Əsas Səhifə > Partiya, Güney Press > "Bakıda Müsəlman Qardaşları modelini tətbiq etmək..."
"Bakıda Müsəlman Qardaşları modelini tətbiq etmək..."7-11-2015, 14:48 |
Xəbər verildiyi kimi, dünən özlərini dini hərəkatın tərəfdarları adlandıran bir qrup şəxs Sabunçu rayonu polis orqanının inzibati binasının qarşısında toplaşaraq Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibovun azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər. İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirib, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərib və nəticədə iki polis əməkdaşı bədən xəsarəti alıb. Görülmüş tədbirlərlə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılıb və hüquqazidd hərəkətləri sənədləşdirilərək müvafiq materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib. Publika.az-a açıqlamasında millət vəkilləri Zahid Oruc və Aydın Mirzəzadə baş vermiş hadisə ilə bağlı fikirlərini bildiriblər. Aydın Mirzəzadə bütün bu baş verənlərin yolverilməz olduğunu deyib: “Bir qrup dindar polis idarəsinin qarşısında aksiya keçirməyə çalışaraq tutulan iki şəxsin azad olunmasını tələb edir. Əlbəttə ki, bütün bunlar yolverilməzdir. Azərbaycan hüquqi dövlətdir və hər şey hüquq çərçivəsində baş verməlidir. Dövlət nümayəndələrinə, hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı zor tətbiq etmək yolverilməzdir. Aksiyada iştirak edənlər də buna görə saxlanılıblar. Son məlumatlara görə, orada sakitlikdir və hər hansı narahatlıqdan söhbət gedə bilməz. Hamı bilməlidir ki, qanun qarşısında bərabərdir. Məsələ ancaq qanun çərçivəsində həll oluna bilər. Buna dini və yaxud siyasi rəng vermək qətiyyən düzgün deyil. Din əqidədir! Dinin zorakılıqla, dövlətə təzyiq etməklə hər hansı əlaqəsi ola bilməz”. Zahid Orucun sözlərinə görə, “Müsəlman Qardaşları” modelində təşkilat yaratmaq və onu siyasiləşdirməklə hakimiyyətə gətirmək cəhdləri heç vaxt uğurla olmayacaq: “Çünki Azərbaycan xalqının genetik kodunda dini inancları ilə yanaşı dünyaya fərqli bir baxışı var. Sabunçu hadisələri fonunda onu söyləmək mümkündür ki, Azərbaycanda dini vəziyyət sabitdir. “Dindar kəsiminin mövqeyinə zərbələr vurulur və dövlət onu özünə rəqib görür” kimi qənaətləri ortaya çıxarmaq çox yanlışdır. Bir tendensiya həm sosial-psixoloji nöqteyi-nəzərdən, həm də siyasi baxımdan özünü qabarıq şəkildə göstərir. Bu da ondan ibarətdir ki, Azərbaycanın daxilində müxtəlif partiya və təşkilatları hakimiyyət əleyhinə təşkilatlandırmaq mümkün olmayanda, sanki bu missiya dini qüvvələrin üzərinə qoyulur. Sanki məscidlər partiyaların evidir və oradan dövlət əleyhinə fəaliyyət təşviq edilir. Sanki həmin təşkilatların fəaliyyəti uğursuz olanda, onların əvəzinə dini ekstremizm, dini cərəyanlar ortaya çıxacaq”. Müsahibimiz qeyd edib ki, Azərbaycan regionda müxtəlif dinlərin ixrac edilməsi üçün bir məkandır: “Ərəb dünyasından dünyaya yayilan xaosun dini hərəkatlar vasitəsilə edildiyini qəribə qarşılamalı deyilik. Çünki bunun hazır bazası var və auditoriyanı asanlıqla ələ keçirə bilirlər. Bu fonda ələ keçirilmiş qüvvələri hakimiyyətin tərəfdarları siyahısından çıxardaraq konstitusion quruluşu dəyişməyə baza hazırlayırlar. Bizim hər birimiz bilməliyik ki, Azərbaycanda dünyəvi yoldan, normal qanunverilicilik modelindən kənar yaşam yoxdur. Yəni, şəriət qanunları əsasında, yaxud da müxtəlif ölkələrdə surəti çıxarılan siyasətlər burada işləməyəcək”. Sabunçu hadisələrində iştirak edən şəxslərin dindar adlandırılmasına gəlincə, millət vəkilini bu anlayışın çoxdan hüquqi çərçivəni aşdığını deyib: “Bu anlayış artıq başqa məzmun daşımağa başlayıb. Xarici ölkələrdə dini təhsil almış şəxslərin Azərbaycan daxilindəki mərasimlərdə birinci şəxs kimi təmsil olunması hüququ tanınmır. Sanki, həmin şəxslər təhsil aldıqları ölkələrin dinə baxışlarına yoluxdurulur. Quran vahiddir, amma baxışlar fərqlidir. Səudiyyə, Türkiyə, Misir və Suriyanın baxış modelləri əsasında ölkəmizə gəlmiş çoxlu insanlar var. Və o hüquqi ad uğrunda savaş gedir: kimdir dindar? Onların hamısını bu ad ilə tanısaq da, özləri arasında vahidlik yoxdur. Sanki xaricdən gələn parçalanmanın ölkəmizin içində də yayılması istənilir. Halbuki, Azərbaycan düşmən tərəfdən olan təhlükələri neytrallaşdıra bilir, ölkəyə iqtisadi problemlər yaşatmaq istəyənlərin meydanı da cilovlanıb. Mümkündür ki, həmin qüvvələr dini sifətlə çıxış etsinlər. Amma Azərbaycanın təhlükəsizlik orqanları güclüdür, bu ölkədə sabitliyin, əmin-amanlığın qarantı Prezident İlham Əliyevdir. Ölkə rəhbəri Azərbaycan əhalisinin maraqlarına toxunan məqamların düz hədəfinə zərbələr endirməkdədir və bu insanlar tərəfindən yüksək qarşılanır. Xalq və prezidentinin bir-birinə daha da çox bağlanması və arada olan diversantların ifşa edilməsi paralel şəkildə dini sferada da şəffaflığın yaranması ilə yekunlaşacaq”. Geri qayıt |