Əsas Səhifə > Partiya, Güney Press > “Seçiciyə vədlər verib, onları yerinə yetirməmək zamanı geridə qalıb”
“Seçiciyə vədlər verib, onları yerinə yetirməmək zamanı geridə qalıb”5-12-2015, 11:06 |
V çağırış Milli Məclis artıq öz işinə başlayıb. Bu günə qədər parlamentin və komitələrin iclasları keçirilib, qanunverici orqanın və komitələrin sədrləri, həmçinin onların müavinləri seçilib, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təşəbbüsləri irəli sürülüb. Parlamentin yeni tərkibində iştirak edən millət vəkillərindən biri də 17 saylı Yasamal III Seçki Dairəsindən deputat seçilmiş Elşad Həsənovdur. Onunla görüşüb söhbətləşdik, seçki mübarizəsi, qalibiyyət sevinci, gələcək planları barədə “Kaspi” qəzeti üçün müsahibə aldıq. - Elşad müəllim, Siz ilk dəfədir ki, millət vəkili seçilmisiniz və artıq parlamentin iki iclasında iştirakçı olmusunuz. Deputat kimi hansı hissləri keçirirsiniz? - Müstəqil dövlətimizin ali qanunverici orqanının üzvü olmaq şübhəsiz ki, insanda ilk olaraq qürur hissi yaradır. Hansı vəzifədə, hansı səlahiyyətdə olmasına baxmayaraq, hər bir Azərbaycan vətəndaşının yeganə məqsədi müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətimizin gücünün artırılmasıdır. Bu baxımdan millət vəkili seçilməklə qürur hissi keçirdim ki, ali qanunverici orqanda deputat statusu ilə Azərbaycana xidmət edəcəm. Fikrimcə, indiyə qədər bu istiqamətdə göstərdiyim fəaliyyətimin genişləndirilməsi üçün yeni imkanlar yaranıb. - Təxminən iki-üç ay bundan əvvələ qayıtsaq, o zaman bu yola çıxarkən, yəni millət vəkilliyinə namizədliyinizi irəli sürərkən qalib gələcəyinizə əmin idinizmi? - Seçki kimi önəmli prosesə qoşulursansa, bütün imkanlarını götür-qoy etməlisən. Təbii ki, imkanlara nəzər salanda qalib olmaq şansın da özünə, sənə dəstək verən insanlara aydın olur. Mən bundan öncə 2 dəfə parlamentə keçirilən seçkilərin iştirakçısı olmuşam. Seçki marafonuna hər dəfə qoşulmağım qalib gələcəyimə inam hissi ilə bağlı olub. Bu dəfə isə artıq əminlik yaranmışdı. Çünki həm əvvəlki seçkilərdən böyük təcrübə qazanmışdıq, həm də ötən illərdə 17 saylı Yasamal III Seçki Dairəsində fasiləsiz iş aparmışdıq. Mənim bu ərazi ilə bağlılığım ancaq seçki dövrlərinə təsadüf etməyib. Ona görə də qələbəmizə mənə səs verən seçicilərim də əmin idi. - 17 saylı Yasamal III Seçki Dairəsindən Sizinlə bərabər daha bir neçə nəfər deputatlığa namizədliyini irəli sürmüşdü. Onları üstələmək, seçicilərinizin səsini toplamaq üçün həmin vaxt təbliğat-təşviqatınızı necə qururdunuz? - Qeyd etdiyim kimi, bu seçki dairəsi ilə təmaslarım ancaq seçkiqabağı təşviqat dövrü ilə məhdudlaşmayıb. Prosesə qoşularkən təşviqatla məşğul olan komandamız bəlli bir elektoratın artıq bir neçə ildir formalaşdığını müşahidə etdi. Amma bu reallıq bizi arxayınlaşdırmadı. Biz təbliğat dövründə qapı-qapı gəzərək minlərlə seçici ilə görüşdük, ərazidə kütləvi görüşlər keçirdik. Təbliğat-təşviqat kampaniyasını əsas etibarı ilə ərazidə qurduq. Nəyə görə ərazi məsələsini xüsusi qeyd edirəm? Çünki bəzi namizədlər elə bilirdilər ki, təbliğat ancaq sosial şəbəkələrdə və yaxud mediada olur. Düzdür, biz də sosial şəbəkələrdən, media resurslarından faydalandıq. Amma əsas işimiz dairənin hüdudlarında aparıldı. - Seçki dövründə Sizinlə