Əsas Səhifə > Partiya, Güney Press > `Suyu bulandıra bilməyəcəklər`
`Suyu bulandıra bilməyəcəklər`2-09-2015, 10:17 |
“Azərbaycanda noyabr ayının 1-də keçiriləcək Parlament seçkiləri ilə bağlı artıq indidən özlərinə əl qatan və ortalıqda vurnuxan bəzi Beynəlxalq Təşkilatlar bir şeyi anlasınlar ki, heç bir halda suyu bulandıra bilməyəcəklər. Mümkünatı yoxdur. Alınmayacaq. İmkan vermərik. Bütün məkrli planlar fiaskoya və uğursuzluğa məhkumdur”. Bu fikirləri aktual.az-a Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev son bir həftədən etibarən Azərbaycanla bağlı qara piar kompaniyasında yer alan Beynəlxalq Təşkilatların fəaliyyətinə münasibət bildirərkən söyləyib. “Özləri də çox gözəl anlayırlar ki, bu ölkədə müxalifət hansı səviyyədədir, həmin müxalifətin iqtidar Partiyası ilə baş-başa gəlməyi kənardan nə qədər mümkünsüz görünən bir şeydir. Odur ki, nə sapı özümüzdən olan baltalar, yəni radikal müxalifət, nə də xaricdən maliyyə göndərməyi düşünən ələkçinin qıl verənləri eyforiyaya qapılıb qalmasınlar. Seçkini xalqın iradəsi həll edəcək. Bu dövlət, bu xalq öz növbəti Parlamentini də ədalətli seçkilərlə formalaşdıracaq. Kimin şübhəsi varsa buyurub gəlsin, müşahidə, göz şahidliyi etsin. Daha gedib Əli Kərimli kimi marionetin sözləri, fikirləri ilə orda-burda rəy, mövqe formalaşdırmasın. Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan ideologiya, məqsədyönlü siyasət, əsl Azərbaycançılıq fəlsəfəsi hələ uzun illər boyunca vətənimizə, dövlətimizə baş ucalığı gətirəcək. Bu müqəddəs yolda son nəfəsimizə qədər varıq. Üzərimizə gələn bütün naqis, destruktiv qüvvələri də özlərinə layiq, adekvat şəkildə susdurmağa hazırıq” – deyə Partiya sədri fikirlərini tamamlayıb Geri qayıt |