Əsas Səhifə > Partiya, Güney Press > “Eldar Mahmudov milli təhlükəsizliyimizin təminatı ilə bağlı heç bir addım atmayıb”
“Eldar Mahmudov milli təhlükəsizliyimizin təminatı ilə bağlı heç bir addım atmayıb”23-10-2015, 09:46 |
Moderator.az xəbər verir ki, KXCP sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət” qəzetinə açıqlamasında MTN-də baş verən son prosesləri şərh edib. M.Mirəlioğlunun sözlərinə görə, baş verənlər ölkənin təhlükəsizliyi və müdafiəsi ilə bağlı ciddi problemlərin, əsaslı boşluqların mövcud olduğunu göstərdi: “Eldar Mahmudov o zaman vəzifəyə gələndə demişdik ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi “obaxeyiz” metodları ilə idarə olunacaq. Peşəkar kadrlar kütləvi şəkildə oradan uzaqlaşdırıldı. Hansı ki, bu proqnoz da əvvəlcədən səsləndirilmişdi. E.Mahmudov nazir olduğu müddətdə Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı məgər hansısa iş görüb hansısa konsepsiya ortaya qoydu ki? Belə bir şey olmadı. E.Mahmudov milli təhlükəsizliyimizin təminatı üçün elə bir addım atmadı ki, bu gün o, nazir postundan uzaqlaşdırıldığı bir zamanda hansısa təhlükə və ya boşluq meydana çıxsın. Mən belə hesab edirəm ki, MTN-də baş verənlərin aşkarlanması gec də olsa Azərbaycanın milli təhlükəsizliyinə xidmətdir. Baş verənlər milli təhlükəsizliyimiz üçün heç bir təhdid yaratmır. Bu adam əvvəl nə işlə məşğul idisə, sonra da o işlə məşğul idi. Yəqin ki, yaxın günlərdə onun hüquqlarının müdafiəsinin şahidi olacayıq. Bu da təbii bir prosesdir. Bütün məsələlər öncədən nəzərə alınmalı, yalançı təriflər, yalançı təqdimatlar, boş vədlərlə ictimaiyyət aldadılmamalı idi. Yəqin ki, bu proses hələ bitməyib. Çox güman ki, seçkidən sonra da davam edəcək. Mən MTN-nin yüksək retbəli şəxslərinin saxlanılmasını, onlarla bağlı atılan addımları işin xeyrinə hesab edirəm. Bu, dövlətçiliyimiz baxımından faydalıdır. Şəxsi maraqlar baxımından yanaşdıqda isə ola bilsin ki, kiminsə dostu, kiminsə əlehdarı vurulub. Bunlar tamam başqa məsələdir”. M.Mirəlioğli bu sistemə onun incəliklərinə dərindən bələd olan şəxslərin gətirilməsinin zəruri olduğunu qeyd etdi: “MTN rəhbəri postuna bu əməliyatı icra edən şəxslərdən tutmuş, digərlərinə qədər bir çox namizədlər var. Təbii ki, bu kimi postlara rəhbər şəxs təyin edəndə sizin suallarınız və bizim cavablarımız nəzərə alınmır. Önəmli olan budur ki, səhvlər təkrar olunmasın. Çünki bu, Azərbaycanın imicinə ziyandır. Təyinat alan şəxslərin hansı rütbə daşıması, generalmı, albaymı olması önəmli deyil. Baxın, MTN-ə birinci müavin təyin olundu. Bu şəxs kifayət qədər bacarıqlı adamdır, amma öz sahəsində. Mədət Quliyevin təhlükəsizlik orqanı ilə nə əlaqəsi var ki? Hesab edirəm ki, bu kimi məsələlərə diqqət edilməlidir”. Geri qayıt |