Əsas Səhifə > Partiya, Güney Press > "Nardarandakı insanların öz ideyalarından islah olunması çox vacibdir"

"Nardarandakı insanların öz ideyalarından islah olunması çox vacibdir"


2-12-2015, 09:46
"Nardarandakı insanların öz ideyalarından islah olunması çox vacibdir"
Qısa müddətə Nardaranda qanunlar bərpa olunacaq, dövlət orqanları burada öz səlahiyyətlərinin icrasına başlayacaq, ən əsası isə dini ayinlər artıq meydanlarda deyil, məhz allah evlərində keçiriləcək.

Bu sözləri Nardaran hadisələri ilə bağlı Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Deputat Nardaran hadisələri ilə bağlı yaranmış gərgin vəziyyətin stabilləşəcəyini bildirib:

“Prosesə dövlət rəhbərliyi tərəfindən çox ciddi nəzarət edilir. Bu, Nardaranın normal inkişafı üçün mühüm hökumət proqramlarının həyata keçirilməsinə yol açacaq. Nardaranda suveren Azərbaycan qanunları və hüquqi nizam prinsipləri ilə deyil, hansısa başqa ölkənin ideologiyası və yaxud orta əsr dövrünün şəriətqaydaları ilə hərəkət edən “səlahiyyətlilər” dünyəvi dövlət modeli qarşısında təslim olmağa məcburdurlar. Əsas məqsədləri xilafət adı altında qara bayraqları bu ölkənin hər yerində dalğalandırmaqdır. Dünyada qara bayraqlar ətrafında birləşən böyük başkəsənlər ordularının xilafət ideyalarının nə qədər böyük təhlükə olduğunu görməkdəyik. Nardarandan Yaxın Şərqə yollar açmaq istəyənlərin zərərsizləşdirilməsi hazırda Azərbaycanın təhlükəsizliyi üçün böyük önəm kəsb edir”.

Millət vəkili bildirib ki, Nardaranın Azərbaycanın idarəçiliyinə qaytarılması və bölgədə qanunların bərqərar olunması qarşıda duran əsas məsələlərdəndir:

“Artıq hakimiyyət orqanları prosesi cilovlamaq üçün nəinki Nardaran, eyni zamanda, Gəncə və digər ərazilərdə də cinayətkar yuvasına dəstək verməyə çalışan şəbəkəyə qarşı genişmiqyaslı tədbirlər həyata keçirir. Təhlükəsizliyin tam təmin olunması istiqamətində real silahlı qüvvələr və polis orqanlarından istifadə olunur. Bir sözlə, Nardaran Azərbaycanın idarəçiliyinə qaytarılmalı, bölgədə qanunlar bərqərar olunmalıdır. Oradakı insanların öz ideyalarından islah olunması çox vacibdir. Çünki milli etnik separatizmdən daha təhlükəlisi məhz hazırkı dünyada mövcud olan dini fanatizm və ekstremizmdir”.

Geri qayıt