Əsas Səhifə > Partiya, Güney Press > İqbal Ağazadə Araz Əlizadəyə sərt cavab verdi

İqbal Ağazadə Araz Əlizadəyə sərt cavab verdi


13-10-2015, 08:08
İqbal Ağazadə Araz Əlizadəyə sərt cavab verdi
Parlament seçkiləri yaxınlaşdıqca bütün dairələr üzrə deputatlığa namizədlər arasında rəqabət kəskinləşir. Elə dairələr var ki, artıq yaşanan rəqabət şəxsi düşmənçilik səviyyəsində aparılır. 35 saylı Xətai seçki dairəsində də vəziyyət krtikdir.

Həmin dairədə əsas rəqiblər 2013-cü ildə prezidentliyə namizəd olmuş şəxslər, hazırkı millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə və Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadədir. Hər iki namizəd sözün həqiqi mənasında mətbuatda söz savaşı aparırlar. Xüsusilə bu prosesdə A.Əlizadə daha fəal görünür. Ümid sədri ona cavab vermək istəməsə də, ittihamları qarşısında bəzən susqunluğu pozmağa məcbur olur. Namizəd olacağını elan etdiyi ilk gündən ASDP sədri İ.Ağazadəni əsas hədəf seçib. Mətbuatda onun ünvanına ağır ittihamlar səsləndirir. Hətta iş o yerə çatıb ki, A.Əlizadə Ümid sədrinin namizədliyinin ləğv olunması üçün dairə seçki komissiyasına (DSK) müraciət edib. O, millət vəkilini təbliğat-təşviqat kampaniyası başlamamış, seçiciləri ələ almaq üçün asfalt və yelləncəklər düzəltməkdə ittiham edib. Lakin DSK onun iddiasını təmin etməyib. ASDP sədri MSK və məhkəməyə müraciət edəcək. O, İ.Ağazadənin qardaşı İlqar Ağazadə barədə də ittiham irəli sürüb. A.Əlizadə sensasion iddia irəli sürərək, İlqar Ağazadənin oktyabrın 7-də nümayəndəsi Günel Babayevanın evinə adam göndərərək, onu hədələdiyini, evdən aparmaq istədiklərini bildirib. Göründüyü kimi, kifayət qədər ciddi ittihamdır.

Bütün bunlarla bağlı İqbal Ağazadənin fikirlərini aldıq. O, əslində, A.Əlizadə adlı bir şəxs barəsində danışmaq istəmədiyini söylədi: “Onun barəsində danışmağa vaxt sərf etmək istəmirəm. Biz hər seçicimizin qapısını döyürük, bizə səs verməsini istəyirik. Hər şeyi qanun çərçivəsində edirik. Heç kim bilə bilməz ki, o ünvanda kim yaşayır. Günel Babayeva məsələsi barədə deyirəm ki, boş-boş işlərlə məşğul olmasın, daha ciddi işlərlə məşğul olsun. Şər-böhtanlara cavab vermək istəmirəm. Mənasız-mənasız danışmaqdansa, getsin seçici ilə işləsin. Başa düşmürəm, millət vəkilliyinə namizədəm deyə, qardaşım seçki qərargahımda olmamalıdır? Kiminsə qardaşı ilə münasibətinin necə olduğunu deyə bilmərəm. Xahiş edirəm, heç kəs heç kəsi şərləməsin. Təbliğatımızı normal çərçivədə aparaq. İndiyə qədər Araz Əlizadənin ünvanına nə bir söz demişəm, nə də əks-təbliğat aparmışam. Yaşımıza, başımıza hörmət etməyi bacarmalıyıq. Bir namizəd indiyə qədər mənim etik qaydaları pozduğumu deyə bilməz. Hamıdan da xahiş edirəm ki, etik normaları pozmasınlar. Ayıbdır”.

Millət vəkili namizədliyinin ləğv edilməsi barədə A.Əlizadənin DSK-ya ünvanlandığı şikayətə də toxundu: “DSK bu məsələni araşdırıb, artıq qərarını verib. Bitmiş bir məsələdir. Bütün namizədlərə, sadəcə, Seçki Məcəlləsi xatırladılıb. Bu da DSK-nın haqqıdır. Namizədliyim nə üçün ləğv olunmalıdır? Hansı qanunu pozuram ki?”.

İ.Ağazadə ASDP sədrinin bundan sonra səsləndirəcəyi ittihamları susqunla qarşılayacağını da qeyd etdi: “Susacam. Bütün dönəmlərdə Araz Əlizadənin nə danışmağından asılı olmayaraq, susqunluq nümayiş etdirəcəm. Bütün fikirlərə hörmətlə yanaşıram. Hər kəsdən də eyni cür münasibət gözləyirəm. Heç kimə qarşı qara piar kampaniyası aparmaq fikrində deyiləm. Sadəcə, seçici ilə işləyirəm. Kimsə məni hədəf seçibsə, hansısa məqsədləri varsa, Allah fikirlərindən xeyir versin. Bunlar məni narahat edən məsələlər deyil”.

Geri qayıt