Əsas Səhifə > Partiya, Güney Press > İbrahimbəyov qardaşları barışdılar:

İbrahimbəyov qardaşları barışdılar:


12-09-2015, 10:33
İbrahimbəyov qardaşları barışdılar:
“Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində aktiv olmadığımı görürsünüz. Ona görə də seçkilər barədə nəsə danışmaq istəmirəm. Heç nə ilə maraqlanmıram”.
Bunu Modern.az-a açıqlamasında Milli Şuranın fəxri sədri, kinorejissor Rüstəm İbrahimbəyov noyabr ayında keçiriləcək parlament seçkilərinə münasibət bildirərkən deyib.

R.İbrahimbəyov vaxtilə yaxın əlaqədə olduğu Cəmil Həsənlinin seçkilərə qatılmamasına da toxunub.

“Milli Şuranın seçkilərə qatılmaması barədə danışa bilmərəm. Əgər Cəmil Həsənli deputat olmaq istəmirsə, bu onun öz istəyidir. Mən nə deyə bilərəm ki. Həm də uzun müddətdir ki, xəstəliklə mübarizə aparıram. Gah Amerikaya gedirəm, gah da Moskvaya qayıdıram. Kino işimlə məşğul oluram”.

Modern.az saytı tanınmiş kinorejissorun qardaşı, sabiq deputat Maqsud İbrahimbəyovla da əlaqə saxlayaraq qarşıdakı seçkilər barədə fikirlərini öyrənib. Maqsud İbrahimbəyov saytımıza açıqlamasında seçkilərə qatıla bilməməsini belə izah edib.

“Noyabr ayında keçiriləcək parlament seçkilərinə qatıla bilməyəcəm. Yəni deputat ola bilməyəcəm. Çünki tez-tez xəstə oluram. Bəzən aylarla evdən çölə çıxa bilmirəm”.

Maqsud İbrahimbəyov Rüstəm İbrahimbəyovla da münasibətlərindən danışıb. Məlum olub ki, qardaşlar arasındakı soyuqluq aradan qalxıb.

“Son bir neçə ayda Rüstəmlə tez-tez telefon əlaqələrimiz olur. Bir neçə müddət bundan əvvəl münasibətlərdə soyuqluq vardı. Ancaq indi bir-birimizin əhvalını soruşuruq. “Rüstəm nə işlə məşğuldur, seçkilərə qatılacaqmı, deputat olacaqmı, Azərbaycana nə vaxt gəlir” kimi suallarla ona müraciət etmirəm. Yaxşı olar ki, bu sualları siz ona ünvanlayasınız. Telefon danışığı zamanı ancaq hal-əhval tuturuq. Həm də Rüstəm uşaq deyil ki! Nə etdiyini özü yaxşı bilir”.

Geri qayıt