Əsas Səhifə > Partiya, Güney Press > “Dairələri heç kimlə bölüşmək fikrimiz yoxdur”

“Dairələri heç kimlə bölüşmək fikrimiz yoxdur”


19-08-2015, 09:06
“Dairələri heç kimlə bölüşmək fikrimiz yoxdur”
Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat” qəzetinin qonağı olub və noyabrda gözlənilən seçki prosesi, regiondakı durumla bağlı qəzetin suallarını cavablandırıb.

(əvvəli BURADA)

- Sizdə müxalifət düşərgəsi üçün seçkilərdə ənənəvi olan bloklaşma prosesi başlayıbmı? Siz kimlə blok yaradırsınız?

- Biz ADP ilə bu istiqamətdə danışıqlar aparırıq. İlkin razılığımız var.

- “Azadlıq 2015" seçki bloku ilə münasibətləriniz necədir?

- Bizim hər kəslə münasibətlərimiz yaxşıdır. Ancaq bir komandada deyilik.

- Bu adla əhatə olunan komponentlər dialoq, yaxud da iqtidarla danışıqlar prosesi deyilən bir prosesə cəlb olunub. Siz də orda varsınız. Bu işin seçki ilə bağlı perspektivini necə görürsünüz? Növbəti bir görüş olarsa, orada açıq bir söhbət olarsa, sizcə, faydası olarmı? 3 dəfə görüş olub. Bu görüşlərin ümumiyyətlə atmosferə, münasibətlərə, siyasi münasibətlər sisteminə bir faydası olubmu?

- “Azadlıq” bloku və “Azadlıq 2015" seçki bloku ilə münasibət məsələsinə gəlincə, dairələr məsələsində bizim heç kimlə danışıq aparmaq fikrimiz yoxdur. Dairələri heç kimlə bölüşmək fikrimiz də yoxdur. Çünki bizim insanlar uzun müddətdir ki, dairələrində işləyirlər. Uzun müddətdir seçicilərlə təmasdadırlar, bu istiqamətdə iş aparırlar. Onların namizədlərinin çoxu isə hələ dairəsini seçməyib. Hələ çoxu dairə seçimində tərəddüd edir. Mən bunu seçkiyə qeyri-ciddi münasibət kimi qiymətləndirirəm. Bu, ciddi münasibət deyil. Bizim Seçki Məcəlləsi imkanlarımız hakimiyyətin yanaşma imkanları qədər geniş deyil ki, seçici ilə normal danışmaq, onu inandırmaq, seçki prosesində fəal iştirakına nail olmaq, ümumiyyətlə, onun seçkiyə münasibətini tamamilə dəyişmək imkanımız olsun. Bunlar hamısı ortada ikən mən hələ dairə seçməmişəmsə, seçkidə nə edə bilərəm? Bu, seçkiyə çox doğru olmayan münasibətdir. Əslində bir qədər də siyasətə qeyri-professional, qeyri-ciddi yanaşmanın nəticəsidir. Dialoq mühitinə gəlincə, demokratiya həm də vərdişdir. Dialoq vərdişə çevriləcəksə, çox yaxşı bir norma olacaq. Ən azı ekstremal vəziyyətdə, kriminal durumda bizim masa arxasında əyləşmək üçün problemimiz olmayacaq. Ya da adi qaydada küçədə, qəzet səhifələrində, sosial şəbəkədə danışdığımız problemlərimizi masa arxasında əyləşərək çözməyə meylli qüvvələr kimi bir-birimizi tanıyacağıq. 3 görüşdən heç bir nəticə gözləmirdim. Ancaq bu vərdişin yaranmasını çox yüksək qiymətləndirirəm.

- Ümumi atmosferdə dəyişiklik varmı?

- Əgər masa arxasında əyləşilirsə, demək, iqtidarın da buna ehtiyacı var, müxaifətin də. İqtidarın dialoqa ehtiyacı olmasaydı, bizimlə niyə masa arxasında əyləşməli, 3 dəfə görüşüb məsələləri müzakirə etməli idi? Ümumiyyətlə, hakimiyyət anlayışının mahiyyəti o qədər böyükdür ki, hakimiyyət heç zaman kiçiklərlə, ya da kiçik hesab etdikləri ilə masa arxasında əyləşmir. Əyləşibsə, demək, problem var, bu yolu daha uyğun sayır.

