Əsas Səhifə > Partiya, Güney Press > "Sovet dövründə Qafqaz Müsəlmanları İdarəsi Rusiyanın bir idarəsi idi"
"Sovet dövründə Qafqaz Müsəlmanları İdarəsi Rusiyanın bir idarəsi idi"8-12-2015, 09:43 |
ADP sədri Sərdar Cəlal oğlu Azərbaycanda dinlə bağlı ortaya çıxan problemlərin günahkarı kimi Qafqaz Müsəlmanları İdarəsini sayır. S.Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında deyib ki, Qafqaz Müsəlmanları İdarəsi dinlə bağlı ölkədə normal iş apara bilmir: “Necə olur ki, Allahşükür Paşazadənin idarəsi Azərbaycanda normal dini təbliğat həyata keçirə bilmir, amma kimlərsə gəlir Azərbaycanın bir kəndində dini təbliğat aparır və hakimiyyətə qarşı silahlı dəstə hazırlamaq qədər təbliğat, iş aparır? Azərbaycan televiziyalarında dinlə bağlı məsələlərin açıq elmi müzakirəsi keçirilmir. Bunu Qafqaz Müsəlmanları İdarəsi etmirsə, bu qurum nəyə lazımdır?! Ona görə də hər kəs məscidlərdə Quranı öz bildiyi kimi yanlış təbliğ edir və vətəndaşlar da buna inanır. Çox adam var ki, Qurandan bir kəlmə oxumayıb, amma kənar adamların dedikləri əsasında elə zənn edir ki, həmin fikirlər Qurandadır. Mən həmin adamlara deyəndə ki, Quranda belə şey yoxdur, məəttəl qalır. Azərbaycanda həm dini təbliğat düzgün qurulmayıb, həm dinin təşkil olunması düzgün deyil, həm də dinə məsul olan şəxslər öz vəzifələrini yerinə yetirməyiblər. Camaat kənar ölkələrdən gəlib burada təriqət yaradır, bizim din xadimlərimizin bir çoxu isə soğan, kartof, xalça alveri ilə məşğuldur. Birdəfəlik məsələ qoyulmalıdır ki, kim bizneslə məşğuldur, getsin biznesinə, dinlə məşğul olan isə həqiqətən dinlə məşğul olsun. Azərbaycanda bu gün elə bir böyük ictimai nüfuzu olan din alimi yoxdur ki, çıxsın xalqa Quranın konkret hökmlərini izah eləsin, xalq da məhz onu dinləsin”. ADP sədri vurğuladı ki, qeyd olunan vəziyyətin yaranmasında Qafqaz Müsəlmanları İdarəsi əsas məsuliyyət daşıyır: “Sovet dövründə Qafqaz Müsəlmanları İdarəsi Rusiyanın bir idarəsi idi. Əslində İslamda belə bir idarə üsulu yoxdur. Ateizmi təbliğ etmiş bir dövlətin yaratdığı idarə nəyə lazımdır indi?! Qafqaz Müsəlmanları adlı idarə şəriətə, İslama uyğun olmayan bir qurumdur. İndi də hökumətin əlinə işləyir deyə onu saxlayırlar. Bu qurum vətəndaşların dini baxışlarının düzgün istiqamətləndirilməsində heç bir rol oynaya bilmir. Odur ki, Qafqaz Müsəlmanları İdarəsi buraxılmalıdır. Ölkədə dini məsələləri yalnız bir dövlət qurumu-Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirməlidir. Bu qurum nazirlik statusundadır. Qafqaz Müsəlmanları İdarəsi buraxılmalıdır, onun bir sıra işçiləri Dini Komitədə müvafiq şöbələrdə işə götürülməlidir. Din sahəsində çox ciddi islahatlara ehtiyac var. Allahşükür Paşazadənin idarəsi nəyə lazımdır? Şeyxin statusunun İslam dininə heç bir aidiyyəti yoxdur”. Geri qayıt |