Əsas Səhifə > Partiya, Güney Press > "Onlara bu haqqı-hüququ kim verib ki..."

"Onlara bu haqqı-hüququ kim verib ki..."


14-07-2015, 11:35
"Onlara bu haqqı-hüququ kim verib ki..."
"Ölkə prezidentinin Nazirlər Kabinetinin ötəngünkü iclasındakı çıxışını diqqətlə izlədim. Onun antiazərbaycan kampaniyasının vacib detalları üzərində dayanması tamamilə məntiqlidir. Ölkə prezidenti birmənalı şəkildə haqlıdır. Çünki bu dövlətimizin maraqlarına, Azərbaycan xalqının bu gününə və gələcəyinə qarşı yönəlmiş olan bir kampaniyadır. Ölkə prezidenti də bütün bunları nəzərə alaraq dövlət başçısı kimi Azərbaycan xalqının iradəsini ifadə edərək öz fikirlərini ortaya qoydu. Mən tamamilə əminəm ki, bu fikirlər Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsini ifadə etdi".

Bu sözləri milli.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın dinamik inkişafı, dünya miqyasında getdikcə nüfuzunun artması, gücünün artması, tək Cənubi Qafqazda deyil, artıq regionda lider dövlətə çevrilməsi, inkişaf etmiş bir ölkə səviyyəsinə qalxması və çox ciddi xarakter daşıyan beynəlxalq tədbirlərin həm iqtisadi, həm humanitar, həm siyasi, həm mədəni, həm də dünya miqyaslı idman tədbirlərinin Azərbaycanda çox yüksək səviyyədə keçirilməsi bəzi şəxsləri, ayrı-ayrı dövlətlərdə olan siyasətçiləri, dövlət məmurlarını son dərəcə qıcıqlandırır, onlarda Azərbaycana qarşı bir paxıllıq hissi var. Bunların içində erməni lobbisi xüsusilə mühüm rol oynayır. Onlar heç bir halda Azərbaycanın inkişaf etməsini həzm edə bilmirlər. Bu inkişafa mane olmağa çalışırlar.

"İnkişaf işğal altında olan torpaqlarımızın azad edilməsinə doğru aparan bir yoldur. Onu təmin edən vacib şərtdir. Bunu dərk edən erməni lobbisi və onların təsiri altında olan antiazərbaycan qüvvələri çalışırlar ki, Azərbaycan zəif olsun və beynəlxalq miqyasda onun nüfuzu aşağı düşsün. Bunun üçün ən müxtəlif üsullarla Azərbaycana qarşı şər-böhtan kampaniyasını davam etdirirlər", - millət vəkili əlavə edib.

F.Ağamalı bildirib ki, Avropanın özündə heç bir ölkənin Birinci Avropa Oyunlarını keçirmək cəsarəti olmadığı halda, Azərbaycan bu cəsarəti ortaya qoydu və analoqu olmayan bir səviyyədə oyunları təşkil etdi və başa çatdırdı.

"Bütün bunlar Azərbaycanı istəməyən qüvvələrin çox böyük qısqanclığına səbəb oldu. Ona görə də həm oyunlar ərəfəsində, həm oyunların gedişində, həm də indi başa çatmayan şər-böhtan kampaniyasında Azərbaycana qarşı ən müxtəlif səviyyədə təpkilər başladı. Bu hətta Avropa Şurası kimi demokratiyanı, insan haqlarını, bir çox hallarda demokratiyanın carçısı kimi özünü təqdim etməyə çalışan Avropa Şurasında məlum qətnamənin dəyişməsinə qədər gəlib çatdı. Onlar həqiqəti demək əvəzinə, ermənilərin yanında oldular, Azərbaycanın torpaqlarının işğal altında olduğunu demədilər", - deyə o vurğulayıb.

Millət vəkili Fəzail Ağamalı Avropa Parlamentinin sədri və müavininin Azərbaycanı təhdid edən, böhtan xarakterli qətnamənin qəbul edilməsinə cəhd etdiyini də xatırladıb və həmin cəhdlərin baş tutmadığını qeyd edib.

"Almaniyanın Bundestaqı öz işləri ilə məşğul olmaq əvəzinə Azərbaycanın məsələsini müzakirəyə çıxardı. Başa düşülmür ki, Almaniyanın Bundestaqı axı kimdir? Onlara bu haqqı-hüququ kim verib ki, Azərbaycanın daxili işlərinə qarışsın, Azərbaycanın həqiqətlərini deyil, şər-böhtan xarakterli qətnaməni ortaya qoysun? Bu çox narahatedici hallardır. Buna görə də ölkə başçısı haqlı olaraq öz iradəsini ortaya qoydu. Ölkə başçısı dəfələrlə deyib və biz də onun fikirlərini birmənalı şəkildə dəstəkləmişik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasətimizdə vacib bir istiqamət var. Bu istiqamət azərbaycanyönlü siyasətdir. Bu nə qərbyönümlüdür, nə iranyönümlüdür, nə də ki, rusiyameyllidir. Bunların hamısı cəfəngiyyatdır və ayrı-ayrı ölkələrin təsiri altında olan beşinci kalonun Azərbaycan ictimai rəyinə gətirməyə çalışdığı və əsası olmayan fikirlərdir. Bu gün ölkə prezidenti Azərbaycan xalqının milli maraqlarına, qarşıya qoyulan hədəflərə uyğun olaraq öz siyasətini qurur. Bu siyasət Azərbaycana, bəlli olduğu kimi, çox böyük müvəffəqiyyətlər gətirir. Bu, azərbaycanyönümlü siyasətdir", - deyə o vurğulayıb.

Millət vəkili F.Ağamalının sözlərinə görə, bu gün Yaponiya, Cənubi Koreya, Sinqapur və digər ölkələr Avropa Şurasının, Avropa İttifaqının üzvü deyillər, lakin onların inkişafı Avropadan heç də geri qalmır. Əksinə, bir çox hallarda Avropadan önə çıxıblar. Bu gün Avropanın deyil, dünyanın üstün dəyərləri var. Azərbaycan bu üstün dəyərlərdən və təcrübədən istifadə edərək özünün dövlət quruculuğunu, iqtisadi sistemini inkişaf etdirir.

"Ölkə prezidentinin söyləmiş olduğu fikirlər həqiqəti əks etdirir. Azərbaycan xalqının iradəsinə söykənən bu fikirlər birmənalı şəkildə antiazərbaycan qüvvələrinə ciddi mesajdır", - deyə o vurğulayıb.

Geri qayıt