Əsas Səhifə > Partiya, Güney Press > "Biz Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişik"
"Biz Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişik"15-12-2015, 09:53 |
Müsavat Partiyasının 2014-cü ilin sentyabrında keçirilən qurultayından sonra qurum daxilindəki narazıların Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) adlı təşkilat yaratmasından təxminən bir il keçsə də fəaliyyətində hansısa sıçrayış, aktivlik nəzərə çarpmır. Bir çoxlarında belə rəy var ki, ADR-in sədri Qubad İbadoğlunun aylar öncə ABŞ-a getməsi və hələ də vətənə dönməməsi qurumun fəaliyyətini genişləndirməsinə, aktivləşməsinə mənfi təsir göstərir. Yayda Q.İbadoğlunun ölkəyə qayıdacağı deyilsə də, üstündən aylar keçməsinə baxmayaraq, hərəkat rəhbərinin gəlişi yubanır. Bu da qurumun fəaliyyətinə təsirini göstərir. ADR hərəkatının sədr müavini Ellada Məmmədli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ADR işlərini özünün nizamnaməsi və fəaliyyət proqramı əsasında qurub. Qubad İbadoğlunun ölkədə olmaması isə qurumun işinə qətiyyən mane olmur: “Mütəmadi olaraq onunla sosial şəbəkədə görüşür, tapşırıq və rəylərini dinləyirik. Sədrin tapşırıqları ADR İdarə Heyəti tərəfindən müzakirə olunaraq icra olunur. Hazırda ADR Hərəkatı özünün təşkilatlanma dövrünü yaşayır. Bu işdə də ADR sədrinin çox çevik və mobil komandası fəaliyyət göstərir. Düzdür, ADR-in qeydiyyata alınması ilə bağlı bəzi texniki problemlər yaranıb. O məsələnin də həlli Qubad bəyə bağladır. Çox yaxın vaxtlarda qeydiyyat məsələsi də həllini tapacaq”. “ADR-in üzvləri Müsavatla bağlı məhkəməyə müraciət edib. Bəziləri sizlərin partiyanın bağlanmasına və qeydiyyatının ləğvinə çalışdığınızı iddia edir. Belədirmi” sualına Ellada Məmmədli belə cavab verdi: “Biz Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişik. Əslində məqsədimiz partiyanın VIII qurultayının nəticələrinin-yəni başqan, şəhər - rayon sədrləri olmayan (sərbəst) Məclis üzvləri və MNTK üzvlərinin qeyri-legitim olduqlarını isbat edən faktlarla bağlı məhkəməyə müraciət etmişik. Bildiyiniz kimi, Müsavat Partiyasının VIII qurultayı bir gün keçirilmiş və orada yalnız başqan seçkisi elan olunmuşdur və bu prosedurun özünün də kifayət qədər nizamnamə qüsuru nəticəsində həll olunduğu, digər iki qurumun sərbəst Məclis üzvləri və MNTK üzvlərinin nəticələri qurultay səlahiyyətli olsa da qurultayda təsdiq olunmamışdır və yuxarıda qeyd etdiyim qurumlar sonrakı ikinci Məclisdə Arif Hacılı tərəfindən təsdiq edilmiş və həmin prosedurun özü də nizamnaməyə zidd olaraq həyata keçirilmişdi. Nəticədə yeni başqanın rəhbərliyi ilə təşkil olunmuş qurumlar saxtalıqlarla yanaşı, partiyanın bütün fədakar fəal üzvlərini nizamnaməyə zidd olaraq partiyadan xaric etmiş və ya yersiz nizamnamə cəzası verib. Bizlər o vaxt partiyada müsavatçıların hüquqlarının müdafiə komissiyasını yaratdıq. Həmin komissiyanın üzvləri Arif Hacılının göstərişi ilə partiyadan əsassız olaraq xaric edildilər. Arif Hacılının 1 illik rəhbərliyi dövründə yüzlərlə nizamnamə pozuntusuna yol verilmiş, partiyanın adına ləkə gətirilmişdir. Biz, müsavatçıların hüquqlarını qoruyan komissiya üzvləri Müsavat Partiyasını qorumaq naminə, nizamnaməyə istinad edərək VIII qurultayın yenidən keçirilməsi məqsədilə məhkəməyə müraciət etmişik. Partiyada qurultayın yenidən keçirilməsi minlərlə fədakar müsavatçının fikridir. Biz partiyanın qeydiyyatının ləğvinə yox, VIII qurultay adından Ədliyyə Nazirliyinə təqdim olunmuş saxta protokolun ləğvinə iddialıyıq". E.Məmmədli onu da dedi ki, bu istəklərini reallaşdırmaq üçün kifayət qədər faktlara və faktları ortaya çıxaran dəlillərə, video və foto materiallara malikdirlər: “Bunları da məhkəməyə təqdim etmişik. Məhkəməyə ADR üzvləri olaraq yox, müsavatçıların hüquqlarının müdafiəsi komissiyasının üzvləri olaraq müraciət etmişik. Çünki aramızda Müsavatın üzvü olanlar da var”.(musavat.com) Geri qayıt |