki, bu da öz növbəsində düşərgənin parçalandığını təsdiq edən faktor kimi çıxış edir. Azərbaycan Demokrat Partiyası ilə bağlı vəziyyət isə bir qədər fərqlidir. Adıçəkilən və bir vaxtların ən radikal qruplarından sayılan ADP hazırda konstruktiv mübarizə üsullarına üstünlük verdiyini bəyan edib. Bu isə Azərbaycanda radikalizmin tamamilə iflasa uğradığını göstərməklə yanaşı, hakimiyyət-müxalifət münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığından xəbər verir. İctimai dəstəkdən məhrum olan radikallar bu mübarizə üsulunun konkret nəticələr vermədiyini gördüyündən taktikanı dəyişmək zorunda qalıb. Ənənəvi radikal müxalifət obrazına sadiq qalan azsaylı və pərakəndə qüvvələrə gəlincə isə qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təklənmiş durumdadır. Faktiki olaraq AXCP-dən başqa heç bir siyasi gücün qatılmadığı Milli Şuraya gəlincə isə bildirməliyik ki, qurumun təntənəli səslənən adından başqa heç nəyi yoxdur. Yalnız AXCP-nin günü-gündən seyrəkləşən elektoratı üzərində bərqərar olan Milli Şuranın payızdakı seçkilərdə hansısa nəticələr göstərə biləcəyi isə istənilən adamdan hüdudsuz və zəngin fantaziya tələb edir. Bir vaxtlar hakimiyyət düşərgəsində təmsil olunmuş, sonradan isə çeşidli səbəblərdən düşərgə dəyişdirmiş bir neçə şəxsin və AXCP üzvlərinin təşkil etdiyi Milli Şuranın parlament seçkilərindəki məğlubiyyəti bəri başdan proqnozlaşdırıla bilən ehtimallardan sayılmalıdır. Odur ki, parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) təntənəli qələbə qazanacağı daha real görünür. Parlamentdə təmsil olunacaq müxalifət təmsilçilərinin kimliyinə gəlincə isə hər şeydən öncə qeyd olunmalıdır ki, onların sayı o qədər də çox olmayacaq. Konstruktiv düşərgə təmsilçiləri olan və hazırda da parlamentdə təmsilçilik qazanmış bəlli müxalifət partiyalarının bu seçkilərdə də kiçik uğurlar qazanacağı istisna olunmur. Bu isə artıq Azərbaycanda radikal müxalifətçilik düşüncəsinin "dəfn olunduğu" anlamına gəlməlidir. Bu baxımdan qarşıdan gələn parlament seçkilərini radikal müxalifətin "sonuncu payızı" da adlandırmaq olar. Geri qayıt |