Əsas Səhifə > Partiya, Güney Press > “YAP Leyla Abdullayevanın yerinə namizəd irəli sürməyəcək”
“YAP Leyla Abdullayevanın yerinə namizəd irəli sürməyəcək”3-10-2015, 10:32 |
“Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsinə ayrılan müddət dünən - oktyabrın 2-də başa çatıb. Buna görə də Yeni Azərbaycan Partiyası 41 saylı Sumqayıt I Seçki Dairəsindən Leyla Abdullayevanın əvəzinə yeni namizəd irəli sürməyəcək”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar 41 saylı Sumqayıt I Seçki Dairəsindən namizədliyini irəli sürdüyü hazırkı deputat Leyla Abdullayeva namizədliyini geri götürüb. S. Novruzov APA-ya açıqlamasında bildirmişdi ki, hazırda məktəb direktoru işləyən L. Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir. YAP icra katibinin müavini qeyd etmişdi ki, bu səbəbdən də l. Abdullayeva namizədliyini geri götürüb. Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim etməlidirlər. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət 2015-ci il sentyabrın 12-dən oktyabrın 2-i saat 18.00-dək olan dövrü əhatə edib. Geri qayıt |