Əsas Səhifə > Partiya, Güney Press > Razi Nurullayev seçkidən imtina etdi
Razi Nurullayev seçkidən imtina etdi19-09-2015, 11:35 |
"Bu il Parlament seçkilərinə qatılmaqdan imtina edirəm. Bir neçə əsaslı səbəbim var. Bununla bərabər, qeyd etməliyəm ki, siyasətçilərin seçkidə iştirakının tərəfdarıyam. Siyasətçi seçkidə iştirak etmirsə, siyasi səhnədə qalmağının anlamı itir. Seçkilərdə boykot yolverilməzdir. Yalnız o zaman məqbuldur ki, boykot qərarı rejimlərin getməsinə faydalı olsun." Avropa.info xəbər verir ki, bu sözləri AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Razi Nurullayev deyib. R.Nurullayev qeyd edib ki, ölkədə iqtidara qarşı daxili təşkilatlanma və daxili müqavimət çox zəifdir: "Hazırda YAP siyasi hakimiyyətinin iqtidardan uzaqlaşdırılmasının yaxın perspektivi üfüqlərdə görünmür. Ölkədə iqtidara qarşı daxili təşkilatlanma və daxili müqavimət çox zəifdir. Bütün ölkəyə total olaraq YAP nəzarət edir. Seçkini də istədikləri kimi keçirəcək və istədikləri adamları da deputat “seçəcək”lər. Çox üzücü və ifşaedici haldır. Xalqın azad seçiminə həqarətdir. Seçkinin azad və demokratik olmayacağı ATƏT-in və digər beynəlxalq qurumların seçki monitorinqindən imtina etməsi ilə daha qabarıq oldu. Lakin, seçkidə iştirak etməklə pulsuz efir vaxtından siyasi hakimiyyəti ifşa etmək və xalqa xitab üçün faydalanmaq zəruri idi. Əfsus ki, bundan yararlana bilməyəcəyik. İndi isə səbəblərim barədə. Biz insanların seçki hazırlığına başladığı zaman partiya quruculuğuna başladıq. Bütün gücümü təşkilati məsələlərə yönəltdim. Bu gün də ən vacib işim mənə inanaraq yanımda olan dostlarımla birlikdə üzərimizə götürdüyümüz yeni müxalifətçiliyi başarılı sonluğuna gətirməkdir. Seçkidə iştirakla müqayəsədə yeni siyasi müstəvi yaratmaq daha cəzbedicidir. Əfsuslar olsun ki, mövcud iqtidar seçkinin azad və şəffaf keçiriləcəyi ilə bağlı heç bir şans yaratmadı. Əfsuslar ki, demokratik təsisatları ölkədən qovdu. Əfsuslar ki, vətəndaş cəmiyyəti demək olar ki, tam olaraq sıradan çıxarıldı. Vətəndaş nəzarəti sıfırdan aşağı səviyyəyə düşdü. Ölkədə qeyri-normal siyasi abi-havanın yaranmasında, demokratik seçki üçün heç bir şərtin ortada olmamasında birbaşa Yeni Azərbaycan Partiyası və onun qurduğu iqtidar məsuliyyət daşıyır və zaman gələcək ki, bütün bunlara görə qanun qarşısında cavab verməli olacaqlar". Geri qayıt |