Əsas Səhifə > Partiya, Güney Press > “Artıq bundan o tərəfi yoxdur, allahsızlıqdır”
“Artıq bundan o tərəfi yoxdur, allahsızlıqdır”24-11-2015, 09:34 |
Ekspertlərin bildirdiyinə görə, bu gün Azərbaycanda hər 3 nəfərdən birinin kredit borcu var. Bu səbəbdəndir ki, tez-tez kredit borcunu ödəyə bilməyənlər intihar yolunu seçir: bəzisi özünü yandırır, bəzisi çoxmərtəbəli binadan atılır, yaxud başqa yollara əl atırlar. Amma nəzərə almaq lazımdır ki, bütün bunlar çıxış yolu deyil. Elə dünən “Muğanbank”a ödəyəcək borcuna görə üstünə benzin tökərək özünə od vuran Malik Hüseynovun addımı kimi… Ana Vətən Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının hadisəyə münasibəti kəskin olub. dia-az.life xəbər verir ki, deputat Modern.az saytına açıqlamasında ölkədəki bank sektorunu zəli kimi xalqın qanını sormaqda günahlandırıb: “Bu gün Azərbaycan əhalisinin 2,5 milyona qədəri kredit borcu içərisindədir. Onların arasında 100 min manat və daha yuxarı məbləğdə borcu olanlar da var. Azərbaycanın bank sistemi xalqın qanını zəli kimi sormaqdadır. Bunun qarşısı alınmalıdır. 20 faizdən 50 faizə qədər kredit vermək deməzdim ki, təkcə allahsızlıqdır, artıq bundan o tərəfi yoxdur. Hamısına şamil edilməsə də, bankların bir çoxu varlanmaq, daha çox pul qazanmaq üçün həm sahibkarların, həm də yeni iş qurmaq, istehlak krediti götürüb övladının xeyir işini eləmək istəyənlərin sözün həqiqi mənasında qanını sormaqdadırlar”. Fəzail Ağamalı bildirib ki, hətta məsələ bir neçə dəfə parlamentdə də müzakirə edilib: “Bununla bağlı Milli Məclisdə fikir səslənib və müzakirələr aparılıb. Biz hətta belə bir təkliflə çıxış etdik ki, müxtəlif kommersiya bankları Mərkəzi Bankın tövsiyələrinə riayət etmirsə, qanunvericilik aktlarında dəyişikliklər edilsin. Yaxud Mərkəzi Bank sanksiyalar tətbiq etmək gücünə malik olsun ki, bu özbaşınalıqların qarşısı alınsın. Vaxtilə “Vahid Bank” vardı. Fırıldaq, aldatma yolu ilə insanlara zərbə vurdu. İndi də bəzi kommersiya bankları həmin tendensiyanı davam etdirir. Əhalinin pula olan ehtiyacını nəzərə alaraq bu cür təsəvvür olunmaz və qiymətləndirilməsinə söz tapmadığımız bir vəziyyətdə xalqa ziyan vurmaqdadırlar. Bunlara qarşı çox ciddi addımlar atılmalıdır. Bəlli olur ki, Azərbaycanda bir çox sahələrdə maliyyə nəzarətini ələ keçirən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun bandası, onun himayəsində olan banklar məhz daha çox kredit, faiz tətbiq etməklə varidat əldə ediblər, daha çox pul ələ keçirmək məqsədi güdüblər. Bu da araşdırılmalıdır. Bu cür banklar haqqında çox ciddi addımlar atılmalı, ölçü götürülməlidir”. Geri qayıt |