Əsas Səhifə > Partiya, Güney Press > Müxalifətin şablon taktikası

Müxalifətin şablon taktikası


22-10-2015, 08:26
Müxalifətin şablon taktikası
Son günlərdə ölkəmizin ictimai-siyasi həyatında müsbət istiqamətdə bir sıra mühüm hadisələr baş verməkdədir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi, investisiya mühitinin yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqlar verməsindən çox keçməmiş real adımlar atıldı.

Bu hadisələr sırasında milli təhlükəsizlik nazirinin vəzifəsindən azad olunması, Milli Təhlükəsizlik Nazirliyinin bir sıra vəzifəli şəxsləri barəsində cinayət işinin açılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, lisenziyaların sayının azaldılması, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və s. məsələləri göstərmək olar. Təbii ki, bütün bu tədbirlər ölkəmizdə şəffaflığın artırılmasına, biznes mühitinin təkmilləşdirilməsinə, ölkə iqtisadiyyatının inkişafına və insanların rifahının yaxşılaşdırılmasına hesablanıb. Görülən bu tədbirlər sahibkarlar, ekspertlər, ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi və alqışıandı.

Lakin gözlənildiyi kimi, bəzi müxalifət partiyaları, xüsusən də AXCP hadisələrə ənənəvi mövqelərindən yanaşaraq burada da tənqid axtarmağa və hadisələrdən öz çıxarları üçün istifadə etməyə başladılar. Əli Kərimlinin əlinə sanki böyük bir fürsət düşdü, bütün gücünü hadisələrlə bağlı tənqid quraşdırmağa sərf etdi. Bu ilk belə hal deyil. Həmişə hansısa vəzifəli şəxs cinayət əməlinə yol verdiyinə görə həbs edilən kimi Əli Kərimli dərhal həmin şəxsin müdafiəsinə qalxır, onu həbs etdiyinə görə hakimiyyəti tənqid etməyə başlayır. Bu insan üçün fərqi yoxdur: müdafiə etdiyi şəxs cinayətkardır, ya yox, görülən tədbir dövlətin xeyrinədir, ya yox. Yəni bu insan cinayətkarın da əməllərinə haqq qazandırmağa hazırdır, təki burada “tənqid” üçün fürsət olsun və Əli Kərimli bundan geninə-boluna istifadə etsin.

Bəzən bu cür “tənqidlər” ilk olaraq xarici QHT-lərdən gəlir və onun ardınca Əli Kərimli həmin antiazərbaycan QHT-lərin səsinə səs verir, bütün gücünü bu istiqamətə yönəldir, maksimum dərəcədə bundan öz çirkin maraqları üçün istifadə etməyə, gündəmdə qalmağa, hadisələri yanlış yöndə yozmağa çalışır. Bunların işi yalnız tənqid və təhqir etməkdir.

Bu, bir daha belə “müxalifət”çilərin əsl üzünü göstərir və bir daha aydın olur ki, əslində Əli Kərimli və digər bu kimilərinin məqsədi xalqı, dövlətçiliyi düşünmək deyil. Onlar sadəcə özlərinin və xarici “tərəfdaşları”nın maraqlarını yerinə yetirir və bu yolda xalqı da, dövləti də satmağa hazırdırlar.

Elçin Mehdiyev – Trend:
Azərbaycan xəbərlər xidməti

Geri qayıt