- Hakimiyyətin bu addımı YAP-ın gözlənilən siyahısında özünü göstərə bilərmi? Sizdəki bilgi nədir? Ənənəvi deputat kontingentimi olacaq YAP-ın siyahısında? YAP bu dəfə də seçkiyə ənənəvi seçki taktikası ilə gedəcək, yoxsa yeni nələrsə olacaq?

- YAP və indiki iqtidar bu durumdan məmnundur. Hakimiyyətdədirlər, seçicini prosesə qarışmağa qoymurlar, qruplar ortadadır, sakitlikdir, üstəlik, seçki üçün böyük bir həyəcan yoxdur. Amma beynəlxalq aləmdən ciddi təpkilər var. Çox güman, mahiyyət dəyişməsə də ən azı şəkli dəyişdirməyə cəhd edəcəklər.

- İnsanlar “Qismən demokratik seçki keçiriləcəkmi, 10-15 dairə müxalifətin ola bilərmi” sualını verirlər. Necə olacaq, sizcə?

- Bu, müxalifətin yanaşmasından, dairədə apara biləcəyi işdən asılı olacaq. Mən əminliklə deyirəm, müxalifətin 10-5 namizədi ayrı-ayrı dairələrdə gerçəkdən qalib gəlsə, hakimiyyət bu qalibiyyəti tanımamaq kimi dəhşətli isterik vəziyyətə düşməyəcək. Çünki o, parlamentin nə şəklini, nə də mahiyyətini dəyişmir. Siz deyirsiniz ki, ən azı şəkil dəyişə bilər. Amma bu, beynəlxalq aləmdə onu fərqli statusa çıxara bilər.

- Müsavat Partiyası namizədlərini versə, 5 nəfər də seçkiyə getdiyi dairədən parlaq şəkildə qələbə çalsa, parlamentdə təmsilçilik şansı varmı?

- Siz inanırsınızmı?

- Nəyə?

- 5 namizədin parlaq qələbəsinə?

- Nəzəri baxımdan deyirik.

- Nəzəri baxımdan hər şey mümkündür. Təxminən 10 gün sonra seçkiyə start verilir. Müxalifətçilər hələ hansı dairədən seçkiyə gedəcəklərini bilmirlər.

- Siz bilirsiz?

- Əlbəttə.

- Hansı dairədir?

- 35-ci dairə.

- Neçənci dəfədir artıq?

- 4-cü dəfədir.

- 16-cı il olacaq ki, siz oradan deputatsız.

- 16-nın gəlib-gəlməyəcəyini bilmirəm, amma 15 tamam olur artıq.

- Amma namizədliyinizi verməyiniz artıq 16-cı ilə daxil olmağınız deməkdir. Dairədə sizi tanıyır, sevirlərmi?

- Mən xahiş edərdim, sizin əməkdaşlar dairədən mənsiz bir reportaj hazırlasınlar.

- Böyük məmnuniyyətlə. Videoreportaj hazırlayarıq.

- Anlaşdıq.

- Niyə müxalifət liderləri, funksionerləri, o düşərgənin tanınmışları seçki ilə bağlı belə tərəddüdlər yaşayırlar? Niyə dairələr bəlli deyil? Sizin təhlil və məlumatlarınız nədən ibarətdir?

- Müxalifətdəkilər - partiya liderləri və funksionerlər adi, sıravi seçici kimi seçkinin heç bir mənasının olmadığı qənaətindədirlər. Onlar adi vətəndaşdan fərqli düşünə bilmirlər.

- Haqsızdırlar?

- Çox haqsızdırlar.

- Amma gerçək budur...

