Əsas Səhifə > Partiya, Güney Press > "Tutulan generalların dustaqlar arasında heç bir hörməti olmayacaq"
"Tutulan generalların dustaqlar arasında heç bir hörməti olmayacaq"17-11-2015, 10:57 |
Sabiq daxili işlər naziri İsgəndər Həmidov yeni qandallanan generalları həbsdə nələr gözlədiyindən danışdı: “Hələ çoxlu sayda general var ki, həbs edilməlidirlər və güman ki, ediləcəklər” Prezident İlham Əliyevin qəfil sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunmasından 1 ay ötür. Bu bir ay ərzində ölkənin gündəmini generalların həbs edilməsi prosesi zəbt edib. Son olaraq MTN generalı Akif Çovdarov bir neçə gün öncə qandallandı. Məlumatlara görə, proses yeni generalların saxlanması ilə davam edəcək. Qeyd edək ki, Azərbaycanda generalların həbsi yeni hal deyil. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətinə son qoyulduqdan sonra ölkədə başlayan həbs dalğasında bir sıra məşhur generallar dörd divar arasına göndərildi. Onlardan ən məşhuru keçmiş daxili işlər naziri İsgəndər Həmidov idi. Şahin Musayev, Heydər Əliyev iqtidarının ilk ilində milli təhlükəsizlik naziri işləmiş Nəriman İmranov da həbsə atılan məşhur generallardan idilər. Özü də həmin generallara çox ağır cəza kəsilmişdi. İsgəndər Həmidov 14 il, Şahin Musayev 15 il, Nəriman İmranov ömürlük məhkum edilmişdilər. İsgəndər Həmidov 9 illik həbsdə saxlandı və İlham Əliyev hakimiyyətə gəldikdən az sonra azad edildi. Şahin Musayev isə Qobustan həbsxanasında məşhur qaçış olayı zamanı həbsxanadan qaçmağa cəhd edən vaxt güllənib öldürülmüşdü. Rəhim Qazıyevlə birlikdə bir qrup saxlanılan şəxsin MTN-in təcridxanasından qaçmasını təşkil etdiyi ittihamı ilə həbs edilən Nəriman İmranovun isə cəzası öncə ömürlük olsa da sonradan 15 ilə endirildi. 10 ilə yaxın məhkumluq həyatından sonra İmranov əfvlə azadlığa qovuşdu. Sonrakı illərdə də Azərbaycanda məşhur general qandallama halları yaşanıb. Onlardan ən məşhuru DİN-in idarə rəisi general Zakir Nəsirovun 2005-ci ildə həbs edilməsi idi. Zakir Nəsirov məşhur Hacı Məmmədov olayı ilə bağlı həbs edilib və hələ də dustaq həyatı yaşayır. Son bir ay isə Azərbaycanda ən çox sayda generalın həbs edildiyi dövr kimi tarixə düşdü desək, yanılmarıq. Eldar Mahmudovun MTN naziri vəzifəsindən çıxarılmasından bu gün düz bir ay keçir. Bu bir ayda 10-a yaxın general qandallanıb. Ümumi götürdükdə 1993-cü ildən indiyə qədər ölkəmizdə 20-dən yuxarı general rütbəsi daşıyan adamın dəmir barmaqlıqlar arxasına göndərildiyini araşdırmamız ortaya çıxarıb. Keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu mövzuda “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Elçibəy hakimiyyəti devrildikdən sonrakı 1995-ci ilin sonlarına qədər olan dövrdə həbs edilən generallarla, ondan sonrakı zamanlarda, xüsusən də son bir ayda həbsə atılan generallar arasında böyük fərqlər var: “Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonrakı dövrdə Elçibəy hakimiyyətinin təmsilçiləri sırasında generallar da həbs edildi və onların hamısı siyasi dustaq kimi dünya tərəfindən qəbul edildi. Həmin insanlar qanunları pozmamışdılar. Günahsız yerə həbsə atılmışdılar. Özü də həmin insanlar Azərbaycan qarşısında, onun müstəqilliyi uğrunda böyük işlər görmüşdülər. 1995-ci ildən sonra general həbslərinin yeni mərhələsi başlandı. Bu mərhələ başlanan dövrdən indiyə qədər həyata keçirilən general həbsləri fərqli hadisələrə görə həyata keçirilib. İndi həbs edilən generalların əksəriyyəti isə general olmağa layiq olmayan, bu ölkə üçün heç bir əziyyət çəkməyən adamlardırlar. Onlar ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan, cinayətə qurşanmış adamlardır. Ona görə də belə saxta generalların cəzalandırılması lazım idi. Biz hələ bir neçə il öncə Azərbaycanda insanlara, xüsusən iş adamlarına divan tutan çetenin olduğu barədə xəbərdarlığımızı etmişdik. Biz dəfələrlə bəyan etmişik ki, hər yetənə general rütbəsi verilməməlidir. Asanlıqla bu cür böyük rütbəyə yiyələnmiş adamlar harınlayacaqlar. Mən bir dəfə müsahibəmdə demişdim ki, bu ölkədə çevriliş olsa onu müxalifət yox, hakimiyyətin öz içində olan harınlamışlar edəcəklər”. İndiyədək Azərbaycanda 20-dən çox general həbs edilib İ.Həmidov onu da dedi ki, Azərbaycanda hələ çoxlu sayda general var ki, həbs edilməlidirlər və güman ki, həbs ediləcəklər. Keçmiş nazir general üçün həbsxanaya düşmənin hansı çətinliklər yaratdığından da danışdı. O vurğuladı ki, xalq hərəkatından çıxmış, çətinliklər, əziyyətlər görmüş generallar üçün həbsxana divarları arasında yaşamaq psixoloji baxımdan o qədər ağır deyildi: “Sovet tanklarının önündə çıxmış, dəfələrlə ölümlə üz-üzə gəlmiş, hər cür əziyyətlərdən çıxmış şəxslər daxilən hər şeyə hazır idilər. Belə adamlar üçün həbs edilmək faciə deyildi. Həbsxanada da onlara hörmətlə yanaşılır. İndi həbs edilən kabinet generalları, heç bir əziyyət görməyən, ancaq pul yığmaqla məşğul olan və harın həyat tərzi keçirən, insanlara işgəncə vermiş generallar üçün isə həbs çox çətin olacaq. Onlar çox ağır psixoloji, mənəvi sarsıntılar keçirəcəklər. Onlara türmədə məhkumların içində yaşamaq çox çətin olacaq. Onların dustaqlar arasında heç bir hörməti olmayacaq. Onların bəzilərinin vaxtı ilə şərləyib tutdurduqları adamlarla həbsxanada üz-üzə gəlmək ehtimalları da var. Həmin generallar, polkovniklər orada çox ciddi sorğuya çəkiləcəklər. Ona görə də həbsxana onlar üçün çox ağır keçəcək. Bizim həbsimizlə onların həbsini eyniləşdirmək mümkün deyil”. Geri qayıt |