Əsas Səhifə > Partiya, Güney Press > `Qoy, liderlər də döyülsünlər`

`Qoy, liderlər də döyülsünlər`


7-09-2015, 10:01
`Qoy, liderlər də döyülsünlər`
Razi Nurullayevin AXCP-sinin Suraxanı rayon şöbəsinin konfransı keçirilib. Konfransda AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev və digər AXCP yetkililərindən Ehtiram Mehdiyev, Cavid Musazadə, Fəxrim Əbdüləzimov, Səbuhi Aslanbəyli (Əliyev) iştirak ediblər.

AXCP EQTK-nin sədri Razi Nurullayev bildirib ki, AXCP-nin bir olmasına və demokratik təşkilat olmasına çalışırlar: `Əgər Əli Kərimli etimad qurultayında iştirak etməyə və sədrlikdən getməyə razılıq verərsə, bizim fəaliyyətimizə ehtiyac olmayacaq, cəbhə bir olacaq. Əli Kərimli illərdir apardığı uğursuz siyasətinə görə istefa verməli, sədrlikdən getməlidir. Azərbaycan müxalifətində bunun presedenti var. Lalə Şövkət ALP sədrliyindən getdi, Etibar Məmmədov AMİP sədri postundan istefa verdi. İsa Qəmbər son qurultayda Müsavatın başqanı postundan getdi. Əli Kərimli də getməlidir`.

Nurullayev deyib bəyan edib ki, AXCP-ni parçalamaq niyyəti yoxdur: “Bu gün müxalifətdə döyülmək, söyülmək qəhrəmanlıq hesab edilir. Əgər döyülmək, söyülmək, ac qalmaq qəhrəmanlıqdırsa, onda qoy liderlər də elə olsunlar. Komfort həyatdan imtina etsinlər. Onda qoy Əli Kərimli də, oğlu da, Fuad Qəhrəmanlı da, Gözəl Bayramlı da həbs olunsun. Ancaq onları heç kim tutmur. Əli Kərimli bu gün siyasətdə məzlum obrazı yaradır, bu doğru deyil”.

Nurullayevin çıxışından sonra təşkilati məsələyə baxılıb. Vüsal Bayramov AXCP Suraxanı şöbəsinin sədri seçilib. Qeyd edək ki, o, AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadında Suraxanı RŞ-nin gənclər təşkilatının sədri olub. Rahib Hacıyev Ali Məclisin üzvü, Nurlan Rəsulov, Cavid Nəbiyev, Tahir Hüseynov isə NTK üzvləri seçiliblər. Konfrans AXCP Etimad Qurultayına nümayəndələri də müyyən edib. Suraxanı şöbəsini qurultayda Cavid Musazadə, Ayaz Nəbiyev, Rahib Hacıyev, Vüsal Bayramov və Ehtiram Mehdiyev təmsil edəcəklər.
(cebhe.info)

Geri qayıt