- Gerçək budursa, lütfən gedib sıravi vətəndaşlar eyni yerdə dursunlar, nə partiya funksioneri olsunlar, nə partiya başqanı. Müxalifətçi olaraq sənin funksiyan budur ki, bu cür düşünən insanların rəyini dəyişəsən, özün inanasan və gedəsən. Yenə deyirəm, illər uzunu azadlıq uğrunda mücadilə aparan insanlar bu il mümkün olmayacağını, bu seçkidə mümkün olmayacağını, bu dövrdə mümkün olmayacağını bilmirdimi? Hamı bilirdi. Amma gələcəyə bünövrə atırdı, yol açırdı, cığır açırdı ki, getsin və bu vərdişlər dayanmasın. Sizcə, keçmiş sovet ölkələrində 60-cı illərdə baş verən dissident hərəkatında heç bir ağıllı adam yox idi ki, başa düşsün 60-cı illərdə SSRİ dağılmayacaq? Ancaq insanlar missiyalarını anlayırdılar. Başa düşürdülər ki, bu prosesi daha yaxşı bilirlər. Bu gün müxalifət liderləri bu funksiyanı daşıyırlarsa, missiyalarını anlamalıdırlar, seçicini hazırlamalıdırlar. Onlar özləri seçici qədər düşünə bilmirlərsə, onda niyə bu prosesin içərisindədirlər?

Rauf bəy, siz də bizimlə birgə həbsxanada olmusunuz. Həbsxanada olanda siz həyatın, mübarizənin bitdiyini düşünürdünüz, ya bir başqası? Çıxdıq, yenidən mübarizə davam elədi. Qabaqcadan mesajlar elə olmalıdır ki, insanlar müxalifət funksionerlərinin önünə yox, arxasına keçsinlər. Bunlar nə edirlər? Seçicini keçiriblər qarşılarına, seçicinin rəyinə uyğun gözlərini döyürlər. Bu şəkildə olmur, qardaş. Bu şəkildə missiya apara bilməzsən. Onda partiya funksioneri olma, partiya lideri olma, siyasətə iddia etmə. Seçici də deyir, seçkinin mənası yoxdur, müxalifət də deyir, seçkinin mənası yoxdur. O zaman müxalifət lideri ilə seçicinin fərqi nədədir? Nə təklif edirlər? Əlini-qolunu yanına sallamaqla niyə prosesdəsən? Niyə özünü də, seçicini də, digərlərini də, hətta müxalifətçilik yerini də zəbt edirsən? Çəkil prosesdən, de ki, bu mənim bacardığım iş deyil, mən ondan fərqli düşünə bilmirəm.

- Dediklərinizdən belə anlaşılır ki, bu seçkidə status-kvonu dəyişə biləcək amillərdən biri - daxili faktor çox zəifdir.

- Daxili faktor zəifdir, ancaq tam zəif sayılmamalıdır. Bizim bu gün “125-lər” Siyasi Klubu və Ümid Partiyası sıralarında yetərincə aktiv və neçə ildir seçki ilə məşğul olan insanlar var. Mən iddia etmirəm ki, biz təkbaşına bu missiyanın öhdəsindən gələcəyik. Çünki məsələ belədir; biz seçki ilə məşğuluq, seçki ilə məşğul olmayan müxalifət həm də bizə müxalifətdir. Deyirlər ki, dəlidir bunlar, bunlar niyə seçki ilə məşğuldurlar? Seçicini də o cür düşünməyə məcbur edirlər. İqtidar da bu tərəfdən seçki situasiyası olmasını istəmir. Nəticədə tək ortada qalırsan.

- Yəni dəli vəziyyətində?

- Dəli vəziyyətində olmasa da, bizi ağ qarğa kimi göstərməyə cəhd eləyənlər var.

- Çox ümidlə çalışan üzvləriniz var. Xanımlar da bu sırada xüsusi fəallıq göstərirlər və maraqlı faktor budur ki, aylar öncədən işləməyə başlayıblar.
- 8 aydır artıq.

- Media da onları çox maraqla izləyir. Sosial şəbəkədə də fəaldırlar. Onların ümidi yarıda qırılacaqmı?

- Heç vaxt.

- Sizdə inam varmı ki, o xanımların üçü, dördü, ya da ikisi seçkini qazana bilər?

- 15-i də keçə bilər, heç birimiz də keçməyə bilərik. Amma biz siyasətə seçki mövsümü kimi baxmırıq. Bu adamların hamısı ağlı başında olan insanlardır, onlar cəmiyyətin demokratikləşməsi üçün seçicini arxasınca daşıya bilən insanlardır. Biz bu prosesi aparırıq. Bu proses 2015-ci ildə bitməyəcək. Proses davam edəcək. Biz parlamentdə təmsil olunsaq, çox gözəl, missiyamızı həyata keçirmək üçün o imkanlardan da istifadə edəcəyik, prosesə daha çox adam cəlb edə biləcəyik. Təmsil olunmasaq da bu, faciə deyil. İstənilən variantda biz bu mübarizəni davam etdirəcəyik.

