Əsas Səhifə > Partiya, Güney Press > AMİP sədrinin kim olacağı açıqlandı
AMİP sədrinin kim olacağı açıqlandı11-11-2015, 10:14 |
Oktyabrın 7-də AMİP sədri Yusif Bağırzadənin istefa verməsindən sonra partiyaya müvəqqəti sədrliyi baş katib Arzuxan Əlizadə həyata keçirir. Partiyaya yeni sədrin seçilməsi üçün qurultay keçirilməlidir. Bu arada məlumatlar yayılıb ki, AMİP-ə sədr kənardan gətiriləcək. Vaxtilə Yusif Bağırzadənin öncə AMİP üzvlüyünə, qısa zaman keçdikdən sonra isə sədrliyə gətirilməsi təcrübəsinin təkrar olunacağı iddia edilir. Hazırda AMİP sədri vəzifəsini icra edən baş katib Arzuxan Əlizadə isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiyaya kənardan sədr gətiriləcəyi barədə deyilənlərin əsası yoxdur. Sədr yalnız partiya daxilindən seçiləcək. A.Əlizadə qurultayın vaxtının hələ dəqiqləşmədiyini, bunun üçün Mərkəzi Şuranın çağırılmalı olduğunu dedi: “Sədrin istefasından sonrakı dövrdə partiyanın əsas fəaliyyət istiqaməti 1 noyabr parlament seçkiləri idi. Bütövlükdə partiyanın bütün resursları və bütün potensialı seçkilərə yönəlmişdi. AMİP-in nizamnaməsinə görə, partiyanın sədri istefa verdiyi, sədr postu istənilən halqa boşaldığı təqdirdə növbəti qurultaya qədər partiya sədrinin səlahiyyətlərini baş katib icra edir. Hazırda bu səlahiyyətlər mənim üzərimə qoyulub, partiyanın Siyasi Şurası tərəfindən və nizamnaməyə müvafiq olaraq, partiyanın Siyasi Şurası, Ali Qanunverici orqanı Mərkəzi Şuranı çağırır və qurultayın yerinin və gününün müəyyən olunması ilə bağlı qərarı Mərkəzi Şura verir. Növbəti etapda Mərkəzi Şura çağırılacaq və qurultayla bağlı qərar veriləcək. Qərar verildikdən sonra qurultayımız keçiriləcək və biz şübhəsiz, çalışacağıq ki, partiyanın potensialını, gücünü özünə qaytaraq”. A.Əlizadə Etibar Məmmədovun AMİP-ə sədr qayıdacağı barədə deyilənlərə də münasibət bildirdi: “Etibar Məmmədov partiyanın lideridir, lider statusu sədr statusundan daha üstün hesab olunur. Etibar bəy özü dəfələrlə bildirib ki, onun partiyaya qayıtmaq fikri yoxdur. Partiyanın rəhbərliyinə qayıdıb-qayıtmaması onun şəxsən öz qərarına bağlı olan məsələdir. Etibar bəy dəfələrlə bu məsələyə cavab verib və o, partiyanın lideri statusunda qalacaq. Sədrliyə isə qurultaya qərar verildikdən sonra partiya daxilindən namizədlər irəli sürüləcək. AMİP-də həm rəhbərlik, həm də üzvlər səviyyəsində Etibar Məmmədovun partiya rəhbərliyinə qayıtması ilə bağlı təkliflər səslənir. Bu təkliflər son 10 il ərzində bir neçə dəfə olub və indi də var. Amma bir daha qeyd etmək istəyirəm ki, Etibar bəy kifayət qədər yüksək statusa malik şəxsdir. Partiyanın funksional idarəçiliyində bilavasitə iştirak etməsə də, partiya rəhbərliyi zaman-zaman onun təcrübəsindən və tövsiyələrindən yararlanır”. “Özünüz sədrliyə namizədliyinizi verəcəksinizmi” sualına isə Arzuxan Əlizadə belə cavab verdi: “Namizədliyimin verilməsi barədə yalnız qurultayın günü müəyyən olunandan sonra açıqlama verəcəyəm”. AMİP katibi Elşən Mustafayev də bildirdi ki, partiya sədrliyinə kənardan kiminsə gətiriləcəyi barədə deyilənlərin heç bir əsası yoxdur: “AMİP kollegial idarə olunan bir partiyadır. Heç bir vəzifə mütləq hakimiyyətə malik deyil. Sədr aparatı, katiblik, Mərkəzi Şura arasında partiya nizamnaməsinə uyğun olaraq konkret vəzifə bölgüsü var. Bütün bunların üstündə isə partiyanın qurultayı dayanır. AMİP tarixində qurultay nümayəndələrinin iradəsindən kənar hər hansı qərar qəbul edilməyib. Növbəti sədr də qurultayda partiya üzvləri arasından seçiləcək. Bu gün artıq partiyaya uğurlu sədrlik edə biləcək iddialı və layiqli namizədlər var. Qurultayda onlardan biri də növbəti sədr olacaq. Kənardan sədrliyə namizəd axtarışı ilə bağlı hər hansı proses getmir və belə iddiaları ciddi dəyərləndirmirəm. Oturuşmuş partiya özünə aid olmayan birini sədr qəbul edə bilməz. AMİP-ə kənardan heç vaxt sədr gətirilməyib. Əgər Yusif Bağırzadəni nəzərdə tuturlarsa, o, 1990-cı illərdən partiya və onun rəhbərliyi ilə sıx bağlı olan biri idi və sədr olmamışdan öncə də AMİP-də sıravi üzv, katib vəzifələrində olub”. AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə dedi ki, sonuncu AMİP sədri Yusif Bağırzadənin kənardan gətirilmə kimi qəbul edilməsi doğru yanaşma deyil. Çünki Yusif Bağırzadə əvvəlcə partiyanın üzvlüyünə qəbul edildi. Bir müddətdən sonra beynəlxalq katib postu tutdu. 8-9 aydan sonra qurultay onu sədr seçdi. Sədr partiya üzvləri sırasından seçiləcək. Geri qayıt |