Əsas Səhifə > Partiya, Güney Press > Kərimli qanadının qurultayı ilə bağlı məhkəməyə müraciət hazırlanır

Kərimli qanadının qurultayı ilə bağlı məhkəməyə müraciət hazırlanır


28-10-2015, 09:55
Kərimli qanadının qurultayı ilə bağlı məhkəməyə müraciət hazırlanır
Azərbaycan Xalq Cəbhəsi ətrafında cərəyan edən proseslər davam edir. Buna səbəb qurum daxilindəki narazı qanadların keçirdikləri qurultay, Ədliyyə Nazirliyinin hansı tərəfi tanıyacağı ilə bağlı yaranan suallardır.

AXCP-nin Əli Kərimli qanadı artıq sentyabrın 27-də keçirdiyi qurultayın nəticələrinin tanınması ilə bağlı Ədliyyə Nazirliyinə sənədləri təqdim edib. Razi Nurullayev qanadı isə hələ də qurultay sənədlərini təqdim etməyib. Narazı tərəf Kərimli qanadının saxta qurultay keçirdiyi iddiası ilə məhkəməyə müraciət edəcək.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında yeni AXCP-nin sədri Razi Nurullayev məlumat verdi: “Ədliyyə Nazirliyinə sənədləri hələ də təqdim edə bilməmişik. Amma sənədlər tam hazırdır. Bununla bağlı mətbuata açıqlama verəcəyik. Biz bu məsələyə sıradan bir məsələ kimi yanaşmırıq. Ciddi hüquqşünaslarla məsləhətləşmələr aparmışıq. Mərhələ-mərhələ addımlarımızı atırıq. Burada Azərbaycan siyasətinin gündəmini dəyişəcək hadisədən söhbət gedir. Səhv etmək istəmirik. AXCP-nin hüquqi təmsilçiliyinin əldə olunmasında israrlıyıq. Hər bir sənədin üzərində əsirik. Sənədləri təqdim edəndə mətbuata açıqlama verəcəyik”.

R.Nurullayev sənədlərin yubanmasının onlara problem yaratmayacağı qənaətindədir: “İndiki mərhələdə sənədlərin gecikməsinin bizə problem yaradacağını demək olmaz. Sənədlərimizin gecikməsi ilə bağlı Ədliyyə Nazirliyinə izahat göndərmişik. Hüquqşünaslar məsləhətləşmələr aparırlar. Çox yaxın zamanda sənədləri nazirliyə təqdim edəcəyik”.

Yeni AXCP-nin sədri əks qanadın qurultayı ilə bağlı məhkəməyə şikayət edəcəklərini bildirdi: “Kərimlinin qurultayının legitim olmasını qəbul etmirik. Bununla bağlı ciddi əsaslarımız var. Məhkəməyə yəqin ki, müraciətimiz olacaq. Düşünürəm ki, bu ciddi gündəm yaradacaq. Müəyyən faktlar toplamışıq. Biz əsl AXCP-nin bərpa olunmasında, Elçibəy ruhunun partiyaya qaytarılmasında israrlıyıq. Ədliyyə Nazirliyinə və məhkəməyə müraciətimizin hansının tez olacağı ilə bağlı hüquqşünasıların yerinə danışa bilmərəm. Hüquqi çərçivədə atılmalı olan addımlar həyata keçirilir. Çalışırıq ki, xeyrimizə olmayan vəziyyət yaratmayaq. Onu da qeyd edim ki, nazirlik və məhkəməyə müraciət məsələsi bu həftə həllini tapa bilər”.

