Əsas Səhifə > Partiya, Güney Press > "Belə qəfil peyda olan ”liderlər"in səmimliyinə həmişə xalqda inamsızlıq olur"

"Belə qəfil peyda olan ”liderlər"in səmimliyinə həmişə xalqda inamsızlıq olur"


14-08-2015, 10:31
"Belə qəfil peyda olan ”liderlər"in səmimliyinə həmişə xalqda inamsızlıq olur"
Rəsul Quliyev və Rüstəm İbrahimbəyovdan sonra daha bir şəxs xaricdə oturub “müxalifət lideri” olmaq, Azərbaycanda hakimiyyət dəyişikliyi etmək iddiasına düşüb. Bu, Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin keçmiş rəhbəri, hakimiyyətin illərlə müdafiəsində dayanmış diplomat Arif Məmmədovdur.


Bu ilin mayından Arif Məmmədov hakimiyyət əleyhinə bəyanatlar verməsi ilə gündəmə gəlib. Son günlər isə bir qədər də radikallaşıb və Bakıda “Ağ marş”a çağırış edib. Azərbaycan hökuməti isə onun barəsində cinayət işi açıb və beynəlxalq axtarışa verib.

Rəsul Quliyevin və Rüstəm İbrahimbəyovun timsalında bu tanış mənzərədir.

ADP sədri Sərdar Cəlaloğliu barədə danışarkən bildirdi ki, ölkə daxilində olan müxalifətlə xaricdə məskunlaşan siyasətçilər arasında çox ciddi fikir ayrılığı var: “Biz bəzən önə çıxırıq, bəzən geri çəkilirik, bəzən güzəştə gedirik. Ölkədə gedən real proseslərdən, situasiyadan xəbərsiz olan xaricə sığınmış siyasətçilər isə bunu başa düşmür və bizi satqınlıq, qorxaqlıq kimi qəbul edirlər. Rəsul Quliyevdə bu cür qiymətləndirmə çox inkişaf edib. Bu, buradakı hadisələri dərk etməməklə, hadisələrin iştirakçısı olmamaqla bağlıdır.
Məsələnin ikinci tərəfinə gəldikdə isə xaricdə oturub Azərbaycanda inqilab etmək çağırışları edən insanların özlərinin siyasi lider olması şübhə altındadır. Məsələn, Arif Məmmədov illərlə bu hakimiyyətə xidmət edib. İndi durub bir yanğın hadisəsi ilə bağlı bəyanat veribsə, onu siyasi lider hesab etmək olmaz. Bizim verdiyimiz bəyanatlar onun bəyanatlarından kəskindir. Sadəcə, o yeni ad olduğu üçün bir keçici müddət ərzində cəmiyyətdə sensasiya yaradır. Bu sensasiyanın təsiri altında isə Arif Məmmədov kimi adamlar elə bilirlər ki, artıq böyük siyasi liderdirlər və onların xaricdən bir çağırışı, bir işarəsi ilə xalq ayağa qalxıb hakimiyyəti dəyişəcək".

ADP sədrinin sözlərinə görə, Arif Məmmədovun da çağırışları heç nəyi dəyişməyəcək: “İnsanlar haqlı olaraq düşünürlər ki, özün gedib xaricdə rahat həyat yaşayırsan oradan xalqı meydanlara çağırırsan. Öncə hələ bir özün gəl bura və bircə gün burada müxalifətçilik elə. Bunu etmirsənsə xalq, daxildəki siyasi qüvvələr sənə inanmaz. Onsuz da belə qəfil peyda olan ”liderlər"in səmimliyinə həmişə xalqda inamsızlıq olur.
2013-cü ildə Rüstəm İbrahimbəyov da illərlə sağlığına badə qaldırdığı hakimiyyətin əleyhinə danışdı. Onun da ilk vaxtlar bu bəyanatları sensasiya yaradırdı. Sonra getdi xaricə və xaricdə oturub buradakı insanlara liderlik eləmək fikrinə düşdü, o da başladı xalqı bu hakimiyyətə qarşı ayağa qalxmağa çağırmağa. Nəticə nə oldu? Heç nə.

Mən bu adamları heç siyasətçi hesab eləmirəm, xalq da onların hətta hakimiyyətlə münasibətləri pozulduqdan sonra şəxsi rahatlıqlarından vaz keçmək, bura gəlib meydanda mübarizə aparmaq cürətlərinin, istəklərinin olmadığını yaxşı görür. Ona görə də xaricdə oturub xalqı meydanlara çağıranların çağırışları boş sözlərdən başqa heç nə olmur. Azərbaycan cəmiyyəti onların fikirlərini zaman keçdikcə gülünc sayır. Belə “müxalif liderlər”in 50 il müxalifətçilik eləməsi belə, 5-6 il hakimiyyətə qulluq eləmələrinin yanında sıfırdır".

S.Cəlaloğlu vurğuladı ki, Arif Məmmədov da uzun müddət bu hakimiyyətin uzun müddət sevimli kadrı olub. Avropa Şurasında Azərbaycanın nümayəndəsi vəzifəsini tutub. Avropa Şurasında və digər təmsil olunduğu digər qurumlarda Azərbaycanda demokratiyanın pozulması, seçkilərin saxtalaşdırılması ilə bağlı bir dənə də olsun mənfi fikir söyləməyib: “Həmişə Azərbaycan iqtidarının siyasətini müdafiə edib, pozuntuları ört-basdır etməyə çalışıb. Biz burada seçki saxtakarlıqları ilə üz-üzə qalanda, Arif Məmmədov Azərbaycandakı seçki saxtakarlıqları barədə faktların Avropa Şurasına çatmaması üçün iş aparıb. Halbuki onun əlində çox böyük tribuna var idi ki, zamanında Azərbaycan həqiqətlərini çatdırsın. O isə həqiqətləri gizlətməklə məşğul idi. İndi belə birisi hakimiyyətlə şəxsi münasibətlərinin nədənsə pozulması səbəbindən dönüb olub müxalif lider? Kim onun xaricdə oturub etdiyi inqilab çağırışlarına görə meydana çıxar? Heç kim. Mən Arif Məmmədovu heç vaxt müxalifətçi kimi qəbul edə bilmərəm. Düşünürəm ki, xalq da qəbul etməz. Xaricdə oturub burada inqilab etmək istəyənlər bilməlidirlər ki, belə şeylər keçməz. Xalq bilir ki, öz maraqları hakimiyyətlə toqquşanda gedib xaricdə oturub müxalifət olanlardan ölkəyə xeyir gələ bilməz. Daxildəki siyasi qüvvələrdən isə kim istəyir getsin o cür adamlarla əməkdaşlıq eləsin. Sonda bəlli olacaq ki, heç bir müsbət nəticəsi yoxdur. Ortada təcrübələr var, mən təcrübələrə əsaslanıb bunu deyirəm”.(musavat.com)

Geri qayıt