Əsas Səhifə > Partiya, Güney Press > “Heydər Əliyevin ömrü yaşadığı illərlə ölçülmür”

“Heydər Əliyevin ömrü yaşadığı illərlə ölçülmür”


12-12-2015, 10:01
“Heydər Əliyevin ömrü yaşadığı illərlə ölçülmür”
“Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir”.

Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir:

“Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir. Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə, ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər.

Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də, məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır”.

S. Novruzov bildirib ki, Heydər Əliyevin siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub:

“Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, parlaq zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Məmnunluq və qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Belə ki, son 12 ildə Ulu öndərin siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev qısa müddətdə xalqın layiqli rəhbəri və lideri olduğunu əməli işi ilə sübuta yetirmiş, hər bir azərbaycanlının Prezidenti olmuşdur.

Cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə edilmiş böyük nailiyyətlər Azərbaycan xalqının öz seçimində dəfələrlə haqlı olduğunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktoru odur ki, Ulu öndərin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən lider var”.

Geri qayıt