- Dediniz ki, daxili faktor ölü nöqtədə deyil. Xarici faktordan da danışaq. Hakimiyyətin davranışına, qərarlarına, demokratiyaya münasibətinə təsir edən faktorlardan biri də xarici faktorlardır. Öndə gələn iki xarici faktor var - ABŞ-ın və Rusiyanın mövqeyi. ABŞ-ın hərəkətlərində qəribə bir davranış müşahidə olunmaqdadır. Avtoritar və diktatura rejimləri arasında bir hakimiyyəti olan Kuba ilə barışır, İranla barışır, Səudiyyə ilə zatən dostdur. Bu faktlar hansı təhlili ortaya çıxarır? Azərbaycana münasibətdə də bu cür dözümlü olacaqlarmı? Bir zamanlar deyirdilər ki, demokratiya dalğası gəlir, hər ölkəyə təsiri olacaq. Ancaq tam tərsi oldu. Kuba ilə, İranla yaxınlaşdılar. İran və Kubaya baxanda Azərbaycan demokratiyanın məbədi sayılır. Belə çıxır ki, bəzi gözləntilər doğrulmayacaq?

- Bilirsiniz, hər kəsdən olduğu yerdəki dəyərinə, qiymətinə görə istəklər var. Azərbaycan İran kimi rejim olsaydı, ondan başqa şeylər istəyərdilər. Azərbaycanda Gürcüstandan, Ermənistandan, postsovet ölkələrindən demokratiyanın daha da inkişaf etdirilməsini istəyirlər. Bu, birmənalıdır və bunu alacaqlar.

- ABŞ-ın Kubaya olan münasibəti Azərbaycanda dəyişimə uğrayacaqmı?

- Azərbaycanda dəyişimə uğramayacaq. Qərb artıq təcridetmə siyasətini inkar edir. Heç kimi təcrid etməyi düşünmür. Təcrid etdikcə, uzaqlaşdıqca problemlər daha da çoxalır.

- Bəs Rusiya?

- Rusiya başqadır. Qərb digər postsovet ölkələrini Rusiyadan təcrid etmək istəyir ki, onları qoruya bilsin, Rusiya onlara hakim kəsilməsin. Qərb ölkələri təcrid etmək yox, yanına almaqla daha çox demokratikləşməyə məcbur etmək istəyir. Təcridetmə özünəqapanmaya, avtoriratizmin daha da güclənməsinə gətirib çıxarır. Azərbaycanla münasibət İrana, Kubaya, Səudiyyəyə olan münasibət ola bilməz, çünki Azərbaycandan fərqli gözləntilər var, Azərbaycan fərqli yerdədir. Ona görə də builki seçki Avropa strukturları üçün də, ABŞ üçün də olduqca önəmli məsələdir. O cümlədən insan haqları məsələsi. Bunu dəfələrlə mövqelərində də ifadə ediblər və bunu göstərəcəklər. Azərbaycan hakimiyyəti də bunun fərqindədir. Azərbaycan hakimiyyəti bundan sonra ölkəmizin geopolitikada yerdəyişimi etmək kimi bir lüksünün, gücünün olmadığının fərqindədir. Azərbaycanın bu gün Rusiyanın yanında dayanmağa sadəcə gücü çatmaz. Bu mümkünsüzdür. Qərbin yanındasansa, sən də ən azı dəyərlərə sayğı duymağı bacarmalısan və onu edəcəksən.

- Azərbaycanın demokratik düşərgə adlandırılan düşərgəsi get-gedə keyfiyyət dəyişikliyinə uğrayır. Burada radikalizm, kateqoriyaçılıq, ağ-qara rənglər, avtoritarizm meylləri artmaqdadır. Bu, Azərbaycanın gələcəyi üçün nə vəd edir? Xüsusən Azərbaycan Xalq Cəbhəsinə yaxın olan çevrədən söhbət gedir.

