Əsas Səhifə > Partiya, Güney Press > YAP-ın “üç qızıl dairə”si uğrunda mübarizə

YAP-ın “üç qızıl dairə”si uğrunda mübarizə


13-07-2015, 09:23
 YAP-ın “üç qızıl dairə”si uğrunda mübarizə
Yeni Azərbaycan Partiyası parlament seçkilərində namizədlərinin müəyyənləşdirilməsində ciddi problemlə üzləşib. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, bu ayın sonunadək siyahı tam hazırlanıb prezidentə təqdim edilməlidir.

Qaynağın iddiasına görə, gözlənilənlərin əksinə olaraq, seçki siyahısında köklü dəyişiklik etmək mümkün olmur. Deputat fəaliyyəti ilə bağlı partiyadakı xüsusi araşdırma nəticəsində yalnız 20 nəfərədək adamın siyahıdan kənarlaşdırılması mümkün olur ki, bu da hansısa xidmətlərinə görə “keçici mandat” alanlardır. Üstəlik, 2010-cu il seçkisində mandatsız qalan YAP-çlır da indi mandat üçün çarpışır. Siyahıda 100 faiz adı olanlar belə rahat deyillər və onlar da avqustun ilk həftəsinədək gözləməli olacaqlar.

Əsas müzakirə mövzularından olan YAP-ın Seçki Qərargahına kimin rəhbərlik etməsi isə artıq həllini tapıb. YAP bu seçkiyə də baş nazirin müavini, hakim partiyanın icra katibi Əli Əhmədovun rəhbərliyi ilə gedəcək.

Hələ bir müddət əvvəl belə xəbərlər vardı ki, prezident seçkilərindən sonra Əli Əhmədovun baş nazirin müavini postuna, onun partiyadakı daha bir müavini Mübariz Qurbanlının isə Dini İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edilməsi YAP daxilində gərginliyi artırıb. Belə ki partiyada Ə.Əhmədovla münasibətləri gərgin olan qrup, eləcə də bəzi məmur-oliqarxlar icra katibinin bu dəfə seçkiyə nəzarət etməsini arzulamırdılar. Amma Ə.Əhmədovun YAP-dakı təşkilatçılıq bacarığı və prezidentin inandığı fiqur olması səbəbindən bu dəfə də ona etimad göstərilib.

Seçki Qərargahına rəhbərlik hələ işin yarısıdır və əsas namizədlərin müəyyənləşməsidir ki, bu məsələdə ciddi problem yarandığını yazının girişində qeyd etdik. Qaynağımızın məlumatına görə, ötən həftə YAP icra katibinin müavini Siyavuş Novruzovun Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın namizədliyi ilə bağlı dediklərinin təkzibi də siyahı ilə bağlı problemin olduğunu göstərib.

YAP-da əsas dartışma yaradan bir neçə boşalmış dairədən kimin namizəd olacağıdır. Əsas mübarizə “qızıl üçlük”- Əli Əhmədovun, Mübariz Qurbanlının və Cəlal Əliyevin dairəsi uğrunda gedir. Xatırladaq ki, Ə.Əhmədov Nərimanov birinci seçki dairəsindən, M.Qurbanlı 100 saylı Şəmkir - Daşkəsən, C.Əliyev isə 62 saylı Saatlı seçki dairəsindən son on beş ildə Milli Məclisin deputatı seçiliblər. Qeyd edək ki, iyunun 30-da C.Əliyevin 87 yaşı tamam olub.
Bu prestijli dairələrdən kimlərin namizəd olacağı barədə də son qərar verilməyib.

Dələduzluğa görə həbs edilən və mandatından imtina edən Gülər Əhmədovanın (Xətai seçki dairəsi), avtomobil qəzasında dünyasını dəyişən Hikmət Atayevin (Zaqatala), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilən Asəf Hacıyevin (Nizami ikinci (Gəncə) seçki dairəsi) yerinə namizəd olmaq uğrunda da mövqe “döyüşləri” gedir.

Daha bir sensasion xəbər 2005 və 2010-cu ildə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat mandatı almış Aydın Abbasovla bağlıdır. YAP üzvü olmasa da, son on ildə mandat alan Aydın Abbasovun dairəsi də artıq boşalmış hesab edilə bilər. Maraqlıdır ki, Aydın Abbasova seçkiyə qatılmamaq tövsiyəsi edilməyib. Amma açıq şəkildə bildirilib ki, bu dəfə nə YAP-ın, nə hakimiyyətin dəstəyini gözləməsin.

Onun dairəsində də namizəd ola biləcək iki vəzifəli şəxsin oğlunun adı çəkilir. Bunlar Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov və Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevdir. Gəncə Ziya Məmmədovun ikinci vətəni hesab olunur və uzun müddət burada işləyib. Hakimiyyətdə güclü arxaları olan icra başçısı isə “Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri olan oğlunu bu dairədən deputat etmək iddiasındadır. Amma hələ bundan öncə də belə xəbərlər vardı ki, icra başçısına deyilib ki, Milli Məclisdə işləyən oğlu hələ çox gəncdir və təcrübə yığsa yaxşıdır. Nazirin bir qardaşının deputat olduğunu və Məmmədovların son vaxtlar adının mənfi planda daha çox hallanmasını nəzərə alsaq, onlara bağlı son qərarın necə olacağını indidən demək çətindir. Amma bir şey dəqiqdir ki, iqtidar parlamentdə bir ailədən iki nəfərin deputat olmasına heç vaxt isti baxmayıb. Mümkündür ki, nazirin qardaşını bu dəfə A.Məmmədov əvəzləsin. Məlumata görə, nazir nədənsə, oğlunun deputat toxunulmazlığı üçün çox çalışır...

Seçkilərlə bağlı ən mühüm xəbər rektorların yenidən namizəd olacağıdır. Xəbərlərə görə, hakimiyyət bu məsələ üzərində çox düşünsə də, sonda onların iştirakını əngəlləməməyə qərar verib. Buna səbəb rektorların hər birinin “on minlərlə tələbənin səsinin parlamentdə təmsilçiliyi”dir. Onlar hakimiyyəti inandırıblar ki, seçki prosesindən kənarlaşdırılmaları ali məktəblərdə “siyasi mühitə” mənfi təsir edə bilər.

Tam həqiqətləri bilmək üçün isə daha iki həftə gözləyək...

“Yeni Müsavat”

Geri qayıt