R.Nurullayev bəzi siyasi düşərgələrin Kərimli qanadını AXCP kimi tanımalarına da toxundu: “Bu, əleyhimizə işləyə bilməz, əksinə, xeyrimizədir. Bizə gələn mesajlar da bunu deməyə əsas verir. Müxalifətə yeni simalar, yeni ruh gətirmək istəyimiz Əli Kərimliyə görə deyil. Sadəcə, AXCP-çi olduğumuza görə bütün proseslər AXCP üzərində cərəyan edir. Daha çox da Əli Kərimlinin adı hallanır. Məqsədimiz köhnə uğursuz siyasətçilərin siyasi səhnədən getmələrinə nail olmaqdır. Bunun da yolu yeni qüvvənin, yanaşmanın ortaya çıxmasıdır. İnsanların yeni qüvvələrə inamlarının geri qaytarılması da əsas məqsədlərimizdən biridir. Bu proseslərin sonunda köhnə siyasətçilər tarixə gömüləcək. Təkcə Əli Kərimli yox. Möhtəşəm qurultaydan sonra bizi özlərinə rəqib görənlər çox narahat oldular. Onlar Azərbaycanda yeni qüvvələrin siyasi səhnəyə çıxmalarında maraqlı deyillər. Çünki bu onarın sonu deməkdir. Bunun üçün də ənənəvi müxalifəti öz aralarında bir neçə il də cəmiyyətə sırımaq istəyirlər. Onlar Əli Kərimliyə dəstək verməklə özlərinin xilasolma yollarını göstərirlər. Siyasi səhnədə parlamağımız, hər gün artan uğurlarımız onları ciddi narahat edir. Biz onların sonunu gətirəcəyik. Təbii ki, heç kəsin sonunu istəmirik. Uğursuzluqlarına görə sədrlik postundan getməlidirlər. Bu bütün siyasi partiyalara aiddir. İndiyə qədər digər siyasi partiyalarda olan gənclərə səslənmişəm, yenə də səslənirəm. Öz partiyanızda üsyana qalxın, liderlərinizi devirin, yeni nəfəs, yanaşma, ideoloji xətt gətirin. Azərbaycanın xilası budur. Əbülfəz Elçibəy də bunu istəyirdi. Bizə rəqib olanlar, Əli Kərimlini dəstəkləyənlər siyasi səhnədən getməlidirlər”.

Yeni AXCP-nin sədri siyasi partiyalarda gənclərin liderlərə qarşı mübarizələrinin təzahürlərinin yarandığını da qeyd etdi: “Qəlbimdə bu işə başlayanda tərəddüdlər var idi. Prosesin uğursuz olacağından, nəticə əldə edə bilməyəcəyimdən, cəbhəçilərin məni dəstəkləməyəcəyindən qorxurdum. Çox çətinliklər çəkirdim, gecələr yata bilmirdim. Sonunda qolumu çırmaladım, cəsarətlə danışdım, heç bir siyasi oyunda iştirak etmədim. Doğru bildiyim yolu dostlarımla getdim. On illərlə qəlblərdə yığılıb qalan ifadələri siyasi liderlərə qarşı işlətdim. Sonunda 1988-90-cı illərin abı-havasında olan qurultay keçirərək, insanların inamını geri qaytardıq. Avqust ayından bu günə qədər siyasətdə çaxnaşma yaratmağı bacardıq. Uğurumuz budur. Bundan ruhlanan minlərlə gənc var. Onlardan gələn mesajlar var. Biz digər siyasi partiyalarda rəhbərliyə qarşı mübarizə aparan gənclərin yanındayıq, onları dəstəkləyirik, sona qədər də bu belə olacaq. Onların bir neçəsi ilə də görüşüm olub. 2016-cı ildə Azərbaycan üçün dəyişiklik ili olacaq. Bu dəyişiklik ilk növbədə siyasi partiyalardan başlamalıdır. 2016-cı ildə siyasi partiyalardakı liderlər əllərində saxladıqları kresloları itirəcəklər. Onları devirəcəyik, həmin insanları devirmək üçün gənclik olaraq ayağa qalxın, heç nədən qorxmayın, biz sizlərin yanındayıq”.

Geri qayıt