Əsas Səhifə > Partiya, Güney Press > Gələcəyi olmayan müxalifət

Gələcəyi olmayan müxalifət


10-07-2015, 11:19
Gələcəyi olmayan müxalifət
Ölkə müxalifətinin sıraları getdikcə daha çox seyrəlir və deyəsən, bu gedişlə o cameədə adamı günorta vaxtı çıraqla axtaracağıq. İstər Müsavat, istərsə də AXCP olsun, hər ikisi hazırda böhran yaşayır. Belə ki, sözügedən partiyalara üzvlükdən istefa verənlərin sayı durmadan artır.

Əvvəlcə Müsavat Partiyası haqda məlumat verək. Belə ki, təşkilatın əsas simalarından olan Rauf Arioğlunun partiyadan getmək istədiyi haqda iddialar təsdiqini tapıb və o, partiyadan uzaqlaşmaq haqda qərarını mediaya açıqlayıb. Bildirib ki, sadəcə olaraq, 49 yaşının tamam olmasını gözləyir və ad günündən dərhal sonra istefa ərizəsini yazacaq: “Partiyadan getmək barədə qərarı çoxdan vermişəm. Hələ qurultaydan öncə başqan namizədlərinin demək olar ki, hamısına elan etmişdim ki, qurultaydan sonra partiya üzvlüyündən gedəcəyəm. Bir neçə ay öncə bu qərarı icra edəcəkdim, indiki başqanın xahişi ilə təxirə saldım. Müsavat Partiyasından getməyimin zamanı gəlib. Uzun müddətdir Müsavatın opponentləri mənim qəzetçi kimi sərbəst fəaliyyətimi təşkilata qarşı şantaja çeviriblər. Bəzi partiya üzvləri də belə durumdan rahatsız olurlar və mənə qarşı əsassız ittihamlara yol verirlər. Məncə, jurnalistika özü bir dünya partiyasıdır və onun öz qızıl prinsipləri var. Bu prinsiplər partiyalılıq prinsipləri ilə ziddiyyət, özü də tam diametral ziddiyyət təşkil edir. Bunların ikisi bir yerdə mümkün deyil. Əminəm ki, Azərbaycanda da bu proses mütləq getməlidir və jurnalistlər “öz” partiyalarına - məsləklərinə aid olmalıdırlar. Onların partiya nizamnaməsinə tabe olması nonsensdir, söz azadlığı prinsiplərinə ziddir. Çünki partiya üzvü olan jurnalist bir sıra azadlıqları ilə yanaşı, söz azadlığının verdiyi imkanlardan da könüllü olaraq imtina edir, onu məhdudlaşdırır, buna məcbur qalır. Siyasi liderin yanında sirr tutan jurnalist artıq jurnalist deyil, o, peşəsinə xəyanət edir“.
R.Arifoğlu hələ ki, partiyadan getmək səbəbini tam açıqlamayıb və bu haqda geniş məlumatı yazacağı istefa ərizəsində göstərəcəyini bildirib: “Seçim anıdır, bunu etmişəm, geriyə yol yoxdur. Bundan sonra da müstəqil şəxs kimi ictimai-siyasi fəaliyyət göstərəcəyəm. Məsələn, təsisçilərindən biri olduğum Milli Strateji Düşüncə Mərkəzində fəaliyyətimi davam etdirəcəyəm. Mənə də, Müsavata da bu cür daha rahat olacaq. Təşkilata informasiya dəstəyini isə davam etdirəcəyəm. Ancaq Müsavatın yeni rəhbərliyi bunu istəməsə, məcburi edəsi deyiləm”.

Onu da deyək ki, R.Arifoğlu öz istefası ilə bərabər, qəzetdə çalışan əməkdaşların partiya üzvlüyü məsələsinə də toxunub. Heç kimə “gedin” deməyəcəyini, hər kəsin buna özünün qərar verəcəyini açıqlayıb. Onun bu mövqeyi isə qəzetçilərin də istefaya mədəni şəkildə dəvəti kimi qiymətləndirilir və onların da az zaman ərzində bu cür qərar verəcəyi gözlənilir.

