Əsas Səhifə > Partiya > YAP-dan siyahı açıqlaması: `Yaxın 10 gün ərzində...`
YAP-dan siyahı açıqlaması: `Yaxın 10 gün ərzində...`14-09-2015, 12:19 |
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hələ də açıqlanmayıb. YAP-ın namizədlərinin kim olması siyasi elitada böyük səbrsizliklə gözlənilir. İki həftə əvvəl açıqlanacağı gözlənilən siyahının yubanması maraq kəsb edir. Çünki, bir çox namizədlər məhz YAP-ın siyahısı açıqlandıqdan sonra hansı dairədən namizəd olacağını elan etməyi düşünür. YAP isə namizəd siyahısını açıqlamağa tələsmir. Bəs YAP seçkidə iştirak edəcək namizədlərinin siyahısını nə vaxt açıqlayacaq? AzVision.az bu sualla YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevə müraciət edib. YAP sözçüsü bəyan edib ki, mətbuatın canfəşanlığına baxmayaraq, hakim partiya namizədlərinin siyahısını açıqlamaqda yubanmır: `Seçki Məcəlləsinin tələblərinə görə qarşıdakı 10 gün ərzində öz namizədlərimizi irəli sürə bilərik. Burada heç bir qanun pozuntusu yoxdur və siyahıda adı olan namizədlərimizin imza toplaması üçün kifayət qədər vaxtı var`. H. Paşayev qeyd edib ki, YAP-ın namizəd siyahısı partiyanın İdarə Heyətinin növbəti toplantısında təsdiq olunduqdan sonra açıqlanacaq: `YAP İdarə Heyətinin iclaslarının keçirilməsinin qrafiki var və həmin qrafikə uyğun olaraq iclas keçiriləcək. İdarə Heyətinin növbəti iclasında partiyanın növbəti parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı təsdiq olunacaq və həmin namizədlər Dairə Seçki Komissiyalarına müraciət edəcəklər`. Geri qayıt |