eyni dairədən namizədliyini irəli sürənlər arasında özünüzə əsas güclü rəqib kimi daha çox kimi görürdünüz? - Rəqibin güclü və yaxud zəif kateqoriyalarına ayrılmasının tərəfdarı deyiləm. Əgər mübarizəyə qoşulmuşsansa, istənilən rəqibini tam ciddi qəbul etməlisən. Bizim uğurumuzun bir səbəbi də budur: rəqibləri hesaba almaq və sağlam mübarizə aparmaq. - Qeyd etdiniz ki, seçicilərlə görüşlər keçirmişsiniz. Çox maraqlıdır seçiciləriniz qarşısında çıxış edərkən, onlara hansı vədlər verirdiniz, hansı problemlərin həllinə nail olacağınızı söyləyirdiniz? Ümumiyyətlə, həmin vaxt, elə bu gün də seçiciləriniz hansı məsələləri qaldırır, nədən şikayət edirlər sizə? - Mən görüşlərimdə seçicilərə vəd verməyəcəyimi dedim. Artıq seçiciyə vədlər verib, sonra onları yerinə yetirməmək zamanı geridə qalıb. Mən seçicilərimlə bir yerdə olacağımı, problemləri birgə aradan qaldırmağa çalışacağımı açıqlamışdım. Onların qaldırdıqları əsas məsələlər isə Yasamal ərazisindəki problemlər idi. Bilirsiniz ki, rayonda indi bütün diqqət “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işlərinin üzərindədir. O zaman da, elə indi də müraciətlərin bir qismi bu məsələ ilə bağlıdır. Hər bir müraciəti diqqətlə dinləyir, dövlətimizin yaratdığı imkanlar çərçivəsində həlli üçün köməklik göstərməyə çalışıram. Ümumilikdə vətəndaşlar bütün fəaliyyətimizlə cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək olmağa çağırırlar. Bu fikirlər indi də daxil olan müraciətlərdə əksini tapır. - Bəs, bütövlükdə seçki prosesini necə qiymətləndirirsiniz? - Seçki prosesi ədalətli, şəffaf və qanunların tələb etdiyi şəraitdə keçdi. Daha güclü olan, seçicidə inam yarada bilən namizədlər qələbə qazandı. Seçicilərin iradəsinin əksi üçün bütün şərait yaradılmışdı. - Gələcək 5 il üçün planlarınız nədən ibarətdir? - 5 il ərzində fəaliyyətimlə mənə etimad göstərən insanların inamını doğrultmağa çalışacağam. Onların öz seçimlərində yanılmadıqlarını təsdiqləməyi bacaracağıma inanıram. Şübhəsiz ki, millət vəkilinin əsas vəzifəsi qanunvericiliyin təkmilləşdirilməsi işinə öz töhfəsini verməkdir. Bir hüquqşünas kimi bu istiqamətdə dövlətimiz və xalqımız üçün faydalı olacağıma əminəm. - Bəzi qərb dairələri, eləcə də Azərbaycandakı radikal müxalifət seçkinin nəticələrinə kölgə salmağa cəhd edir, bu məqsədlə müxtəlif bəyanatlar verirdilər. Seçkinin sona çatmasından bir aydan artıq vaxt keçməsinə rəğmən, sözügedən dairələr köhnə fikirlərini ara-sıra təkrarlamaqdan əl çəkmirlər. Sizin buna münasibətiniz necədir? - Seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə edib. Bunu biz yox, prosesi izləyən on minlərlə beynəlxalq və yerli müşahidəçi deyir. Onların yekun fikri budur ki, seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə edib. Təəssüf ki, Azərbaycanın demokratiya yolunda atdığı hər bir uğurlu addımı bəzi dairələrdə əks reaksiya doğurur. Həmin dairələr dövlətimizin nailiyyətlərinə sevinə bilmirlər, çünki güclü Azərbaycan onların maraqlarına uyğun gəlmir. Azərbaycan demokratiyaya sadiqdir və atılan hər bir addım, hər bir seçki prosesi bunu növbəti dəfə təsdiqləyir. Ona görə də bəzi xarici dairələrin Azərbaycan əleyhinə bu istiqamətdə qarayaxma kampaniyası aparmasının heç bir əhəmiyyəti yoxdur. Geri qayıt |