- Orda elə bir proses gedir ki, kənardan baxaraq mən həmin prosesi Azərbaycanın gələcəyinə təhlükə sayıram. Azərbaycan demokratik düşərgəsinin yeni müstəvisi yaranır. Heç kim iddia etməsin ki, əski demokratik düşərgə olduğu kimi yerindədir və cəmiyyətə demokratiya mesajları ordan gəlir. Yeni, fərqli düşərgə yaranır. Əski düşərgə iqtidar qədər proseslərə bəzən sərt, bəzən daha yumşaq reaksiya verir. Onlar artıq Azərbaycanın müxalifət düşərgəsi hesab oluna bilməz. Fikirdə, düşüncədə, insanlara münasibətdə bu qədər radikallıq olan yerdə demokratik fikir ola bilməz.

- Əli Kərimlinin əmisi oğlu İŞİD-i Azərbaycanda baş kəsməyə çağırır və onu dəstəkləyən cəbhəçilər var. Adam deyir ki, müxalifətdən gedənlərdən məhkəmələrdə üzəduranlara qədər bir çoxlarının başı kəsilməlidir. Bu cür açıqlamalar cinayət tərkibi yaradırmı?

- Mən cinayət tərkibi ilə bağlı bir şey deyə bilmərəm. Amma məsələnin mahiyyəti ondadır ki, bu insanlar Azərbaycanın demokratik düşərgəsini bu düşüncə ilə təmsil edə bilməzlər. Onları radikal edən də budur. Bilirlər ki, insanlar onlardan uzaqlaşır, yeni nəsil gəlmir. Ona görə bu kiçik qrupun kin, nifrət, qəzəb dozası hər gün artır. İqtidar olsaydım, onları qınamazdım. Müxalifət olaraq qınayıram, çünki bizim ümumi işimizə zərbə vururlar. İqtidar olsaydım, düşünərdim ki, adam əgər ölkədən gedibsə, itirdiyini, itirib, başqa nə deyəsən? Avropada oturub İŞİD kimi düşünən adamlardan başqa nə gözləyəsən?

- Demokratiya, seçki məsələləri bir kənara, Qarabağ kimi ümummilli problemimiz var. Onunla bağlı dünya güclərinin gündəmində fərqli tezislər səslənir. Formalaşacaq parlamenti Qarabağ probleminin həlli baxımından necə qiymətləndirirsiniz?

- Dünya birlikləri və Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində maraqlı olan həmsədr dövlətlər Qarabağ məsələsinin hüquqi yolla həllini qəbul etmirlər. Prosesə siyasi həll variantı axtarırlar. Hüquqi həll variantı axtarılsaydı, Ermənistanı işğal etdiyi torpaqlardan çəkindirməyə məcbur edərdilər. Demək, ortada hüquq yoxdur. Siyasi həll variantında isə uzlaşma mütləqdir. Ermənistan və Azərbaycan buna hazır deyil. Səbəb sadədir - münaqişəni törədən tərəfin, yəni Rusiyanın həm Ermənistana, həm Azərbaycana ciddi təhdidi var. Buna görə də yaxın zamanda münaqişənin həllində yeni bir səhifənin açılacağını qətiyyən gözləmirəm. Rusiyanın özünün regiondakı və dünyadakı yeri bu gün o qədər oynaq və çətindir ki, ondan münaqişənin həlli istiqamətində güzəştli bir yer tutacağını gözləmək sadəlövhlük olardı. Rusiya təhdidlərini davam edəcək, Qərbin isə Rusiyaya təzyiq edərək bu konfliktlərdən əlini çəkməyə məcbur etmək imkanları sıfıra bərabərdir. İddia edirəm, yaxın 5 ildə Ermənistan-Azərbaycan münaqişəsinin həllində ciddi bir irəliləyiş gözləmirəm. Nə qədər ki, siyasi yanaşma dəyişməyib, bu mümkün olmayacaq. Azərbaycan bu müstəvini dəyişməlidir. Azərbaycan Dağlıq Qarabağdan kənarda olan 7 rayonun hüquqi həll yolunu masa üzərinə qoymalıdır. Yalnız bundan sonra siyasi həll yolu gündəmə gətirilə bilər. 7 rayon ilk gündən mübahisə predmeti olmayıb. Bu, hüquqla tənzimlənməlidir. Həmin rayonlar azad ediləndən sonra siyasi həll yolunda uzlaşma nöqtələri axtarıla bilər.

Geri qayıt