Əsas Səhifə > Partiya, Güney Press > “Demokratlar”ın terrorçu sevgisi
“Demokratlar”ın terrorçu sevgisi1-12-2015, 11:59 |
Ötən həftə Azərbaycan polisinin paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində həyata keçirdiyi əməliyyat bir sıra mətləblərin üstünü açdı. Məlum oldu ki, özünü “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri kimi təqdim edən Tale Bağırzadə ətrafına özü kimi adamları toplayaraq cinayətkar silahlı dəstə yaradıb. Din pərdəsinə bürünən bu cinayətkar, radikal ekstremist dəstə ölkədə ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdırıbmış. Bununla onlar dövlətin Konstitusiya quruluşunu zorla dəyişmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq istəyirlərmiş. 2005-ci ildə İranın məlum və məşhur Qum şəhərindəki Höccətiyyə Hövzəsində, 2010-cu ildə Qum kəşfiyyatının İraqdakı rezidenturası olan Nəcəf Elmiyyə Hövzəsində ruhani təhsil adı altında müxtəlif təlimatlar alan, dəfələrlə həbsxanada yatan T.Bağırzadə qarşısına qoyduğu məqsədə çatmaq üçün Azərbaycanın bölgələrindən topladığı tərəfdarlarını odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla da təchiz edibmiş. Əvvəlcədən qurulan planı reallaşdırmaq üçün Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirən T.Bağırzadə əhalini hakimiyyətə qarşı qaldırmağın yollarını da müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib, əhaliyə çağırış vərəqələri də paylayıbmış. Silahlı cinayətkar dəstə hətta hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də əvvəlcədən ölçüb-biçibmiş. Lakin hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı onların bu niyyətini gözlərində qoyub, ölkəni gözləyən təhlükənin qarşısı zamanında alınıb. Təbii ki, bu fakt ölkəsini, xalqını sevən, ictimai sabitliyin, inkişaf və tərəqqinin qədrini bilən istənilən azərbaycanlını məmnun etməli, qanun keşikçilərinin əməlinə bəraət qazandırmalıdır. Sevindirici haldır ki, ölkə vətəndaşlarının əksəriyyəti, o cümlədən ziyalılar, yaşından asılı olmayaraq müxtəlif peşə və ixtisas sahibləri bu məsələdə dövlətin, dövlətçiliyin yanında oldular. Hadisəyə birmənalı qiymət verdilər, hüquq-mühafizə orqanlarının fəaliyyətini dəstəklədilər. Amma radikal müxalifət lideri kimi Azərbaycan cəmiyyətində “ad” çıxaranlar, bu günə qədər ölkədə keçirilən bütün seçkilərdə biabırçı şəkildə məğlub olan siyasi qüvvələr Nardaran hadisələrindən də öz məqsədləri naminə yararlanmağa çalışdılar. Onlar həm bəyanat və çıxışlarında, həm də nəzarət etdikləri media qurumlarında 2 polisimizin şəhid olduğu hadisənin əsl gerçəkliyini təhrif edərək, bunu Nardaran camaatının iqtidara, hakim partiyaya qarşı etirazı kimi qələmə verdilər. Onlar polisə müqavimət göstərən cinayətkar dəstənin silahlı olmasına, avtomat silahlardan, tapançadan atəş açmasına, qumbara partlatmasına da əhəmiyyət vermədilər. Özünü dindar, inanclı kəsim hesab edən “dinc adamların” başının altına silah-sursat qoyub yatmasına da bilərəkdən diqqət yetirmədilər. Onlar üçün yeganə hədəf Azərbaycan, yeganə günahkar hakimiyyət və ölkədə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər oldu. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin inhisarında olan Milli Şura (MŞ) təmsilçiləri, o cümlədən bu qurumun sədri Cəmil Həsənli səs-səsə verərək, bu hadisədən Azərbaycanın nüfuzunu zədələmək üçün istifadə etdilər. Onlar bu davranışları ilə xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazır olduqlarını bir daha nümayiş etdirdilər. Bu qurum və onun başında duran anti-milli ünsürlər, eləcə də onların nəzarətində olam media vasitələri “Müsəlman Birliyi Hərəkatı” adlanan terrorçu təşkilatı müdafiə edərək, hətta bu təşkilatın üzvləri tərəfindən iki polisin qətlə yetirilməsinə bəraət qazandırmağa çalışdılar. Halbuki, hadisələrin gedişində Nardaran qəsəbə sakinlərinin də terrorçulara pis münasibətinin olmasını sübut edən faktlar var idi. Belə ki, silahlı insidentdən sonra yerli əhali ilə radikal qrupun təmsilçiləri arasında narazılıq yaranmışdı. Nardaran sakinləri əslən nardaranlı olmayan, İsmayıllı rayonunun Talıstan kəndindən olan Hacı Talehin qəsəbədə qalmasından, özünün radikal dəstəsi ilə burada toplaşmasından dəfələrlə narazılıq ediblər. Hətta bunu dəfələrlə ona evində sığınacaq verən və sayları cəmi bir neçə nəfər olan qəsəbə sakinlərinə də bildiriblər. Lakin bu barədə xəbərdarlıqlar nəticə verməyib. İndinin özündə də qəsəbə ağsaqqalları Nardaranda belə hadisələrin baş verməsinə qarşı çıxır, bu insidentin onlara lazım olmadığını bildirirlər. Ancaq bütün bunlara rəğmən, Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranmış vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən Milli Şura bundan öz anti-milli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə etməkdən və yararlanmaqdan çəkinməyib. Hadisələrin gedişində mediada “Müsəlman Birliyi Hərəkatı” ilə bağlı daha bir xəbər də yayıldı. Həmin xəbərdə qeyd olunurdu ki, Azərbaycanda və bütün dünyada yəhudilərə qarşı mübarizə aparılması, onların məhv edilməsi missiyası “Müsəlman Birliyi Hərəkatı”nin başlıca məqsədlərindən biri hesab olunub. Bu təşkilat bəzi xarici dini mərkəzlərlə sıx əlaqədə olub, xaricdəki terrorçu qruplarla təmas qurulması istiqamətində əməli tədbirlər həyata keçirməyə çalışıb. Hərəkatın məqsədləri, fəaliyyəti onun radikal ekstremist və terrorçu təşkilatlarla əlaqəsi bu qurumun İŞİD-in başqa bir forması olması barədə qənaət yaradıb. Belə olan halda “Müsəlman Birliyi Hərəkatı”nı dəstəkləyən MŞ Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə verib, terrorçularla həmrəy olduğunu açıq-aşkar nümayiş etdirib. Bu isə onu deməyə əsas verir ki, MŞ nəinki ən ciddi qınaq obyektinə çevrilməli, hətta onun terrora dəstək verən başçıları da məsuliyyətə cəlb olunmalıdırlar. kaspi.az Geri qayıt |