Əsas Səhifə > Partiya, Güney Press > AXCP sədri imkanlı şəxsi quruma sədr gətirmək istəyib?
AXCP sədri imkanlı şəxsi quruma sədr gətirmək istəyib?28-08-2015, 09:41 |
AXCP-nin təcili qurultaya hazırlaşdığı barədə xəbərlər yayılıb. Qurumun gələn ayın sonuna qədər qurultayını keçirəcəyi deyilir. Yayılan xəbərlərdə bildirilir ki, AXCP-nin təcili surətdə bu seçimlərə getməsinə səbəb Əli Kərimlinin keçmiş müavini Razi Nurullayevin yeni təşkilat yaratması və AXCP adına iddiasıdır. Yeni yaradılan AXCP də bir ay ərzində qurultay keçirməyi planlaşdırır. Əli Kərimli isə Razi Nurullayevdən qabaq bu məsələni bitirmək niyyətindədir. Çünki günü-gündən partiyadan qopmalar artır. Yayılan xəbərlərlə bağlı R.Nurullayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, AXCP-nin sentyabrın sonuna qədər qurultay keçirəcəyi inandırıcı deyil: “Təbii ki, bu ola bilər. Mən informasiyalarımı bölüşürəm. AXCP sentyabr ayında qurultay keçirilməsi ilə bağlı qərar verib. Amma bildiyimə görə, Əli Kərimli qurultaya getmək istəmir. Konfranslarını keçirib, hazırlıqlarını başa çatdırıb, özünə sərf edən zamanda qurultay keçirəcək. Əgər gələn ay qurultay keçirsə, qarşısında ciddi maneələr var. İlk növbədə, ictimai qınağa tuş gələcək. Təzədən öz namizədliyini irəli sürəcəksə, bu onu bitirəcək və lağlağı obyektinə çevirəcək. Qurultayda növbəti dəfə Əli Kərimli namizədliyini irəli sürsə, bu, partiya daxilində ciddi narazılıqlarla qarşılanacaq. Kifayət qədər daxildə qruplaşmalar var. Hesab edirəm ki, bunları o, bilməmiş deyil”. R.Nurullayev Ə.Kərimlinin Müsavat formatından AXCP-də istifadə etmək niyyətində olduğunu da söylədi: “Əli Kərimli partiyanın lideri olaraq qalmaq fikrində idi. Onun məqsədlərindən biri də Müsavat formatında siyasətdən çəkilmək idi. Yerinə bir maliyyə mənbəyini müəyyən etmək istəyirdi. O maliyyə mənbəyi isə adını çəkmək istəmədiyim bir nəfərdir. Onun adını çəkməyə qadağa qoymuşam. İstəmirəm ki, adını bulaşdırım. O, Əli Kərimlinin maliyyə mənbəyi ola bilərdi. Həmin şəxsi isə nə cəbhəçilər, nə də ictimaiyyət qəbul edir. O, özünü tükəndirmiş, bulaşdırmış bir insandır. Həmin şəxsi cəbhəçilərə qəbul etdirmək mümkün deyil. Bu baxımdan onun adam tapıb, ətrafına qəbul etdirənə qədər qurultay keçirmək fikri yoxdur. İndi əli hər yerdən üzülürsə, ayağının altından stollar qaçırsa, özünü xilas etmək, təzədən ətrafındakı 3-5 nəfərlə özünü sədr elan etmək istəyirsə, bu onun üçün uğurdursa, edəcək. Bununla da bütün nüfuzunu itirmiş olacaq”. R.Nurullayev Ə.Kərimlinin qurultay keçirməsinin onlara təhlükə yaratmayacağını qeyd etdi: “Onun qurultay keçirməsi artıq bizim üçün təhlükəli deyil. Hazırda əsl AXCP-nin qurultayına hazırlaşırıq. Ciddi şəkildə səfərbər olunmuşuq. Az müddət ərzində qurultay keçirməyə nail olacağıq. Bir ay ərzində də qurultayımızı keçirəcəyik. AXCP-nin parçalanmasından söhbət getmir. Partiyanı parçalayan insanlar uğursuz şəxslər olacaq. Həmin şəxslər Əli Kərimlinin yolunu getmiş insanlar olacaqlar. AXCP-ni parçalamaq lazım deyil. Əgər parçalamaq lazım olsaydı, biz edərdik. Biz AXCP-ni parçalamadıq. Partiyanı dağıtmaq ümumi müxalifətə ziyandır. Bizim maraqlarımıza da ziddir. AXCP-ni bütövləşdirmək istiqamətində addımlamaq istəyirik". Geri qayıt |