Əsas Səhifə > Partiya, Güney Press > Cəbhəçi gənc üzvlərin həbsində kimləri günahlandırdı?

Cəbhəçi gənc üzvlərin həbsində kimləri günahlandırdı?


17-09-2015, 10:47
Cəbhəçi gənc üzvlərin həbsində kimləri günahlandırdı?
Bu günlərdə AXCP sıralarından istefa verənlərdən biri də partiyanın gənc fəallarından biri olan Ruslan Nəsirli olub.

AXCP Gənclər Komitəsinin Ali Məclisinin üzvü olan Ruslan Nəsirli bu barədə Avropa.info saytına açıqlama verib.

Rəsmi olaraq 2013-cü ildən partiya sıralarında fəaliyyət göstərən R. Nəsirli açıqlamasında partiyadan istefa verməsinin səbəblərini belə izah edib:

“Mən rəsmi olaraq 2013-cü ildən AXCP-nin üzvü olmuşam. Partiyanın üzvü olduğum dövrdə 2 dəfə sifarişlə həbs olunmuşam (2014-cü ildə 2 avqustda mitinqə görə 30 sutka, 2015-ci ildə 5 aprel mitinqindən sonra aprel ayının 7-də 20 sutka). AXCP-dən ayrılmağımın səbəbi isə birinci növbədə Həsən Kərimov və Fuad Qəhrəmanlının partiya daxilində gənclərin inkişafına mane olmaları olub.

Fuad Qəhrəmanlının Facebook-dakı qruplarda özünün şəxsi zombi dəstələri var. Kiminlə qəsd-qərəzliyi varsa, bu adamlar həmin gün həmin adama təhqirlər yağdırırlar. Baxmayaraq ki, onun özü hakimiyyətin Naxçıvan klanının qarşısında öhdəliklər götürərək, sifarişlər həyata keçirir. Partiyada az da olsa fəallıq göstərən gənclərə olmazın ittihamlar yağdıraraq onu satqın adlandırır".

R.Nəsirli deyir ki, ona qarşı kampaniya Əbülfəz Qurbanlının istefasından sonra başlayıb:

"Mənə qarşı isə Fuad Qəhrəmanlının bu kampaniyası bir müddət öncə Əbülfəz Qurbanlının istefasından sonra başlandı. Ə. Qurbanlı Rəyasət Heyətində bir növ gənclərin qoruyucusu qismində idi. Onun partiyadan məcburi şəkildə getməsinə nail olduqdan sonra onlar artıq gənclərə daha asan qara yaxır və partiyadan kənar edirdilər. Bunun üçün də yeni kampaniya başlatdılar.

Əslində, bu kampaniyanın ikinci hissəsi idi. Birinci hissəsində isə Seymur Həzinin Ali Məclisin sədrliyinə iddialı olduğunu bildikdən sonra ilk öncə onun özünü həbs etdirdilər. Natiq Ədilovun qardaşını, Asif Yusiflini isə Hacı Abbaslının əli ilə həbs etdirdilər. Ə. Qurbanlı da hamıya məlumdur. Nərimanov şöbəsinin sədri Hacı Abbaslının təkcə Asif Yusiflinin həbsində əli yoxdur. Eyni zamanda onun şöbəsində olan və Əli Kərimlinin sərəncamsız müsafiri Məmməd İbrahimin də mənim birinci həbsimdə “böyük əməyi” olmuşdur. Belə ki, o məni öz işlədiyi mağazaya çağırmış və polislərə təhvil vermişdi. Partiyada bütün bu “müdhiş” proseslərin arxasında "boz kardinal" kimi Həsən Kərimov dayanır.

Mən tam əminəm ki, AXCP-nin qərargahının partladılmasında, Seymur Həzinin, Asif Yusiflinin və partiyadakı digər gənclərin həbsində onun birbaşa əli var. Nədənsə biz gənclər Artur Rəsizadəni ələ salanda ki, adam ömrünün az qala bütün hissəsini baş nazir olaraq keçirir bu Əli Kərimlinin xoşuna gəlir. Amma biz daxili söhbətlərimizdə, çay süfrəsi arxasında deyəndə ki, axı nə vaxta qədər Həsən Kərimov Ali Məclisin sədri qalacaq? Bu cür fəaliyyətsizlik və nadir hallarda etdiyi pafoslu çıxışlarla hakimiyyətə xidmət edəcək. Bu, Əli Kərimlinin xoşuna gəlmir və bizi avtomatik olaraq satqın çıxarırlar. Diqqət etsəniz, görərsiniz ki, partiyada iki il bundan əvvəlki gənclər artıq yoxdur. İki il bundan sonra da indiki vitrin gənclər olmayacaq. Bunun səbəbi isə partiya daxili avtoritar mühit, gənclərin boğulması və fərqli fikirlərə yol verilməməsidir".

R.Nəsirli bundan sonrakı siyasi fəaliyyəti ilə danışıb: "Mən Ruslan Nəsirli də öz gələcək perspektivimi bir nəfərin fikri ilə idarə olunan partiyada yox, Razi Nurullayevin yeni yaratdığı və gənclərə perspektiv vəd etdiyi Türkiyə modeli adlanan siyasəti ilə dəstək verərək AXCP EQ-nın təşkilat komitəsinə öz dəstəyimi ifadə etmişdim. Həmin andan bəri vəxtilə mənim də daxil olduğum zombi qruplaşmalar mənə qarşı çox iyrənc kampaniyalara başladılar. Məsələn, dünən partiyadan kənarda da mənim dostum olan Türkəl Əlisoyun toy məclisində iştirak edirdim.

Oradakı həm rəhbər təbəqədən, həm də sıravi cəbhəçilərin necə sivil dünyadan, normal etik qaydalardan uzaq olduqlarının bir daha şahidi oldum. Biz dəfələrlə görmüşük ki, Türkiyə siyasətçiləri istər iqtidar, istərsə də müxalifət olsun bir-birlərinin xeyir-şər işlərində iştirak edirlər. Əli Kərimli isə özünün 200-300 nəfərdən ibarət olan utopiya ilə yaşayan zombiləşmiş cəbhəçiləri ilə bu cür sivil və mədəni siyasi jestlərdən uzaqdırlar. Biz Razi Nurullayevlə təşkilati işləri maksimum dərəcədə aparır, hər gün iki, üç rayonda konfransımızı keçiririk. Ümidvaram ki, tez bir zamanda qurultayımızı da keçirəcəyik.

Əgər partiya möhürünü ala bilməsək, tam əmin ola bilərsiniz ki, Əli Kərimlinin partiya sədrliyində qalmasında hökumət daxilindəki qolların marağı var. Lakin biz maksimum çalışacağıq və bizim hüquqşünaslar da çalışırlar ki, nəticə əldə etsinlər. Sonda onu da demək istəyirəm ki, Razi bəyin siyasətini dəstəkləyən insanların təhqir və tənə dolu statuslar yağdıran cəbhəçilərə bildirmək istəyirəm ki, Azərbaycan çox kiçik bir ölkədir. Elə hərəkət edin ki, sabah etdiklərinizdən peşman olmayasınız. Necə ki, mən bu gün peşmanam.

Sıravi cəbhəçiləri buna təhrik edən rəhbərliyə sözüm odur ki, çox irəli getməyin. Hər dəfəsində əlimizdə olan kampramatları ictimaiyyətə təqdim edərək sizi daha da ifşa edəcəyik. Hələ ki, bunu kütləvi şəkildə etmirik. Çünki siz özünüzü məharətlə ifşa edirsiniz".

Geri qayıt