Əsas Səhifə > Partiya, Güney Press > “Çox mürəkkəb vəziyyət yarandığını etiraf etməliyik”
“Çox mürəkkəb vəziyyət yarandığını etiraf etməliyik”28-09-2015, 12:03 |
Ermənistan prezidenti Serj Sərkisyan bir neçə gün öncə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisilə bağlı növbəti iddia səsləndirib. O, Dağlıq Qarabağı Ermənistan dövlətinin ərazisi adlandırıb. Bununla da Sərkisyan ilk dəfə Ermənistanın işğalçı dövlət olduğunu etiraf edib. Halbuki, bu vaxta qədər Ermənistan tərəfi Dağlıq Qarabağdakı separatçı rejimi “müstəqil dövlət” kimi xarakterizə edirdi. Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Serj Sərkisyanın dedikləri və Dağlıq Qarabağ münaqişəsi bağlı Modern.az-ın suallarını cavablandırıb. - Ayaz müəllim, Serj Sərkisyan Dağlıq Qarabağı Ermənistan dövlətinin ərazisi adlandırıb. Sərkisyanın bununla da Ermənistanı işğalçı dövlət kimi təqdim etməsi beynəlxalq gündəmdə nəyi dəyişə bilər? - Bu səpkidə danışan Ermənistan prezidenti başqa cür danışıb tutarlı nəsə deyə bilməz. Onun dedikləri ilə kimsə oturub-durmur. Azərbaycan beynəlxalq arenada öz yerini tutub. Sərkisyanın nə deyib nə deməməsi ondan asılı deyil. Digər tərəfdən Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan dövlətlər çoxdur. BMT-nin 4 qətnaməsini nəzərdə tutsaq, Sərkisyanın dediklərinin əsası yoxdur. Sərkisyan deyir ki, Dağlıq Qarabağ Ermənistanındır. Ancaq reallıq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu göstərir. Üstəlik, Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edən dövlətlərin sayı da çoxalır. Sadəcə olaraq, Sərkisyanın bu çıxışı ona köklənib ki, kiminsə qulağına nəyisə çatdırmaq istəyirlər. Çünki müxtəlif dövlətlərdə sponsorlar da var. Onlar bunu dilə gətizdirməklə diqqəti kiməsə yönəldirlər. Bu çıxışların Ermənistana heç bir faydası yoxdur. Biz sadəcə olaraq prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Çox mürəkkəb vəziyyət yarandığını etiraf etməliyik. “Biz gəlsək belə edərik” kimi boş söhbətlərə inam da yoxdur. - Sizin prezidentlik dövrünüzə qayıtmaq istərdik. Həqiqətən də dediyiniz kimi, Azərbaycan Moskva ilə yaxınlıq etsəydi, Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilərdimi? - Bunu keçid dövrünün ilk mərhələsində etmək olardı. Biz Moskvanın özündən incidik. Amma Moskva rəngarəng paytaxtdır. Orada bizim lehimzə və əleyhimizə çıxış edənlər olub və indi də var. Eyni zamanda, Azərbaycanın hörmətini saxlayanlar da az deyil. Biz isə hər zaman Moskvanın bizə qarşı düşmən olduğunu demişik. O zaman təəssüflər olsun ki, millətçiliyi təmsil edən müxtəlif adamlar bunu deyə-deyə arxada Moskvanın demokratik qüvvələri ilə əməkdaşlıq ediblər. Yəni onların təsəvvüründə Boris Yeltsinin Moskvası Azərbaycana daha yaxın idi, nəinki Qorbaçovun. Böyük səhvə yol verilən bu idi. Mən isə Moskvanın özü ilə işbirliyini önə çəkirdim. Çünki Dağlıq Qarabağ məsələsi geosiyasi məsələdir. Ona görə də siyasi alətlərdən istifadə etməliyik. Təəssüf ki, bu məsələdə mənə irad tutuldu. Düşündüm ki, məndən sonra gələnlər bu məsələni bəlkə həll edə bildilər. Çünki siyasi kürsü əbədi mənim deyildi. Əsas odur ki, ərazi bütövlüyümüz bərqərar olsun. - Maraqlıdır, Rusiyanın indi yürütdüyü siyasət ona SSRİ-nin taleyini yaşada bilərmi? - Zənnimcə, yox. Rusiya hər zaman özünün inkişafını davam etdirir. Təbii ki, indiki Rusiya ilə 5-10 il bundan öncəki Rusiya arasında fərq var. Bir anlayışı da qəbul etməliyik ki, Rusiya böyük dövlət olaraq ya dövlətçiliyi saxlamalıdır, ya da murdar əməllərindən əl çəkməlidir. Rusiya Dağlıq Qarabağ məsələsində müəyyən siyasi amillərdən istifadə edirlər və edəcəklər də. Biz isə bu məsələdə düşmənçilik mövqeyini saxlaya bilmərik.Yalnız Rusiyanın mövqeyini saxlamaqla Qərbi sıradan çıxarmağın da bizə bir faydası olmayacaq. Ona görə də indiki vəziyyət çox mürəkkəbdir. - Bəs Qarabağ məsələsinin həllində Qərbin mövqeyi Rusiya ilə toqquşurmu? - Qərbi təmsil edən radikal qüvvələr var. Həmin qüvvələr öz radikal yollarını gedirlər və gedəcəklər. Ancaq böyük hesabatda Cənubi Qafqaz Rusiya imperiyası tərəfindən əhatə olunan bir regiondur və belə də qalır. Bunu çox vurğulamasalar da, nəticə etibarilə belədir. -1994-cü ildən bəri atəşkəs elan olunsa da, atəşkəsin pozulmasına bir növ vərdiş olunmuşuq. Son günlər cəbhədəki vəziyyəti necə şərh edərdiniz? - İndiki Dağlıq Qarabağ münaqişəsi nə sülhə, nə də sırf müharibəyə köklənib. Real şəkildə atəşkəs mexanizmi işləmir. Cəbhədə vəziyyət gərginləşən kimi bu o deməkdir ki, siyasi nöqteyi-nəzərdən açıq-aşkar xəbərdarlıq sürətlə davam edir.. Dağlıq Qarabağ məsələsi siyasi problem olaraq alətə çevrilib. Bundan da istifadə edən birinci növbədə Rusiyadır. Cənubi Qafqaza ən yaxın dövlət Rusiya olduğundan ən kiçik hadisəyə belə biganə qala bilməz. Həmçinin, müxtəlif alətlərdən istifadə etməyə hazırdırlar və edəcəklər də. Sadəcə olaraq, hər şey bir nöqtədən asılıdır. Biz ki nöqtəni qoyduq, bununla da hər şey bitəcək. Geri qayıt |