Əslində baş redaktor açıqlamasında səsləndirdiyi fikirlərində partiya üzvü olan qəzetçinin obyektiv olmadığını, sədrin tərəfində olduğunu bildirməklə mövqeyini aydın şəkildə bildirib. Onun özünün bu səbəbdən istefa verdiyini elan etməklə digər qəzetçilərdən də analoji addımı gözlədiyi şübhə doğurmur. R.Arifoğlunun dediklərini - partiya üzvlüyü ilə jurnalist olmağın bir araya sığmadığını neçə illik fəaliyyətdən sonra, təxminən 50 yaşında dərk etdiyini nəzərə alsaq, “Yeni Müsavat” əməkdaşlarının Müsavat Partiyasından istefa vermək qərarına nə vaxt gələcəklərini söyləmək çətindir. Amma onların baş redaktorla narazı münasibətlər çərçivəsində işlərini davam etdirəcəkləri inandırıcı görünmür. Hansısa partiyanın heç bir yerdə çalışmayan üzvünün qarnını doydurmadığını nəzərə alsaq, bu yaxınlarda Müsavat Partiyasını tərk edənlərin sayının artacağını qaçılmaz hesab etmək olar.

Qeyd edək ki, digər müxalif partiya - AXCP-də də eyni vəziyyət hökm sürür və üzvlər bir-bir partiya sıralarını tərk edirlər. Sözügedən partiya üçün ən acınacaqlısı odur ki, oradan sıravi üzvlər deyil, əsas funksionerlər uzaqlaşır. Dediyimizin sübutu kimi, bəzi məqamları xatırladaq. Belə ki, AXCP-də faktiki olaraq “müavin tökümü” yaşanır və bu işə ilk olaraq Fuad Mustafayev imza atıb. Ondan sonra silsiləni Asəf Quliyev davam etdirdi. Sonra Razi Nurullayev qovuldu. Bu günlərdə isə Əli Kərimlinin digər müavini Əbülfəz Qurbanlı istefa verdiyini açıqladı və partiyada hökm sürən acınacaqlı durumu incə eyhamla etiraf etdi. Orada müxtəlif maneələrin yaradıldığını bildirməklə əslində sədrinin hansı xislətdə adam olduğunu bir daha ortaya qoydu. Bu istefa bəyanatından öncə də Ə.Qurbanlı və AXCP sədrinin münasibətləri haqda müxtəlif məlumatlar yayılmışdı. Bildirilirdi ki, partiya rəhbərliyi Ə.Qurbanlıya qarşı qısqanclıq nümayiş etdirib və ona fəallıq göstərməyə imkan vermir. Görünən odur ki, vəziyyət o qədər kritik həddə çatıb ki, əli-qolu bağlanan bu şəxs istefadan başqa çıxış yolu görməyib və postundan da, üzvlükdən də imtina edib. Hətta onun xeyli müddətdir istefa vermək istədiyi haqda da iddialar var. Bu gecikmənin səbəbi isə partiyada ona edilən basqılardır. Onun Facebook profilini bağlaması, telefonunu söndürərək heç bir zəngə cavab verməməsi də iddiaları təsdiq edən məqam kimi qiymətləndirilə bilər. Demək ki, o, xeyli müddət içində olduğu komandanın mahiyyətinə tam bələddir və bir tapşırıqla qaragüruhun ona hücum edəcəyini bilir. Ona görə də özünü və profilini qorumaq üçün Facebook səhifəsini deaktiv edib. Artıq lazımsız təhqirlər eşitməmək üçün isə telefonunu söndürüb.

Xatırladaq ki, AXCP sədrinin partiyada avtoritar rejim yaratdığı haqda açıqlama verən şəxslərin sayı kifayət qədərdir. Onların dediklərindən aydın olur ki, partiyadan istefa vermək istəyən çoxlu sayda adam var. Amma onlar qaragüruhun onları biabır edəcəyindən, Facebook-da kommentlərə tökülüşüb təhqir edəcəyindən, haqlarında müxtəlif yanlış şayiələr buraxılacağından çəkinirlər. Ona görə də hazırda partiyada rahat şəkildə mövqe bildirib və istefa ərizəsi yazıb çıxmaq müşkül məsələyə çevrilib. Oradan qaçmaq istəyən şəxsləri isə heç bir şəkildə qınamaq olmaz. Çünki normal düşüncəyə malik olan hər bir şəxs bilir ki, belə müxalifətin heç bir gələcəyi yoxdur və orada qalmaq müsbət nəsə vəd edə bilməz.

Geri qayıt